Milli Məclis rəhbərliyindən əfv anonsu
19-12-2015, 09:23

Parlamentdə dəniz sahilinin hasarlanması məsələsi qalmaqala səbəb oldu; deputatlar ABŞ Konqresinə təklif edilən layihəyə də etiraz bildirdilər
Dekabrın 18-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Sahib Alıyev ABŞ Konqresində Helsinki komissiyasının sədri Kris Smitin hazırladığı layihə haqqında danışdı.
S.Alıyev dedi ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq təkcə bu iki ölkənin maraqlarına xidmət etmir, hətta regionda təhlükəsizliyin təmin olunmasında rol oynayır: “Amma bəzi ermənipərəst konqresmenlər zaman-zaman bu əməkdaşlığa xələl gətirən addımlar atır”. S.Alıyev Dağlıq Qarabağ separatçılarının ABŞ Konqresində yüksək səviyyədə qəbul olunduğunu, “Dağlıq Qarabağın təcavüzə məruz qalması barədə bəyanatlar” verildiyini söylədi.
O.Əsədov da bu məsələ ilə bağlı fikirlərini səsləndirdi: “Yarım saat qabaq mənə məlumat verdilər ki, Erməni Milli Komitəsinin (ANCA) sədri Aram Hamparyan tvitter səhifəsində Smitlə şəklini qoyub. Qeyd edib ki, Smit onun işini dəstəkləmək üçün Amerika Konqresində görüşlər keçirib. Çox təəssüflər ki, bunun qanun layihəsini bizim bəzi jurnalistlər şok hadisə kimi təqdim edirlər. Nə şok? Onlar o qədər şok deyəcəklər ki, onlar özləri şoka düşəcəklər. Təsəvvür edin ki, bizdə bir komissiya layihə hazırlayır. Bunu şişirtmək düzgün deyil”.
Spiker mediaya da müraciət etdi: “Xahiş edirəm jurnalistlər ABŞ səfirliyinə müraciət etsinlər. Səfirlik jurnalistlərə açıqlama versin, qoy desin, bu, Amerika hökumətinin, Departamentin mövqeyidir, yoxsa erməni təsiri altında olan bir konqresmenin? Qoy səfir mövqeyini bildirsin bu konqresmenin sözlərinə”.
Bununla belə, O.Əsədov narahatlıq üçün əsas olmadığını bildirdi: “ABŞ Konqresində Azərbaycanın dostları, ədalətli deputatlar da var. Mən əminəm ki, bu qanun layihəsi keçməyəcək. Burda xüsusi məqsədlər var. Əvvəla, Azərbaycan prezidenti hər il 31 dekabrda əfv fərmanı imzalayır, ilin sonunda da növbəti əfv gözlənilir. Burda məqsəd odur ki, əfv imzalananda desinlər, ”biz təsir etdik, əfv verildi". İkinci məqsəd də münasibətlər gərginləşsin, biz də üzə düşək, əfv verməyək, o halda Azərbaycana təzyiqləri artırsınlar. Biz bu məsələlərə çox böyük diqqət verməliyik".
Komitə sədri Səməd Seyidov isə “cənab Smit bu qanun layihəsini təqdim edərək böyük bir provokasiyanın əsasını qoyub” söylədi. S.Seyidov dedi ki, Konqresə indiyədək 4 min belə sənəd təqdim olunub, ancaq cəmi 130-u qəbul olunub. Odur ki, bu sənədin qəbul edilməsi mümkün deyil.
Fəzail Ağamalı ABŞ Konqresinə etirazını bildirdi: “Düşündürücü odur ki, AŞ PA-nın baş katibi və ABŞ Konqresi fərqli məkandan Azərbaycana qarşı eyni vaxtda hücumlara start veriblər. Mən əminəm ki, bütün bunların arxasında erməni diasporunun təsiri altında olan Con Kerrinin dirijor çubuğu dayanır”.
Deputat Fazil Mustafa komitə sədri Səməd Seyidova istinad etdi: “Səməd müəllim kifayət qədər aydınlıq gətirdi və son nöqtəni qoydu ki, bu, ABŞ Konqresinin münasibəti deyil.Ona görə də indiki mürəkkəb xarici situasiyanın yarandığı məqamda sərt mövqedən çıxış etməyimiz doğru olmazdı”.
Deputat Qüdrət Həsənquliyev ABŞ-ın təhdidlərinin arxasında xüsusi məqsədlərin dayandığını vurğuladı: “Bu günlərdə xoş niyyət nümayiş etdirilib, Leyla və Arif Yunuslar azad olunub, əfv fərmanı gözlənilir. Bu prosesin qarşısını almaq, bizə qarşı təzyiqləri artırmaq istəyirlər. Digər tərəfdən biz həmişə olduğu kimi, yenə də qardaş Türkiyənin yanında olduğumuzu bəyan etmişik. Belə bir məqamda ABŞ-dan gələn təhdid həm NATO-ya, həm ABŞ-ın müttəfiqlərinə xəyanətdir, həm də erməni yarınmaqdan başqa bir şey deyil. Bunlar bilirlər ki, əfv olacaq və ona mane olmaq istəyirlər. Əfv olunmayacaqsa da, bizə təzyiqi artırmaq fürsəti əldə edəcəklər. Mən çox istərdim ki, Azərbaycan prezidenti növbəti dəfə humanizm nümayiş etdirsin, əfv imzalasın, baxaq, görək sonra hansı bəhanələr axtarırlar”.
Zahid Oruc ABŞ-ın Azərbaycana qarşı uzun illər 907-ci düzəlişlə təhdid altında saxladığını da xatırlatdı: “Mən kimisə qorxutmağın və ya baş altına yastıq qoymağın əleyhinəyəm. Amma biz işləməliyik. Sadəcə, ziyafətlər üzərindən deyil. ABŞ-da Azərbaycanın dostları var. Qoy onlar da Ermənistana qarşı bir qanun layihəsi hazırlasın. Biz Amerika ilə işləməliyik”.
Elmira Axundova dedi ki, Azərbaycanda əvvəllər də əfv fərmanı imzalanırdı, onda da məhbuslar var idi, ancaq belə ajiotaj olmurdu: “Bu gün biz güclüyük deyə, təzyiqləri də artırırlar. Bu dəfə çox maraqlı əfv siyahısı hazırlanır. Bir az da səbir edək, hadisələri qabaqlamayaq”.
Sonra digər məsələlərin müzakirəsi başladı. Milli Məclisdəki hərbi qulluqçuların dəfn mərasimlərinin təşkilini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat Səyavuş Novruzov dedi ki, əsgər, gizir və çavuşların dəfn qaydası ümumi olmalıdır: “Biz bir yeni qanun layihəsi hazırlayırıq, onu parlamentə təqdim edəcəyik. Orda göstərilir ki, insanlar eyni qaydada dəfn olunmalıdır, məzarların ölçüsü də eyni olmalıdır. Ancaq bu, bizim hərbçilərimizə aid edilmir”.
Deputat Aqil Abbas təklif verdi: “Türkiyədə belə bir adət var, şəhid əsgərin harda dəfn olunmasından asılı olmayaraq şəhid məzarlarının üzərinə bayraq qoyulur, hamı bilir ki, həmin məzarlıqda şəhid dəfn olunub. Bəlkə biz də dəfn olunan şəhidin məzarının üzərinə bayrağımızı asaq. Bu da bir ehtiramdır, hörmətdir”.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov “maraqlı təklifdir, gələcəkdə ona da baxmaq olar, niyə də olmasın. Biz hələlik qanunu qəbul edək, sonra dəyişikliklər kontekstində ona da baxmaq olar”dedi.
Torpaq Məcəlləsində dəyişikliklərin edilməsi məsələsinin müzakirəsi zamanı deputat Fazil Mustafa dənizin hasarlanmasından danışaraq bildirdi ki, artıq neçə illərdir ayrı-ayrı şəxslər dənizi hasarlayıb: “Yayda da iş adamları çimərliklərdə dənizə girişi məhdudlaşdırır. Çox sayda adamlar dənizi hasarlayıblar, tikinti işləri aparıb, böyük vəsait xərcləyiblər, praktik cəhətdən qanunun icrası çətin olacaq. Məsələyə artıq prinsipial yanaşmaq lazımdır. Layihədə hündürlükdən bəhs olunur. İndi necə olacaq, 4 metrlik hasarlar 2 metrə endiriləcəkmi? Qaradağdan gələndə baxırıq ki, hasarlardan dəniz görünmür, Pirşağı tərəfdə də belədir. Nəhayət ki, bu məsələlərin qarşısı alınmalıdır”.
Elmira Axundova dedi ki, hasarların birdəfəlik sökülməsi üçün müəyyən vaxt lazımdır: “Sahilboyu daş hasarlar tikilib, onlar artıq şəxsi mülkiyyətdir. Bu qanun onlara da şamil olunacaqmı? Xeyr. Deməli, ancaq bundan sonra tikilən sahilboyu hasarlara şamil olunacaq. Xəzər dənizinin əhəmiyyətli hissəsi artıq hasara alınıb. Deməli, bu qanunun vəziyyəti dəyişmək üçün elə bir əhəmiyyəti olmayacaq. Bilirəm, qanunun geriyə icrası yoxdur, amma icra hakimiyyəti bununla bağlı nəsə düşünməlidir”.
Fuad Muradov qeyd etdi ki, əgər vaxtilə həmin hasarların və evlərin tikilməsi zamanı nöqsanlar olubsa, müvafiq qurumlar bunu araşdıra bilər: “Sizi əmin edirəm ki, bir çox hallarda həmin hasarların tikilməsi zamanı nöqsanlara yol verilib. Bu, çox ciddi məsələdir. Bu vəziyyət gənclərimizin istirahətinə çox böyük təsir göstərir. Şərait yaradılmalıdır ki, insanlar dənizdən istifadə etsin”. F.Muradov avtomobillərin dəniz kənarında saxlanmasını isə məhdudlaşdırmağa çağırdı: “Başqa heç bir ölkədə belə vəziyyət yoxdur. Bizdə isə yayda nəqliyyat vasitələrini düz dənizin sahilində saxlayırlar”.
Komitə sədri Eldar İbrahimov deputatların iradlarını və təkliflərini əsəbi şəkildə qarşıladı və dedi ki, qanunun mahiyyəti bir kənarda qalıb, ayrı məsələlərdən danışılır.
Bundan sonra müzakirələrin dayandırılması təklifləri səsləndi. Fəzail Ağamalı təkidlə söz aldı: “İcazə verin sözümüzü deyək. Burda çox ciddi məsələlərə toxunulur. Bunun üstünü niyə malalayırıq? Dəniz başdan-ayağa hasarlanıb, biz yayda ailə-uşağımızla gedib istirahət edə bilmirik”.
Z.Əsgərov isə “söhbət malalamaqdan getmir, bəli, belə problem var, insanları narahat edir, amma bu qanunun predmetinə aid deyil” deyə, reaksiya verdi.
F.Ağamalı əvəzində “Ziyafət müəllim, sizə çox böyük hörmətim var, amma çox xahiş edirəm, bir-birimizə təmkinli yanaşaq” dedi. O bildirdi ki, ictimai maraqları nəzərə almaqla bu məsələyə xüsusi yanaşmaq olar: “Ona görə də mən təklif edirəm ki, Milli Məclis rəhbərliyi də insanların narahatlığını anlayışla qarşılasın və bununla bağlı tədbirlər görsün”.
Zahid Oruc iclası yekunlaşdırmaq istəyənlərə təpki göstərdi: “Ay yoldaşlar, cəmi 15 gün öncə ilk iclasımızı keçirmişik. Hara tələsirsiniz? Rica edirəm, siz də bizə hörmət edin! Kürəyimizin arxasından bizə nə qədər təzyiq edirsiniz? Bu nə yanaşmadır, bu, nə deməkdir? Hər dəfə eyni vəziyyət yaranır. Kim eşitmək istəmirsə, buyursun getsin. Heç kim burda dövlət əleyhinə fikir söyləmir. Hasar bütövlükdə ölkəni bürüyüb. Qaradağın daşını ölkəboyu daşımışıq. Bu hasarları Ermənistanla aramızda çəksəydik, Çin səddi yaranardı. Mən istərdim ki, biz təkcə dənizin ətrafında yox, həm də öz evimizin ətrafındakı hasarlara baxaq. Bəlkə bir qərar, sərəncam olsun, bu daş hasarlardan xilas olaq. Özümüzü qonşumuzdan qoruyuruq. 150 metrlik qadağanı qoymuşduq, işləmədi. Mahnılardan başqa dənizə nə həsr etmişik ki? Heç həyatını itirən neftçinin də bir abidəsi yoxdur ki, gedib qarşısında gül qoyaq, deyək əllərinizə qurban olaq”.
İclasda torpaqların qanunsuz zəbt olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi məsələsi də müzakirəyə çıxarıldı. Komitə sədri Əli Hüseynli layihəni təqdim edərkən dedi ki, yeni qaydalara əsasən cərimə sanksiyaları indiki ilə müqayisədə yüz dəfələrlə artılıb. Belə ki, bundan sonra qanunsuz torpaq zəbtinə görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat cərimə olunacaq. Bu hal təkrar törədildikdə cərimə sanksiyaları 50 min manata qədərə artırılır.
Deputat Çingiz Qənizadə dedi ki, qanundan kənar tikililər aparılıbsa, bu gün qəbul olunan qanun həmin tikililərə də tətbiq ediləcək: “Dənizin görünüşünü məhdudlaşdıran və qanunsuz aparılan tikililərin hamısına bugünkü qanun şamil olunmalıdır və olunacaq”. Ç.Qənizadə əvvəlki cərimələrin miqdarının olduqca az olduğunu da vurğuladı: “Elə 15-20 manatlıq cərimələrə görədir ki, dəniz sahilində bu qədər hasarlama işləri aparılıb və qanunsuzluqlar edilib. Biri piyada zolağını keçmədiyi üçün 20 manat cərimə olunur. Ancaq digəri dənizin qırağında hasar çəkir, 15 manat cərimələnir”.
Spiker Oqtay Əsədov dedi ki, dənizin sahilindəki tikililərin 90 faizi icarəyə verilib, orda özəlləşdirilmiş obyek yoxdur.
Komitə sədri Eldar İbrahimov zərərli tərkibli tütün və tütün məmulatları, həmçinin üzümçülük və pambıq məhsullarının idxalına qadağanı və sanksiyaları özündə ehtiva edən əlavə və dəyişiklikləri də təqdim etdi, dəyişikliklər təsdiqləndi.
Eldar İbrahimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini də parlamentə təqdim etdi və ilk oxunuşda müzakirələr aparıldı.