Gürcüstan 10 il öncə ərazi bütövlüyünü bərpa etsəydi...

10-08-2018, 08:41           
Gürcüstan 10 il öncə ərazi bütövlüyünü bərpa etsəydi...
Gürcüstanda “5 günlük müharibə”dən 10 il keçdi. Beynəlxalq aləm Rusiyanın işğalçı hərəkatını birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya prezidenti 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi.

Ekspertlərə görə, ozamankı Gürcüstan prezidenti Mixail Saakaşvili hakimiyyətinin qərbmeylli siyasəti, Rusiyanın maraqlarına cavab verməyən enerji layihələrində aktiv rol alması kimi səbəblər iki dövlət arasında münasibətləri daha da gərginləşdirdi. Gürcüstanın NATO-ya tam hüquqlu üzv olmaq istəyi və bu istiqamətdə atılan cəsarətli addımlar da hadisəyə səbəb olan amillər sırasında görülür. Həmin ərəfədə Azərbaycan xarici siyasətində uğurlu manevr edərək, Rusiyanın qəzəbindən kənarda qalıb Qərblə enerji tərəfdaşlığına davam etməyi bacardı.

Lakin bütün bunlara rəğmən, analitiklər hesab edirlər ki, müharibə Gürcüstan ərazisində baş versə də, bunun fəsadları bütün bölgəyə aid olub. “Yeni Müsavat”a danışan politoloq Tofiq Abbasov bildirdi ki, bu cür bölgələrdə dondurulmuş münaqişələr varsa, bunun əvvəli və səbəbləri barədə danışmaq lazımdır: “Bu münaqişələrin yaranmasında bilavasitə iştirak edən tərəflər deyil, paralel qüvvələr də rol oynayır. Onların da marağında idi ki, bölgədə müharibə baş versin, sabitlik pozulsun. Çünki bəzi qüvvələr üçün bu mübarizələr və onların yaratdığı dəhşətlər, asılı vəziyyətlər lazımlıdır. Yəni onlar baş verənlərdən yararlanmağa, öz maraqlarını həyata keçirməyə çalışırlar. Bundan əlavə, əksər hallarda onlar bu və ya digər tərəfə öz köməklərini də təklif edirlər. Təbii ki, bu cür köməklər təmənnasız deyil. İstər-istəməz silah satışıdır, siyasi dəstəyin özüdür. Bunların əsasında böyük maliyyə dalğaları durur ki, dəstək təklif edən tərəflər məhz bu cür nüanslardan yararlanır. Ona görə də düşünürəm ki, rəsmi Tiflis səhv etdi. Çünki həmin əməliyyatın özündə də böyük romantizm var idi. Saakaşvili düşünürdü ki, ona dəstək olacaqlar.


Bu, çox qeyri-ciddi bir məsələ idi. Çünki bəlli olan budur ki, müharibə başlayırsa, bir çoxları kənardan baxır. Onlar fikir verirlər ki, hansı tərəfdən daha çox faydalana bilərlər. Bu baxımdan hesab edirəm ki, Saakaşvilinin qərarı çox çiy idi. Baş verən hadisələr də göstərdi ki, bu adam, ümumiyyətlə, bütün prosesin əvvəlindən axırına qədər özlüyündə aydın tərzdə düşünməyib. Ümid ondan ibarət idi ki, başlayandan sonra Qərbin dəstəyini alacaq. Lakin bəlli oldu ki, Qərb bundan başqa kontekstdə istifadə edir. Rusiyanı tənqid edib, onun postsovet məkanından sıxışdırılması üçün yeni imkanlar qazanır. Gürcüstan gərək bu yolla getməyəydi. Məsələ ondadır ki, region da bundan fayda əldə etmədi, əksinə, çox böyük zərərlər çəkdi. Yenə kommunikasiyalar bağlıdır və Rusiya ilə Gürcüstan arasında İsveçrə şirkətləri vasitəçi rolu oynayırlar ki, onlar daşınmanı bərpa etsinlər. Ermənistan da burada öz mənfi rolunu oynayır. Onun rolu bundan ibarətdir ki, Gürcüstanın başına ”papaq" keçirməklə oradan Abxaziya və Cənubi Osetiyanın ərazisindən iki kommunikasiya xətti çəksin. Bununla da Rusiyaya doğru iki avtomagistral açsın. Hesab edirəm ki, Gürcüstan öz vəziyyətini daha ağır hala gətirdi. Həm ərazilərini, həm də insan resursunu, böyük texnikalarını itirdi. Düşünülməmiş plan acı nəticələrini verməli idi".


Politoloq Əhəd Məmmədli hesab edir ki, Gürcüstan öz ərazi bütövlüyünü qazansaydı, bu, region üçün faydalı olardı: “Azərbaycan, Moldova üçün yenidən öz ərazi bütövlüklərinə qovuşma presidenti yaranardı. Rusiyanın da siyasi-hərbi imicinə ciddi zərbə dəyərdi. Saakaşvili buna risk etsə də, istəyinə nail ola bilmədi. O zaman Rusiya prezidenti Medvedyev olsa da, ölkənin riçaqları baş nazir Putinin əlində idi. Putin də buna imkan vermədi. Nəticədə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini elan etdi. Hətta Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi məsələsi qaldırıldı. Hazırda Gürcüstan NATO-ya üzv olmaq istəyir. Bu baxımdan Rusiya Cənubi Osetiya ilə bərabər Abxaziyanı da özlərinə birləşdirmək qərarına gələ bilərlər. Düşünürəm ki, abxazlar Cənubi Osetiya camaatından fərqli olaraq bunu etirazla qarşılayarlar. Bir problem odur ki, Abxaziyada ermənilər də çoxdur. Bu da problemlər yarada bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.