Nüşabə Ələsgərli: “Ziyarətə getdiyim üçün artıq mənə fala baxdırmaq olmaz”VİDEO
30-04-2018, 12:08
“Yeni Müsavat”ın budəfəki müsahibi Əməkdar artist, müğənni Nüşabə Ələsgərli oldu. Müğənni ilə çalışdığı Mədəniyyət və İncəsənət Universitetində, tələbələrinə vokal dərsi keçən zaman görüşüb, söhbətləşdik:
- Maşallah, sizi bu dəfə daha yaxşı gördük...
- Bayaq özüm-özümə deyirdim ki, qocalmışam, arıqlamışam, qırışlarım çoxalıb (gülümsəyir-müəl.), amma yaxınlarım deyir ki, əksinə, gözəlləşmişəm.
- Bu yaxınlarda elmi dərəcə də aldız. Bu münasibət ilə sizi təbrik edirik.
- Çox sağ olun. 2016-cı ildə müdafiəm oldu. Bu il isə təsdiqləndi və fəlsəfə üzrə elmlər doktoru oldum.
- Bəs şou-biznesdə işləriniz necə gedir?
- Sözün düzü, çox adam deyir ki, “şou-biznesdə deyiləm”. Demək olar ki, elə mən də yoxam. Çox zaman maqazin proqramlarına qatılmır, iştirak etmirəm. Çünki artıq universitetə, müəllimliyə daha çox bağlanmışam. Bəlkə də yaş öz işini görüb. Həm daha ciddi musiqiyə üstünlük verməyə çalışıram.
- Son bir ildə mətbuatda adınız tez-tez qalmaqalla hallanır.
- Doğru deyirsiz. Hərçənd ki, mən bu cür qalmaqalları sevmirəm. Amma bəzən görürük ki, xəbər saytları dediklərindən elə söz tapıb başlığa qoyurlar ki, adam əsəbləşir. Həmin xəbərlərin də altından xoşagəlməz şərhlər yazılır. Mən emosional adamam, bu cür şeylərə fikir verməyə başlayıram. Ona görə də mənim sağım-solum qoymur ki, sosial şəbəkədən istifadə edim. Özləri idarə edirlər, şərhləri də oxumağa qoymurlar.
- Toylara gedirsiz?
- Gedirəm.
- Bəzi müğənnilər deyir ki, “toylara 20 min manata gedirəm”. Doğrudan da, bu qiymətə toy idarə edən müğənnilərimiz varmı və yaxud varsa, çoxdurmu?
- Əlbəttə ki, o cür müğənnilər də, toylar da var. Lakin istəyirsən ki, el şənliklərinə daha tez-tez gedəsən. Ona görə ayda bir dəfə 15-20 minə getməkdənsə, ayda 4 dəfə 7 minə getmək daha sərfəlidir.
- Xaricdən dəvətlər alırsızmı? Məsələn, Rusiyadan, Türkiyədən...
- Bəli. Amma Türkiyədən yox. Bu günə qədər Türkiyədə iki dəfə toyda olmuşam.
- Niyə, dəvət olmur, yoxsa özünüz getmək istəmirsiz?
- Yox, Türkiyədə azərbaycanlıların toy məclisləri az-az olur, Rusiyada isə daha çoxdur.
- Bu günlərdə gənc müğənni Üzeyir Mehdizadənin Türkiyədə necə böyük coşğu ilə qarşılandığını gördük...
- Sözün düzü, Xalidə xanım, mənim sizə böyük hörmətim var, amma Üzeyir haqda sualı sizdən gözləməzdim.
- Amma bu bir faktdır ki, Azərbaycanda birmənalı qarşılanmayan Üzeyir kimi müğənnilər Türkiyədə, Rusiyada, Özbəkistanda böyük populyarlıq qazana bilir. Sizcə, səbəb nədir? Artıq insanların musiqi zövqü aşağı səviyyəyə düşüb, yoxsa başqa səbəb var?
- Həmişədən ziyalı, savadlı az olub, savadsızlar çox olub. Dünya əhalisinin 7-dən biri savadlıdır. Yəni savadsızlar çoxluq təşkil edir axı.
- Maraqlıdır ki, kütlə son vaxtlarda daha çox o cür müğənnilərin arxasınca gedir.
“Flora Kərimova dedi ki, ya məni, ya da onu sevməlisən”
- Kütlə əgər onların arxasınca gedirsə, deməli, savadsız kütlədir, zövqləri püxtələşməyib... Sizcə, türklər Üzeyiri dinləyirsə, deməli onların musiqisi etalondur? Mən heç onların musiqisini etalon hesab etmirəm. Onların o qədər bayağı musiqiləri var ki. Şəxsən bizim kafedramızda türk musiqisinə icazə verilmir. Çünki istəyirik ki, imtahanlarda daha çətin musiqilər, o cümlədən Azərbaycan klassik musiqisi, Avropa, dünya bəstəkarlarının əsərləri oxunsun. Amma bir məsələni də qeyd edim ki, “türk sanat musiqisi” çox çətin və çox gözəldir. Mən o musiqini çox sevirəm. Qaldı ki, digər musiqilərinə, bəli, ola bilər ki, əhval-ruhiyyəm yaxşı olar və plyajda, diskotekada, karaokelərdə o musiqiləri də dinləyim, yəni, yeri gələndə. Çünki səhərdən axşamadək ciddi musiqiyə qulaq assaq, adam dəli ola bilər. Beləliklə, ciddi musiqinin öz yeri, bayağı, yüngül, cazın, muğamın da öz yeri var... Hazırda Türkiyədəki konservatoriyalarda bizim müəllimlərimiz çalışır. Çünki bizim musiqi məktəbimiz daha güclüdür. Sadəcə, sərhədlər açıqlıqdan sonra Türkiyə, İran musiqiləri musiqimizə, oxumağımıza, həm də dilimizə, hətta xəbərlərimizə də təsir etməyə başladı. Məsələn, bizim Azərbaycan televiziyamızda heç vaxt bəd xəbər olmazdı. İndi isə bəd, ağlaşma xəbəri vermək üçün yarışma gedir. Xəbər verilir ki, “Peruda uçqun olub, bir kənd uçqunun altında qalıb”. Bəli, çox üzücü, bəd xəbərdir. Amma mən nə edə bilərəm, o insanlara nə köməkliyim dəyər? Əlbəttə ki, heç bir köməkliyim dəymir. Bəs belə olan halda mənim beynimə o informasiyanı niyə yükləyirlər? Mənim qanım qaralır, əhvalım korlanır. Türkiyə kanallarını da sevmirəm. Səhər tezdən “can aldı” kimi başlıqlı və yaxud biabırçı məişət, kriminal, iyrənc xəbərlər yayımlanır. Bütün bunlar mənim nəyimə lazımdır axı? Amma məsələn, Belçikada olduğum zaman iki qatar toqquşdu, xeyli insan yaralandı və yaxud öldü. Bu haqda bizə məlumat çatdı, lakin bir xəbərlərində belə bildirmədilər ki, bu cür hadisə baş verib. Yəni, əgər qatar toqquşubsa, hadisə araşdırılacaq, təqsirkarlar cəzalandırılacaq və sairə. İndi bu xəbəri xalqa verməklə nə qazanacaqdılar ki? Avropada səhər tezdən xəbərləri açanda yalnız hava proqnozu, iqtisadi məlumatlar, yaxşı xəbərlər verirlər. Yoxsa bizdə ki, “kimsə öldü”, “kimsə yandı”, “birinci sinif şagirdini zorladılar” və sairə. Neynirəm mən bu xəbərləri, istəmirəm. Yaşlılar bundan xəstəlik tapır, şəkərə tutulur, təzyiqi qalxır. Seriallara, ağlamalı verilişlərə baxırlar, bir də görürüsən ki, artıq beyinləri xarab olub, dərman atırlar. Bütün bunlar kimə lazımdır? Ona görə də bəzən ictimaiyyətdə görürük ki, insanlar çox aqressivləşib. Bunları da hamısını həmin pis xəbərlər edir. Özümüz də bilmədən bizi şüuraltı zəhərləyirlər. Qoy məişət problemləri ilə aidiyyəti orqanlar, idarələr məşğul olsun. Ona görə də mən yalnız dövlət və Mədəniyyət kanalımıza baxıram. Zeynəb Xanlarova həmişə bir mahnı oxuyurdu: “Şad xəbərlər gəzdirən dil nə gözəldir, insanı qocaltmayan il nə gözəldir... ” (zümzümə edir).
- İndiki tələbələrin, gənclərin təhsil səviyyəsi necədir?
- Əgər bizim universitetin tələbələrindən söhbət gedirsə, şəxsən məni qane edir. Çünki bizim onlardan tələbimiz günü-gündən çoxalır, daha yaxşılığa doğru gedirik.
- Bəs gənclər daha çox hansı üsluba maraq göstərir?
- Gənclərin marağı fərqlidir. Bəziləri cazı çox sevir. Lakin caz sevənlərin sayı nədənsə azdır. Ən çox isə pop üslubunda olan xarici musiqiyə maraq var. Tələbə də var ki, rus estradasını sevir.
- Bəs son vaxtlarda kütlənin marağı hansı mahnılaradır?
- Qarışıqdır.
- Siz də kütlənin zövqünə uyğun ifalar edirsiz?
- Yer var ki, kütlənin istədiyi, yer də var ki, öz istədiklərimi oxuyuram və çox yaxşı da qarşılanır. Olur ki, kimsə ciddi deyil, yüngül mahnı dinləmək istəyir. Qoy olsun, hər kəsin bir zövqü var, istəmir Elza İbrahimovanı, istəyir Elza Seyidcahanın mahnısını. Kimsə kimisə dinləyirsə, onu qınamaq olmaz. Bu asılıdır insanın aldığı təhsildən, ətrafından, gördüyü işdən və sairə.
- Bəs siz özünüz indi hansı sənətkarları dinləyirsiz?
- Çoxdur. Bu gün Flora Kərimovanın, İlhamə Quliyevanın, Yalçın Rzazadənin mahnılarını sevə-sevə dinləyirəm.
- Flora xanımın adını çəkdiz. Yəqin ki, məlumatınız var, yenicə Əməkdar artist adını almış Röya Ayxan xalq artistimiz, korifey sənətkarımız olan Flora xanımı çox ağır şəkildə təhqir etdi. Ümumiyyətlə, korifey sənətkarın gənc müğənni tərəfindən bu cür aşağılanaraq təhqir olunmasını necə dəyərləndirirsiz?
“Özümüz də bilmədən bizi şüuraltı zəhərləyirlər”
- Ümumiyyətlə, bütün mənalarda pisdir. Bu məsələni mən kənardan izləyirəm, lakin onların münasibətlərinə, münaqişələrinə reaksiya bildirmək istəmirəm... Bir dəfə Flora xanıma dedim ki, “niyə İlhamə xanımla barışmırsız, mən ikinizi də çox sevirəm”. Mənə dedi ki, “sən düz etmirsən, ya onu, ya da məni sevməlisən”. Mən dinləyici kimi hər iki sənətkarı dinləməyi çox sevirəm. Bu məsələdə də indi mən necə qarışa bilərəm? Amma bir daha qeyd edirəm, təhqir pisdir. Xüsusən də özündən yaşda, başda, sənətdə böyüyə sözünü başqa cür demək olardı. Şəxsən məndə də olur ki, öz emosiyalarıma qatılıb, təhqirə keçə bilirəm. Amma hesab edirəm ki, bu pis hərəkətdir. Bu cür davranmaq olmaz.
- Sənətçilərin əksəriyyətinin fala inandığını, falçıya getdiyinin şahidi oluruq. Bəs siz necə, fala inanırsız?
- (gülümsəyir) Belə deyim var, “fala inanma, faldan da qalma”. İndi yox, amma 3-4 ilə qədər haradasa inanmışam. Doğrudur, arada falçılardan sözün düzünü deyən də olub. Amma indi mənə olmaz. Bu yaxınlarda Məkkəyə ziyarətə getdim. Ziyarətdən sonra bu mənə qətiyyən olmaz.
- Bu günlərdə yenidən “şəhərli-kəndli” qovğası gündəmə gəldi. Özünüz bu məsələ ilə qarşılaşmısız?
- Bəli, mən hələ uşaq ikən Şəkidən Bakıya gəlirdik. Heç yadımdan çıxmaz, babamla idim. Ayaqqabım da palçıqlı idi. Avtobusda bir qadın ikrahla dedi ki, “bu nədir, palçıqla avtobusa niyə minirsiz?” Neyləyək ki, rayonda, kənddə palçıq olur. Amma indi düşünürəm ki, o vaxt ayaqqıbımda əgər palçıq var idisə, gərək onu yuyub, sonra uşağa geyindirib, avtobusa mindirmək lazım idi. Babam da müəllim olduğu üçün heç bir cavab vermədi. Yəni bu halda qadının da haqqı var. Söhbət kəndlidən, yaxud şəhərlidən getmir, söhbət səliqə-səhmandan, özünə baxmaqdan, təmizlikdən, gigiyenik qaydalara əməl etməkdən gedir. Bilirsiz ki, şəhərli də avtobusun oturacağını cırıb, dağıda bilir, kəndli də. Burada söhbət ümumi qaydadan gedir. Əgər ayaqqabın palçıqlıdırsa, çalış onu təmizlə. Kimsə bunu etmirsə, kəndin, yaxud şəhərin günahı yoxdur. Elə şəhərli də görmüşük ki, gözünü şəhərdə açıb, böyüyüb, amma tumu çırtlayıb maşınının pəncərəsindən atır.
- Yəni bu məsələ ailə, şəxsi tərbiyədən irəli gəlir...
- Bəli. Bu məsələ ailədə, məktəbdə, hər yerdə deməlidir. Sonra da ki, Bakı əhalisinin əksəriyyəti rayonda doğulan insanlardır. Yəni əksəriyyəti əslən rayonlulardır..."
Müsahibəmizin sonunda Əməkdar artist Nüşabə Ələsgərli əməkdaşımız Xalidə Gərayın müşayiəti ilə ekspromt ifa da edib. Maraqlı ifanı aşağlda izləyə bilərsiniz.