Qulu Məhərrəmli KİVDF-nin son islahatını sərt tənqid etdi

2-02-2019, 13:17           
Qulu Məhərrəmli KİVDF-nin son islahatını sərt tənqid etdi
Qulu Məhərrəmli KİVDF-nin son islahatını sərt tənqid etdi

Tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli son günlər mətbuatla bağlı aparılan islahatlara münasibət bildirib.



Ekspert özünün "facebook" hesabında bir sıra qəzetlərin nəşrinin dayandırılmasını kədərli hadisə adlandırıb və ümumilikdə baş verən hadisələri sərt tənqid edib:



"Mətbuat sahəsindəki növbəti “islahat” zibilliyə atılmış gərəksiz pencəyin düymələrini bərkitməyə bənzəyir. Müstəqil və tənqidi qəzetlərin dəfn edildiyi məkanda müəyyən özəlliyi olan “Bizim yol”, “Şərq”, “Hürriyyət”, Türküstan”, Reytinq” kimi qəzetlərin də sıradan çıxarılması, tam mənasızlıq rəmzi olan “Səs”lərin önə keçirilməsi kədərli hadisədir.



Əlbəttə, qəzetlərə pul verilməməsinin “yazılı mətbuat dövrünün sona çatması” iddiası ilə heç bir əlaqəsi yoxdur. Səbəb, çoxlarının düşündüyü kimi, maliyyə qıtlığı məsələsi də deyildir. Dövlətin bu iş üçün kifayət qədər pulu var və KİVDF-nin büdcəsində də heç bir dəyişiklik olmayıb. (Mən bu qurumun yararsızlığını, onun medianın mahiyyətini hələ də başa düşməyib qəzetlərə rəngli çıxmaq tələbi qoymasından danışmıram). İndiki addımların əsas məqsədi onsuz da nəzarət altında olan mediada monopoliyanı daha da dərinləşdirmək, dövlət büdcəsindən “daha səmərəli” istifadə edərək “öz” qəzet və saytlarını gücləndirməkdir. Ona görə də bir azdan bəzi seçmə saytlara maliyyə ayrılması heç kimi təəccübləndirməməlidir. Yəni mənasız qəzetlərə ayrılan pullar indi informasiya mühiti yarada bilməyən, uzaqbaşı manipulyasiya ilə internet məkanını daha da zibilləyən əhəmiyyətsiz saytlara veriləcəkdir. Heyf... itirən Azərbaycan mətbuatı, bir də bu mətbuatdakı bəzi istedadlı qələm sahibləridir".
Demokrat.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.