Fələstin - İsrail savaşında nə baş verdiyini, nə baş verəcəyini məsləhət edən dünya gücləri arasında biz yoxuq.
12-05-2021, 10:09

Fələstin - İsrail savaşında nə baş verdiyini, nə baş verəcəyini məsləhət edən dünya gücləri arasında biz yoxuq.
Ancaq bu savaşın bizim ölkədə törətdiyi, törədə biləcəyi fəsadları önləmək isə bizim borcumuzdur.
Azərbaycanda Qırmızı Qəsəbə deyilən yer şimaldadır və Qubada yerləşir.
İllərdir ki, biz bir-birimizlə mehriban, dostluq münasibətlərində, əmin-amanlıq şəraitində yaşamışıq.
Düzdür, hərdən uşaq davaları, filan kimi xoşagəlməz davalar olub və bəlkə bu gün də olur.
Ancaq bu davaların səbəbi də heç bir dini, milli, etnik zəmində olmayıb, sıradan uşaq dəcəllikləridir.
Zənnimcə bizə düşən bu vəziyyəti qoruyub saxlamaq, işlətdiyimiz ifadələrdə diqqətli olmaqdır.
Fələstin bütün dinlərin meydana çıxdığı bir bölgədir. Təbii ki, Qüds də müsəlmanların müqəddəs və məhrəm yeridir.
Ona görə də ortalıqda olan yanaşmaların həssasiyyətini, emosionallığı anlayıram.
Ancaq nəzərə almaq lazımdır ki, biz dünya siyasətinə hökm və diqtələr edəcək qədər qüdrətli dövlət deyilik. (Buna görə də bu günki hakimiyyətin üzü "ağ" olsun, ancaq bu tamam başqa mövzudur)
Ona görə də, başqa dövlətləri müzakirə edərkən, öz içimizdəki qardaşlarımızı da unutmayaq.
Heç bir tərəfi müdafiə və ya tənqid edərkən, o biri tərəfi təhqirə yol verməyək.
Biz müsəlman ölkəsiyik, ancaq bu ölkə uğrunda qanını və canını verən yəhudi balalarını da unutmayaq!
O bölgədəki savaşın tarixi də, səbəbi də, çözümü də bizim əlimizdə deyil.
Ancaq öz ölkəmizin əmin-amanlığında, bir vətəndaş kimi məsuluq.
Ümidvaram ki, nə demək istədiyimi izah edə bildim.
Cəmil Məmmədli
Teref.az