Paşinyandan müəmmalı Qarabağ siyasəti: Düşmən savaşa hazırlaşır? - GƏLİŞMƏ
4-10-2019, 09:21

İşğalçı Ermənistanın siyasi və hərbi rəhbərliyinin bəyanatları Azərbaycan üçün müharibədən başqa yol qoymur.
Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm bəyanatından sonra müharibə variantı öz aktuallığını bir daha ortaya qoyub. Bu bəyanata bir çox dünya siyasiləri münasibət bildirərək Paşinyanın fikirlərini tənqid edib.
Qeyd edək ki, ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Paşinyanın Qarabağı Ermənistanın “tərkib hissəsi” elan edən bəyanatını tənqid etmiş, bu bəyanatın danışıqlar prosesini tamamilə heçə endirdiyini demişdi. Türkiyənin vitse-prezidenti Fuad Oqtay da Paşinyanın sözügedən bəyanatına sərt reaksiya vermişdi:
“Ermənistanın Baş naziri Paşinyanın bəyanatlarını təəccüblə qarşıladıq. Bu cür populist çıxışların danışıqlara heç bir xeyir verməyəcəyi bəllidir”.
Bu günlərdə isə Ermənistan ehtiyatda olan hərbçləri hərbi təlimlərə cəlb edib və strateji təlimlər keçirib. Paşinyan ehtiyatda olan hərbçilər üçün keçirilən strateji təlimlərdə çıxış edərək, cəmi 24 saat ərzində Ermənistanda mövcud Silahlı Qüvvələrə bərabər olan başqa bir ordunun meydana gəldiyini deyib: "Bugünlərdə Ermənistanda respublikamızın tarixində misli görünməmiş hərbi təlimlər keçirilir. Onların praktiki məqsədi təkcə Silahlı Qüvvələrimizi deyil, cəmiyyətimizin ümumi döyüş hazırlığını qiymətləndirməkdir. Onların nəticə etibarilə daha qənaətbəxş etdiyini deyə bilərik".
Maraqlıdır, səfərbər etdiyi və təlim keçdiyi ordu Paşinyanın nəyinə lazımdır? Məqsəd nədir- müharibəyə hazırlıq, savaş imitasiyası, yoxsa daxilə hesablanmış qərar?
Hərbi-siyasi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sadalananların hər biri mümkündür:
“Paşinyan, həqiqətən də, görülən işlərə formal yanaşmır. Baş nazirin yanaşması ən azından ona hesablanıb ki, Ermənistanın Rusiya ilə münasibətləri korlanarsa, həm daxildə, həm də Dağlıq Qarabağ məsələsində istənilən hadisə baş verə bilər. Ona görə də Ermənistan hazırlaşır. Biz Paşinyana nə qədər avantürist, nə qədər qeyri-ciddi yanaşsaq da, bu adamın məqsədi, məramı aydındır.
Paşinyan İrəvanda Putinlə görüşdü və müəyyən zəmanətlər aldı. Zəmanət isə ondan ibarətdir ki, Ermənistan özünü yaxşı aparacağı təqdirdə, Rusiya onlara dəstək olacaq. Qarşıda hələ çətin günlər var. Dövlət sərhədində və işğal olunmuş ərazilərdə hərbçilərimiz son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Düşmən dövlət də olsa, hesab edirəm ki, Ermənistan ehtiyatda olan hərbçiləri təlimə cəlb etməklə çox ağıllı siyasət həyata keçirib. Ərazini yaxşı tanıyan ehtiyatda olan hərbi qulluqçuları təlimlərə cəlb edib. Amma çox təəssüflər olsun ki, adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olan qurum bizdə uzun illərdir yaranmasına baxmayaraq, hələ də bu məsələni həyata keçirmir. Yəni ehtiyatda olan və o cümlədən icra strukturunda olan şəxsləri mütəmadi olaraq təlimlərə cəlb etməlidirlər.
Onlar həm müəyyən hazırlıq, həm də ehtiyatda olan müddətdə bilik və bacarıqlara, müəyyən vərdişlərə yiyələnməli, ən azından, yeni silahların, texnologiyaların istifadə qaydalarını bilməlidirlər. Bu gün ehtiyatda olan zabitlər bəzən çətinlik çəkirik. Amma xüsusən də cəbhə bölgələrindəki icra başçıları, icra strukturları mütləq mənada bu məsələlərə cəlb olunmalıdır, onlarla hazırlıq keçirilməlidir. Ermənistan düşmən dövlətdir və indi biz onunla bağlı danışırıq, amma unutmamalıyıq ki, bizim də xeyli görüləsi işlərimiz var. Bu işlərə isə qətiyyən formal yanaşmaq olmaz”.