Deputatların təklifləri “molotov kotletiylə” qarşılandı – “Koronaya yox, sizə inanmırıq”
30-06-2020, 11:03

"Azərbaycan vətəndaşı az qalıb ki, əlində olan bir tikə çörəyi "qril" şüşəsinə sürtüb yesin"
Milli Məclisin deputatların - Siyavuş Novruzov, Fəzail Ağamal və Elman Nəsirov koronavrusla mübarizə məqsədilə səsləndirdikləri fikirlər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Belə ki, təkliflər, xüsusilə sosial şəbəkə istifadəçilərində deputatlara qarşı növbəti dəfə aqressiya yaranmasına zəmin yaratdı - ya tənqid olundular, ya da məsxərəyə çevrildilər.
Dominant.az “Facebook” istifadəçilərinin bu təkliflərlə bağlı yazdıqları statuslardan bir neçəsini olduğu kimi tədim edir:
Müşfiq Hüseynov: “MM yanlış qərar verib. Cərimə 100 yox, 1000 manat olmalıdır. Amma bir şərtlə, maska pulsuz olduğu zaman. İndiki qərar ancaq vəziyyəti pisləşdirəcək. 1. İnsanlar bir maskanı uzun müddət istifadə edib daha çox kütləvi yoluxmaya səbəb olacaq. 2. Əhalinin onsuz da xoş olmayan maddi durumu daha da pisləşəcək. Yayın istisində dincəlmək və meyvə almaq üçün evdə olan axırıncı 100 manatı maska taxmamağa görə adamdan almazlar. Olmaz!”
Samir Feyruzov: “Üz-gözündən "kamillik" fışqıran, Milli Məclisin 44 yaşlı deputatı Cavid Osmanov müsahibələrində cərimələrin artırılmasını təklif edir, Avropa ölkələrində, İtaliyada, İspaniyada cərimələrin yüksək məbləğdə olduğunu deyir. Bildirir ki, Avropada cərimələr 2500 funtsterlinqdir. Qədim yunan heykəltaraşlarını xatırladan Cavid Osmanova xatırlatmaq lazımdır ki, 2500 funsterlinq 5 min manatdan çox puldur. Və həm də: Birincisi, arada Avropanın deputatları ilə də özünü müqayisə elə! Sənin kimi adamlar Avropada ən yaxşı halda "moyşik" işləyərdi. İndi nə edək ki, Avropada ən yaxşı halda "moyşik" ola biləcək bir adam bizim ölkədə mandat qazanıb(?). İkincisi, Avropanın cəriməsini yox, öncə maaşını bura gətir. Ondan sonra cəriməsini də tətbiq edərsən. Avropada zibildaşıyanların aldığı maaş bizim alimlərin, müəllimlərin, həkimlərin, jurnalistlərin maaşından qat-qat çoxdur.
Azərbaycan vətəndaşı az qalıb ki, əlində olan bir tikə çörəyi "qril" şüşəsinə sürtüb yesin. Bu tərif, yarınmaq cəhdləri sənə başucalığı da gətirmir. Elə təmsil etdiyin partiyanı da, hökuməti də, parlamenti də, dövləti də gözdən salırsan. DURUN da! Bahalı kostyumların ortasından boylanan çəpəki baxışlar mandatı hörmətə mindirmir axı... Ortaya bir strategiya, problemdən xilas yolunu göstərən xəritə qoymaq lazımdır, Cavid Osmanov! Tərif düşmənçilikdir, dostluq yox! Sən indi, əslində, hökumətə də, dövlətə də, dövlətin başçısına da, xalqa da düşmənçilik edirsən bu qıcıq yaradan çıxışlarınla... Nəyə lazımdır bu ifrazat çıxışlar? Başınız yoxdur? Kömək edin də dövlətə. Tərif, tərif, tərif... Başqa? Dombalaq aşmaq qalıb bircə...
Deputatlardan biri deyir ki, kim koronavirusa inanmırsa, cərimə etmək lazımdır, o biri bildirir ki, cərimə yox, həbs etmək lazımdır, başqa bir deputat da balkonunda quş saxlayır. Bəlkə danışmayasınız!? Yox, siz elə etməyin, karantini pozanların bir qismini Bakının girişində dar ağacından asın, şəhərdən çıxanlar "Salam, dar ağacı" deyib edama məhkum olunsunlar. Bir hissəsini dənizdə batırın, qalanlarını da soyundurub şəhərdə lüt gəzdirin. Qoy biabır olsunlar, zalım uşaqları...”
Afət Yaqubova: “Mən təcili yardıma zəng etsəm, korona xəstəsi olmayan, xərçəng xəstəsi atamı həkim müayinəsinə gəlib aparacaqmı? Aparmayacaqsa, 1 nömrəli müraciət niyə yığışdırılıb sms icazədən? Niyə axı hansısa deputat çəkinmədən tapşırıqla kimisə xəstəxanaya yerləşdirə bilir, bildirdiyini deyir və bunu dəfələrlə vurğulayır? Və əvəzində deputatlar xalqı danlayırlar, öz qurduqları mexanizmi deyil?!”
Fazil Əhməd: “Deputat Fəzail Ağamalı deyir ki, karantin rejimi daha da sərtləşdirilməli, əgər ailədə 5 nəfər varsa, həftədə iki dəfə olmaqla onlardan yalnız birinə 2 saatlıq icazə verilməlidir. Hələ Gürcüstan nümunəsini də gətirir. Amma açıqlamadan görünür ki, Gürcüstan təcrübəsindən, tamamilə xəbərsizdir. Sadəcə, Eldəniz Elgün demişkən, efiri üfür bilib, nə gəldi deyib. Nə isə. Qaldı təklifinə, yaxşı, deyək ki, ailədə bir kişi işləyir, o da işə çıxır. Həmin anda, uzaq olsun, evdə bir hadisə baş verir, yaxud təcili marketə, aptekə getmək zərurəti yaranır. Yaxud evdə başqa xəstə var, onunla bağlı harasa qaçmaq lazım gəlir və s. O zaman həmin ailə nə edəcək? Deputat köməkçilərini də küçəyə buraxmırlar ki, deyəsən, onlar könüllü yardımçı olacaq. O zaman soruşuram: avaraları başa düşdük, bəs onların oduna yanacaq insanlar nə edəcəklər, haranın daşını başlarına salacaq, ay müəllim?”
Aysel Əlizadə: “Səyavuş Novruzov təklif edir ki, koronavirusa inanmayanlar cərimələnsin. Səyavuş müəllim, adamlar koronaya yox, sizə inanmırlar. 20 ildi yalan danışırsız, indi istəyirsiz, sizin dilinizdən koronavirus olduğunu eşidib inansınlar. Elə olmur, axı. Mən olsam, 20 ilə xalqı heç nəyə inandıra bilməyən deputatın özünü cərimələyərdim. Az vaxt deyil. İndiyə alındırmalıydız”.
Elşad Miri: “Deputat Siyavuş Novruzov: “Koronavirusa inanmayanlar da cəzalandırılsın”. Allah Quranda “istəyən inansın, istəyən inanmasın” dediyi halda bu tür bəyanatlara nə ad vermək olar?”
Gülnar İsrafilova: “Deputat Siyavuş Novruzov boşluqdan belə bir təklif irəli sürüb: Karonavirusa inanmayanlar da cərimələnsin. İdarəçilikləri azmış kimi, özgüvənimizə, yaddaşımıza, hətta inanmımıza da müdaxiləyə hazırlaşırlar deyəsən. Hər şeyi siz edəcəkdizsə, biz nə rolunu oynayırıq öz cismimizdə? Cəriməsiz özgə nə qaldı?”
Əvəz Həsənov: “Bizim deputatların yadına salmaq lazımdır ki, Türkiyədə koronavirus pandemiyası elan olunandan ölkədə əhaliyə tibbi maska satışı qadağan olundu. Hər bir vətəndaş xüsusi elan olunmuş nömrəyə mesaj göndərməklə, 2 gündən bir 5 ədəd pulsuz tibbi maska alırdılar. Onlar smslə aldıqları kodu yaxınlıqda yerləşən aptekə təqdim etməklə hökumətin onlara pulsuz verdiyi maskaları ala bilirdilər. Bu xəbəri Elman müəllim, Fəzail müəllim və Siyavuş müəllim yəqin ki, çoxdan bilirlər”.
Ağanisə Sultan: “Toxun acdan xəbəri olmaz. İllərdir Milli Məclisin rahat kreslolarında əyləşib, ayda 5-6 min manat hazır əmək haqqı (?) alan, cərimələrinsərtləşdirilməsinə çağırış edən deputatların əhalinin nə gündə yaşadığından xəbərləri varmı? Elə ailə var, ayda evinə 100 manat pul gəlmir. Elə ana tanıyıram, uşaqlarını mağazaya, marketə aparmır, səbəbi uşağın meyvə, konfet, şokalad istəməsidir...”.
Xatırladaq ki, deputatlar bu təklifləri irəli sürmüşdülər:
Siyavuş Novruzov: “Biz koronavirusla bağlı şayiə yayanlar haqqında da ölçü götürməliyik. Kimlərsə internet resurslarında yazır ki, pandemiya yoxdur, oyundur. İctimai yerlərdə, avtobuslarda, qapalı məkanlarda maska taxılmaması ilə bağlı təbliğat aparanların da qarşısı qəti şəkildə alınmalı, cərimələr artırılmalıdır. İkinci şayiə isə odur ki, qaydaları pozun, sizin əvəzinizə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bu cərimələri ödəyəcək. Evin üstündə kabab çəkən, avtobusda maska taxmayan insanın cəriməsini Prezident, Birinci vitse-prezident niyə verməlidir? Cəriməni verəndən sonra o maskanı elə taxacaq ki!”
Elman Nəsirov: “Karantin qaydalarını pozan şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləğinin artırılmasını təklif edirəm. ABŞ-da belə hallarda ilkin olaraq 1000 dollar, sonrakı mərhələdə daha ağır cərimələr tərtib edilir. Qonşu Gürcüstanda da analoji cərimələr tətbiq edilir. Yəni əgər insanları evdə saxlamağın yolu yüksək məbləğli cərimələrdirsə, biz də bunu tətbiq edək. Bəlkə bundan sonra həmən məsuliyyətsiz insanlar cərimələri ödəməmək xatirinə karantin rejiminin tələblərinə riayət edə”.
Fəzail Ağamalı: “Düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir. Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə barələrində cinayət işi açılmalıdır. İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir”.