Rusiyadan qonşularına qarşı böyük təhlükə - Putin “dincəlmir”

26-06-2020, 18:46           
Rusiyadan qonşularına qarşı böyük təhlükə - Putin “dincəlmir”
“Rusiyada keçirilən builki Qələbə Paradı Vladimir Putin tərəfindən möhtəşəm, hətta Rusiyanın beynəlxalq gücünü müəyyənləşdirəcək bir hadisə kimi nəzərdə tutulmuşdu. 9 mayda münasibətlərin çox mürəkkəb olmasına baxmayaraq, bir çox dünya ölkələrinin Moskavaya səfəri gözlənilirdi. Hətta, ABŞ Prezidenti Donald Tramp 9 mayda Moskvada olmaq arzusunu ifadə etmişdi. Yəni ki, bu, Rusiya hərbi gücünün nümayişi baxımından çox möhtəşəm hadisə idi”.

Bu fikirləri AYNA-ya açıqlamasında politoloq Rauf Mirqədirov səsləndirib. Deyib ki, Prezident Putin son dövrlərdə hərbi sahədəki nailiyyətlərini xüsusi vurğulayır, yeni hərbi güc nümayiş etdirir: “Bu baxımdan geosiyasi gücün də nümayişi olmalı idi. Məlum olduğu kimi, son dövrlər Rusiya xarici siyasətdə çox fəaldır və xarici siyasi məsələləri həyata keçirmək üçün güc faktorundan çox yaxşı istifadə edir. Biz bunu Suriyada, Liviyada, hətta, post-sovet məkanı dövlətlərində də görə bilərik. Bu amillər, dünya miqyasında Rusyanın söz sahibi olduğunun nümayişi başadüşüləndir. Çünki bu, bütün böyük dövlətlərin nümayiş etdirmək istədiyi məsələlərdir”.

Siyasi şərhçinin sözlərinə görə, böyük dövlətlər təkcə silah və şantaj gücüylə deyil, eyni zamanda, dünya iqtisadiyyatına təsirləri ilə məqsədlərinə çatır: “Məsələn, Amerika, Avropa İttifaqı dünyada baş verən proseslərə təsir imkanlarını ilk növbədə iqtisadi imkanlarla həyata keçirir. Rusiyanın isə əlində yeganə alət dünyanı müharibə təhlükəsi ilə üz-üzə qoymaqdır”.

“Sözsüz ki, pandemiya şəraitində paradın keçirilməsi absurd idi və paradın keçirilməsi Vladimir Putinə hərbi gücün nümayişindən başqa heç bir dividend vermədi. Çünki parada gələn dövlət başçılarının sayı cəmi 5 nəfər idi. Onların da arasında xüsusi vurğulananlar Cənubi Osetiya və Abxaziyanın rəhbərləri idi. Yəni dünyada Rusiyadan başqa heç bir ölkə tərəfindən tanınmayan “dövlətlərin” liderləri. Bir sözlə, bu parad beynəlxalq aləmdə istənilən nüfuzu qazana bilmədi. Çünki belə bir vəziyyətdə Rusiya paytaxtına heç kim gəlmədi”, - Mirqədirov bildirib.

Onun fikrincə, təəccüb doğuran digər hadisə Azərbaycan, Ermənistan və Türkmənistan prezidentlərinin Moskvaya getməkdən imtinası oldu: “Azərbaycan və Ermənistan prezidentləri ölkələrindəki vəziyyətlə bağlı Moskvaya getmək imkanlarının olmadığını izah etsələr də, Türkmənistan rəhbəri daha gülünc izahat verdi: bu günlərdə keçiriləcək ad günü ilə bağlı paradda iştirak edə bilməyəcəyini dedi. Yəni ki, burada başqa səbəblər var idi. Hər iki ölkədə sabit olmayan daxili şərait var. Amma düşünürəm ki, digər vacib səbəb son vaxtlar Rusiya Prezidenti Putinin bir sıra bəyanatlarla çıxış etməsidir. Təəsüflər olsun ki, post-sovet məkanında fəaliyyət göstərən kütləvi informasiya vasitələri, siyasi analitiklər, ekspertlər bu bəyanatları bir o qədər ciddi qarşılamır və pandemiya ilə bağlı məsələlər bu bəyanatları arxa plana çəkir. Bu isə əslində, Putinin post-sovet məkanına baxışını müəyyənləşdirən, hətta proqramlar səviyyəsində olan bəyanatlar idi”.

Politoloq hesab edir ki, sözügedən bəyanatları diqqətdən qaçırmamaq lazımdır: “Çünki bu bəyanatlar bizim təhlükəli bir dövrə qədəm basdığımızı göstərir. Bəyanatların bir tezisi ondan ibarətdir ki, “Sovet İttifaqı dağılarkən respublikalar İttifaqın tərkibindən Rusiya xalqının onlara hədiyyə etdiyi torpaqlarla birgə çıxıb. Odur ki, heç olmasa torpaqları Rusiyaya geri qaytarıb sonra çıxmalıydılar”. Bu, o deməkdir ki, Rusiyann post-sovet məkanında yaranmış yeni dövlətlərə qarşı ərazi iddiaları var və bu, çox ciddi problemdir. Faktiki olaraq bu tezis Rusiyanın gələcəkdə qonşu dövlətlərin ərazi bütövlüyünü tanımamasına işarədir və Rusiya bunun ideoloji bazasını hazırlayr. İkinci tezis ondan ibarətdir ki, “SSRİ dağılarkən onun tərkibindən çıxan respublikalar beynəlxalq hüquq normalarına riayət etməyib. Bu isə Sovet İttifaqının hüquqi proses kimi dağılmasını şübhə altına alır”. Yəni, özünü SSRİ-nin hüquqi varisi elan edən Rusiya SSRİ-nin dağılması prosesinin legitimliyini şübhə altına alacaq və tanımayacaq”.

“Bu məsələlər nəyin göstəricisidir və paraddan sonra biz hansı nəticələri görə bilərik? Belə ki, gələn ay Rusiyada referendum keçiriləcək və bu referendum Rusiyanın gələcəyini müəyyənləşdirəcək. Məlumdur ki, referendumda konstitusiyaya ediləcək düzəlişlər qəbul olunsa, Putinin bu günə qədərki prezidentlik müddətləri sıfırlanacaq. Yəni, həmin düzəlişlərə görə, 2025-ci ildən sonra Putin daha iki dəfə Rusiya prezidentliyinə namizədliyini verə və prezident ola bilər. Sözsüz ki, pandemiya ilə bağlı situasiya, iqtisadi problemlər hakimiyyətin və şəxsən Putinin reytinqini həddindən artıq aşağı salıb. Bu, danılmaz faktdır və bunu hətta, Rusiya hökumətinə yaxın olan sorğu xidmətləri də etiraf etmək məcburiyyətində qalıb”, - müsahibimiz qeyd edib.

Mirqədirovun qənaətincə, belə bir halda prezidentliyə namizəd olmaq, saxtalaşdırma yolu ilə də olsa, bu qalibiyyətin cəmiyyət tərəfindən qəbul olumasını təmin etmək üçün Putinə böyük qələbələr lazımdır: “Məlumdur ki, iqtisadi qələbələr bir yerdə əldə olunmur və Rusiya iqtisadiyyatının bugünkü vəziyyətini, həm də Putinin siyasətini nəzərə alsaq, bu qələbələr ümumiyyətlə mümkün deyil. Çünki bu, vaxt, islahat və tamamilə başqa idarəetmə fəlsəfəsinə istinad olunma tələb edir. Bunların da hamısı eyni anda mümkün deyil. Ən əsası isə Putinin bunu etmək üçün nə vaxtı, nə də imkanları var”.

Siyas şərhçi düşünür ki, Putinin yeganə qələbəsi ancaq xarici siyasətdə ola bilər: “Ona görə də istisna deyil ki, Putin özünün ömürlük prezidentlik statusunu əldə etmək üçün cəmiyyətin şüuruna özünün alternativsiz lider olduğunu qazımağa çalışır. Bunun üçün də ona xarici qələbələr, yeni torpaqların əldə edilməsi, SSRİ-nin başqa formada olsa belə, bərpası lazımdır. Və bu, onun əlində yegan alətdir. Düşünürəm ki, yaxın zamanlarda Putin bu vasitədən yalnız bəyanatlar səviyyəsində deyil, praktiki müstəvidə də istifadə edəcək. Hətta, bəzi məlumatlara görə, sentyabrda Putinin bu istiqamətdə real təşəbbüslərlə çıxış edəcəyi gözlənilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.