Paşinyanın “cəhənnəm” anonsu - erməni baş nazir oyun oynayır, yoxsa...

9-06-2020, 08:15           
Paşinyanın “cəhənnəm” anonsu - erməni baş nazir oyun oynayır, yoxsa...
Ermənistan rəhbərliyi koronavirus pandemiyası ilə mübarizədə aciz olduğunu bəyan etsə də, Azərbaycan ərazilərində “at oynadır”; politoloq: “Paşinyan artistlik edir...”
Ermənistanda koronaviruslu xəstələrin sayı sürətlə artır. Ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzindən bildirilib ki, Ermənistanda virusa yoluxanların sayı 13325-ə, pandemiyadan ölənlərin sayı 211-ə çatıb.

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə koronavirus xəstələrinin sayının 100 mini ötə biləcəyi barədə xəbərdarlıq edib. O, infeksiya ilə bağlı çox ağır vəziyyətin yarandığını bildirib: “Biz kritik nöqtəyə çatmışıq və artıq cəhənnəmdə addımlayırıq. Hazırda Ermənistanda hospitalizasiya növbəsi gözləyən 200 xəstə var. Səhiyyə sistemi o qədər yüklənib ki, xəstələri xəstəxanalara yerləşdirməyi çatdıra bilmir. Tibbi xidmətin gecikməsi üzündən ölüm halları var. İki xəstə ümumi şöbədə vəfat edib, çünki onları yerləşdirməyə reanimasiyada yer yox idi” (Publika.az).

Hökumətin online keçirilən brifinqində çıxış edən baş nazir qeyd edib ki, ölkədə total özünütəcridin iqtisadi nəticələri ağır olacaq deyə gedə bilmirlər. Sərt karantin tədbirlərinə isə əhali əməl etmir.

Yeri gəlmişkən, erməni mediası N.Paşinyanın özünün və ailə üzvlərinin koronavirus səbəbindən karantinə götürüldüyünü də xəbər vermişdi. Ancaq bəzi müşahidəçilər Ermənistan hakimiyyətinin koronavirusdan da mənfəət əldə etməyə çalışdığını, bu səbəbdən statistikanı bilərəkdən şişirtdiklərini deyirlər. Adətən ağır vəziyyətdə olduqlarını bəyan edən ermənilər ah-vay salmaqla xaricdən yardım, ianə toplamağa adət ediblər. Bugünlərdə Ermənistanın Ümumdünya Valyuta Fondundan 300 milyon dollardan artıq kredit götürmək istədiyi barədə də xəbərlər yayıldı. Eyni zamanda Çindən tutmuş, Gürcüstana qədər bir sıra ölkələrdən İrəvana koronavirusdan xilas üçün yardımlar göndərilib. Ancaq bu da var ki, Ermənistanın cəhənnəmə doğru addımladığını bəyan edən N.Paşinyanın ölkəsi Azərbaycan ərazilərinin işğalından nəinki əl çəkmir, üstəlik, işğal bölgəsində qanunsuz hərəkətlərini davam etdirir. Elə bu sətirləri yazarkən Ermənistan silahlı birləşmələrinin Ağdamda növbəti təlimlərə başladığı barədə xəbər yayıldı. Məlumata görə, ermənilər nəzarət etdiyi Azərbaycan torpaqlarında ağır artilleriya qurğularından istifadə etməklə hərbi təlimlər keçirib.

Belə olan təqdirdə ortaya suallar çıxır, Paşinyan xaricdən daha çox yardım almaq üçün artistlik edir, yoxsa Ermənistanda durum gerçəkdən ağırdır? Əgər durum ağırdırsa, onda Zəngilandan Qarabağa 3-cü yolun çəkilməsi, hərbi təlimlər, Bakıya meydan oxumaq nədir? Hər halda, bütün bunlar böyük maliyyə tələb edir, Ermənistan isə qapalı, təcrid olunmuş ölkə, iqtisadiyyat çökmüş vəziyyətdə. Üstəlik də virusun əlində çarəsiz qalıb.

Qafar Çaxmaqlı Vahe Avetyan ölkəyə buraxılmalıydı – KAFKASSAM ...

Qafar Çaxmaqlı

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistana iqtisadi potensialı ölkəni saxlayacaq gücdə olan ölkə kimi baxmaq doğru deyil və dünya da bu ölkəyə bu şəkildə baxmır: “Ermənistan iqtisadi cəhətdən tükənmiş və perspektivsiz dövlətlər sırasındadır. Amma belə bir reytinq göstəricisi olan ölkə o demək deyil ki, hərbi cəhətdən də geridədir. Ermənistanın silahlandırılması və Azərbaycanla balanslaşdırmada Rusiyanın tədbirlər görməsi heç kəsə sirr deyil və bizim pulla aldığımız silahları Rusiya Ermənistana pulsuz verir”.

Q.Çaxmaqlı qeyd etdi ki, iqtisadi cəhətdən zəif olan bir ölkənin işğal ərazilərində adam məskunlaşdırması, buradan yollar çəkilməsi və digər işlər də Ermənistan iqtisadiyyatının gəlirləri hesabına deyil: “Dünyada zəngin olan erməni iş adamları və erməni fondları bu işləri görməkdədirlər və o da Ermənistanın ayağına yazılır”.

Virus və Paşinyan məsələsinə gəlincə, politoloq bu fikirdədir ki, Paşinyan artistlik edir: “Özünün bu virusa tutulması da yalandır. Ermənilərdə belə manevrlər həmişə olub”. Q.Çaxmaqlı bu mövzuda maraqlı, ermənilərin iç üzünü açan bir faktı xatırlatdı: “Hələ 19-cu əsrdə erməni katolikosu Avropaya gedib, orada erməni xalqına yardımlarda bulunacaqmış. Avropa dillərindən heç birini bilməyən katolikosdan soruşublar ki, bəs siz orada hansı dildə danışacaqsınız? Deyib ki, ermənicə. Soruşublar ki, axı, onlar bizim dili bilmirlər, nə anlayacaqlar? Katolikos qayıdıb ki: ”Ağlayacam, onlar məni anlayacaqlar". İndi bu Paşinyan da sələflərinin yolu ilə gedir".

Razi Nurullayev bütün siyasi proseslərdə aktiv rol alır ...

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistanda koronavirus həqiqətən geniş yayılıb: “Baş nazir Nikol Paşinyan artıq vəziyyəti cəhənnəm adlandırır. Əlbəttə ki, müəyyən şişirtmələrin olması istisna deyil. Bu, beynəlxalq təşkilatlardan və digər ölkələrdən yardımın ayrılmasına hesablanır. Çünki ÜST və Qərb ölkələri pandemiyanın ağır olduğu ölkələrə maliyyə yardımı ayırır. İşğalçı ölkə rəhbərliyi bu pandemiyadan maliyyə yardımı almaq üçün vəziyyəti daha da dramatikləşdirir, hətta özü və ailəsinin koronaya yoluxduğunu vurğulayır. Qeyd edim ki, həqiqətən də bu ölkədə iqtisadi vəziyyət ağırdır. Sərhədlərin bağlanması, iqtisadi blokada ümumi iqtisadi sferada ciddi problemlərə yol açır”.

M.Əsədullazadə də hesab edir ki, bu problemlərin olduğu bir vaxtda Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə hərbi təlimləri və Qarabağa yeni yolun salınması işğalçı ölkəyə ayrılan vəsait hesabına reallaşır: “Bundan əlavə, erməni lobbisinin ayırdığı vəsait məhz yol tikintisi və hərbi təlimlərin keçirilməsinə ayrılır. Nəticədə ölkədə iqtisadi kollapsa gətirib çıxarır. Qeyd edim ki, Ermənistanın hərbi təlimləri ciddi xarakter daşımır. Sadəcə, bir neçə texnika çıxarıb atəş açmaqla şou göstərirlər”.

Politoloq hesab edir ki, indiki vəziyyətdə Paşinyanın müharibə etmək üçün nə siyasi iradəsi, nə də ordunun gücü var: “Sadəcə, müharibə adı ilə daxildə sosial narazılıqları önləməyə çalışır. Ümumiyyətlə, müharibə etmək hazırda Paşinyanın səlahiyyətlərindən xaricdir. İlk növbədə bu ölkə Rusiyanın forpostudur və bilir ki, o, geniş təxribatlara gedərsə, Azərbaycan əks həmlə ilə Ermənistan ordusunu məğlubiyyətə uğradacaq və Rusiya ona dəstək verməyəcək. Nəticədə devriləcək. Hesab edirəm ki, Ermənistanın baş nazirinin əsas qayğısı öz hakimiyyətini qorumaqdır və bu istiqamətdə çalışır. Ona qarşı hazırda yeni siyasi cəbhə formalaşır. Bunun başında keçmiş DTK sədri Artur Vanetsyan durur. Bu şəxsə Moskva ”stavka" edir. Ona görə də indiki situasiyada Paşinyanın müharibəyə getməsi onun üçün siyasi intihardır. Qeyd edim ki, Ermənistanın müharibəyə başlaması bizim maraqlarımıza uyğundur. Çünki bu, Azərbaycana imkan verəcək ki, ərazilərini geri alsın. Amma Ermənistan bu məsələdə sərbəst olmadığı üçün hazırkı proseslər Paşinyanın siyasi gedişləridir".

Torpaqlarımızı düşməndən təmizləməyə hər an hazır olan Azərbaycan Ordusu da gücünü artırmaqdadır. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər. Bir sıra ekspertlər Ermənistanın bu durumda da azğınlaşmısını “Rus NATO”suna güvənməsi ilə əlaqələndirirlər.

“KTMT-nin bu məsələyə müdaxilə etməsinin mümkünlüyü ilə bağlı səslənən mülahizələri yersiz fikirlər hesab edirəm”.

Bu sözləri politoloq, XİN-in keçmiş rəhbəri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında son vaxtlar təkcə Qarabağ istiqamətində deyil, Azərbaycan-Ermənistan sərhədində də ermənilərin təxribata əl atmasının səbəbinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə müdaxiləsinə zəmin yaratmaq istəyi olması haqda fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələyə heç kim, xüsusilə də KTMT üzvləri qarışmayacaq. Çünki onlar dəfələrlə bu məsələyə müdaxilə etməyəcəklərini bəyan ediblər: “Hazırda hərbi əməliyyatların bərpası ehtimalı isə çox yüksəkdir. Bunun səbəbləri çoxdur. Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir. Əslində bu təxribatlar Azərbaycanın ictimai rəyinə yönəlib. Şuşadakı şou və s. kimi addımlar bu qəbildən olan təxribatlardır. Hesab edirəm ki, indiki situasiyada hərbi əməliyyatların bərpası çox real görünür”.

Bu arada Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni Mikael Minasyan, Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı məğlub Qarabağ siyasəti yürütməkdə ittiham edərək yeni sensasion açıqlamalar verib (Virtualaz.org). M.Minasyan açıq şəkildə bildirib ki, Paşinyanın hakimiyyəti dövründə “Azərbaycan prezidenti İlham Əliyev danışıqlarda strateji və taktiki üstünlüyə nail olub, hansı ki, Ermənistan bədəlini artıq ödəyib... Bütün bunların həzm edilməsi prosesi Nikol Paşinyanın Ermənistanda hakimiyyətdən getdiyi gündən başlayacaq”.

Yeni erməni müxalifətinin ideoloqlarından olan sabiq səfir Paşinyanı həm də fəal döyüşlərin yenidən başlanacağından qorxaraq, Azərbaycan qoşunlarının Naxçıvandan Ermənistana doğru irəliləməsinə şüurlu şəkildə yol verməkdə ittiham edib. M.Minasyan Azərbaycan qoşunlarının 2018-ci ilin yazındakı qalib irəliləyişini xatırladıb: “Məhz bu, azərbaycanlılara erməni kəndlərinə yaxınlaşaraq 5 kilometrlik məsafəni 750-1500 metrədək azaltmaq imkanı yaratdı. Çünki onlar Ermənistan silahlı qüvvələrinin nəzarətində olan bu hissəni ələ keçirmək, erməni kəndlərini, ən əsası da İrəvandan Gorusa qədər olan strateji yolu atəş altında saxlamaq istəyirdilər”.

Ermənistanın müxalifət liderlərindən biri həmçinin təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev artıq nəzarət altına alınan nöqtələri yeni mühəndis-istehkam qurğuları və tam təchizat üçün infrastruktur yaradaraq möhkəmləndirməyə başlayıb. “Əminliklə deyə bilərəm ki, Ermənistan ordusunun nəzarətindən çıxmış 2000 hektardan çox ərazini itirilmiş hesab edə bilərik”, - deyə Ermənistanın keçmiş prezidentinin kürəkəni vurğulayıb.

Elşad Paşasoy,
Yeni Müsavat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru