Bakının böyük təzminat tələbi: Ermənistan sülhə həm də belə vadar olacaq!

9-05-2021, 09:21           
Bakının böyük təzminat tələbi:
“Status”, “status-kvo” tarixin zibilliyinə atılıb, zibillikdə eşələnmək isə yaxşı deyil; Fransa “kiçik bacı”sını yeni əxlaqsızlığa sürükləyir..
Azərbaycanın möhtəşəm hərbi qələbəsi ilə bitən 44 günlük müharibədən sonra Qarabağ mövzusu ətrafında 6 aydır həm də bir əsəb savaşı gedir. Səbəbkar da əsasən ermənipərəst Fransa başda olmaqla, İrəvanın Qərbdəki havadarlarıdır. Onlar Dağlıq Qarabağ konfliktinin tarixə çevrilməsini heç cür “həzm edə” bilmirlər.

On illər boyu beynəlxalq hüququ gözardı edərək işğalçı Ermənistanın maraqları keşiyində durmuş ATƏT-in üzdəniraq Minsk Qrupunu təzədən “diriltmək”, ona “ikinci nəfəs” vermək cəhdlərinin arxasında da məhz münaqişəni sönməyə qoymamaq, Ermənistana təzədən qahmar çıxıb onun üstündən “kapitulyant” yarlığını götürmək və beləcə, yenidən tərəfləri tərəzinin eyni gözünə qoyub Azərbaycana qarşı məkrli oyunları davam etdirmək istəyi dayanır. Fransa Xarici İşlər Nazirliyinin (XİN) erməni diversantları ilə bağlı son həyasız açıqlaması buna bir daha şübhə yeri saxlamadı.

*****

Məsələ də ondadır ki, Fransa XİN Bakının humanistlik göstərərək 3 erməni diversantını azad eləməsini, deyəsən, Azərbaycanın zəifliyi kimi qəbul edib. Odur ki, yerdə qalan terrorçu-diversantların da “təcili azad edilməsini” tələb edib. Məhz xahiş yox, tələb! Sanki bu, hansısa dövlətin xarici siyasət idarəsi yox, Avropa İnsan Haqları Məhkəməsidir və onun adından da bizə hökm çıxarır.

Bəllidir ki, rəsmi Parisin Azərbaycana qarşı belə demarşları əvvəllər də olub. Fransa Senatının beynəlxalq hüquqa, BMT Nizamnaməsinə tüpürərək, mifik “artsax”ı tanımaq qərarı, son olaraq Fransa Senatı sədrinin az öncə qondarma soyqırımın ildönümü ilə bağlı İrəvanda verdiyi analoji avantürist bəyanat - ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dil uzatması, nəhayət, diversantlarla bağlı son təxribatçı bəyanat.

Minsk Qrupundakı Təbii ki, belə qatı ermənipərəst siyasətlə Paris heç simvolik vasitəçi adına da iddia edə bilməz. Fransa siyasiləri və diplomatlarında azacıq abır-həya qalıbsa, onlar öz ölkələrinin Minsk Qrupundakı həmsədrliyindən, bütövlükdə Minsk Qrupundan könüllü şəkildə və çoxdan imtina edərdilər.

Hərçənd bu qurum faktiki dəfn olunmuş kimidir. Sadə səbəbə: çünki məntiqlə tərəflərdən biri (Azərbaycan) kiminsə vasitəçiliyini istəmirsə, həmin vasitəçi gedib özünə başqa məşğuliyyət tapmalıdır. Zorla vasitəçilik olmaz ki. Amma Fransa dövləti hələ də zorən özünü bizə, Azərbaycan xalqına qərəzsiz vasitəçi kimi sırımağa çalışır. Əsas hədəfi dedik - əxlaqsız “kiçik bacı” Ermənistanı hansısa yolla quyunun dibindən çıxarıb təzədən Azərbaycana və Türkiyəyə qarşı qısqırtmaq, onu yeni anti-Türk oyunlarına qoşmaq...

*****

Azərbaycan dövləti əlbəttə ki, ona qarşı qurulan belə oyunların yaxşı fərqindədir və bu oyunlara əsla imkan verməyəcək. Ona görə ki, o, Ermənistan kimi “əl dövləti”, “qəbilə dövləti” deyil, heç 27 sentyabrdan öncəki dövlət də deyil. Azərbaycan indi bölgədə orta və uzun müddətli perspektiv üçün özünün və qardaş Türkiyənin xeyrinə hamının hesablaşmalı olduğu yeni və möhtəşəm reallıq yaratmış, həlledici söz sahibinə çevrilmiş dövlətdir. Onunla belə zarafatlar, hədə dilində ritorika keçməyəcək və ən çox da qarşı tərəfə ziyan gətirəcək. Necə ki, artıq gətirir: Fransa şirkətləri işğaldan azad olunmuş ərazilərimizin böyük bərpasında oyundankənar vəziyyətdə qalıb.

Yeri gəlmişkən, Fransa belə Ermənistanın dərdini çəkirsə, qoy onda Azərbaycanın sonuncuya qarşı Beynəlxalq Məhkəmədə qaldırmağa hazırlaşdığı böyük təzminatı ödəsin! Söhbət on milyardlarla dollardan gedir. Ödəyərmi? İnanmırıq. Ona görə ki, Ermənistan Fransaya əhalisi rifah, dinclik içində olan ölkə, əxlaqlı “kiçik bacı” kimi deyil, daima qonşu Türkiyə və Azərbaycana qarşı bir təzyiq aləti, “Domokl qılıncı” kimi lazımdır. İndi bunu tam əminliklə söyləmək olar.

Təzminat davası isə mütləq açılacaq və Ermənistan onu ödəməli olacaq. Bu, həm də işğalçı ölkələrin və onların Fransa kimi havadarlarının ibrət dərsi götürməsi üçün lazımdır ki, qonşu ölkələrin torpaqlarına göz dikəndə bu niyyətin mümkün bədəlini də göz önünə gətirsinlər, iki dəfə düşünsünlər. Necə ki, faşist Almaniyası 2-ci Dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra böyük təzminatlar ödəməli oldu. Faşist Ermənistanı da istisna olmayacaq...

*****

“Azərbaycan atəşkəsdən sonra 29 ildən çox müddətdə Ermənistanın işğalında qalan ərazilərindəki itkilərini hesablayaraq beynəlxalq məhkəməyə müraciət etməlidir. Təzminat tələbi sülh müqaviləsini sürətləndirə bilər”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikri Azvision.az -a eksklüziv açıqlamasında Ankara Yıldırım Beyazıt Universitetinin professoru, Ankara Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Salih Yılmaz deyib.

Politoloq haqlı olaraq qeyd edib ki, ATƏT-in Minsk Qrupu yarandığı gündən Azərbaycanın lehinə mövqe nümayiş etdirməyib, əksinə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək imkanlarına mane olmaq üçün strategiyalar həyata keçirib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Minsk Qrupu yenidən aktivləşərsə, Dağlıq Qarabağdakı ermənilər üçün yeni status müəyyən etmək məqsədilə strategiya həyata keçirməyə çalışacaq. “Bundan sonrakı dövrdə Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan xətti davam etsə, bu, daha sürətli sülh razılaşmasına səbəb olacaq”, - Yılmaz deyib.

Politoloq hesab edir ki, Türkiyə-Rusiya əməkdaşlığı bölgəyə sülh gətirə bilər. “Azərbaycanın mövqeyinə gəlincə, Fransanın mövqeyi nəzərə alınaraq, Minsk Qrupu prosesinin artıq bitdiyi izah edilməlidir. Fransa Azərbaycana qarşı erməni diasporunun bəsləndiyi ən vacib ölkələrdən biridir və Minsk Qrupundan Ermənistanı müdafiə etmək və Dağlıq Qarabağda ”erməni dövləti" yaratmaq üçün bir vasitə kimi istifadə etməkdədir", - deyə o vurğulayıb.

*****

Ancaq qatar artıq gedib. Azərbaycan Prezidentinin dönə-dönə vurğuladığı kimi, “status məsələsi” də, “status-kvo” da çoxdan gorbagor olub, tarixin zibilliyinə atılıb. Zibillikdə eşələnmək isə yaxşı şey deyil. Ələlxüsus Fransa kimi bir dövlət üçün...

Analitik xidmət,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.