“Pul yemək lazım idi, ona görə yolu sökdülər” - Deputatdan İTTİHAM
29-06-2018, 15:44
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda təmirə görə yaranmış tıxacdan danışıb.
Femida.az-ın Modern.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, minlərlə insan tıxacdan əziyyət çəkir, alternativ yollar da yoxdur.
“İstanbulda avtobus yolları ayrıdır. Bizdə isə marşrut avtobusları başqa avtomobillərlə eyni yolu gedirlər”-deyə deputat bildirib.
O qeyd edib ki, Bakıda metro stansiyalarının sayı çoxalmalıdır.
“Metro xətləri çəkilməlidir. Belə olmasa, Bakıda bir ildən sonra fəlakət yaşanacaq”.
Deputat Fəzail Ağamalı da yol tikintisi ilə bağlı yaranmış problemlərdən danışıb. O, dolayısı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib.
“3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, onun özü də həmin istiqamətdəki Sulutəpə qəsəbəsində yaşayır.
“Mən özüm də o yolu gedib-gəlirəm, tıxacdan mən də əziyyət çəkirəm. Amma yol genişləndirilməlidir. Yolun genişləndirilməsi üçünsə yolkənarı evlər sökülməlidir. Bu istiqamətdə işlər gedir”.