Bu da yeni sülhməramlı general Avdeev... - həmin erməni Tonoyanla...

13-05-2021, 16:59           
Bu da yeni sülhməramlı general Avdeev... - həmin erməni Tonoyanla...
Rüstəm Muradovun guya Ermənistanın narazılığı səbəbindən geri çağırılması xəbəri ermənilərin uydurması, qabaqdangəlmişliyi, bir az da bicliyidir
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər əslində yeni deyil. Dağıstanın kiçik etnik qruplarından- tabasaranlı millətindən olan Rüstəm Muradovun müharibənin iyi hələ çəkilməmiş Qarabağa təyinatı hər iki ölkə (Azərbaycan, Ermənistan) üçün bir qədər gözlənilməz olmuşdu.

Müharibədə uduzmuş ermənilər o həddə narahat oldular ki, general açıqlama verməli oldu ki, onun azərbaycanlılara heç bir aidiyyəti, bağlılığı yoxdur və sairə...Azərbaycan toplumu bu təyinata daha səbirli yanaşdı: “Putinin generalıdır, fərqi yoxdur hansı millətdəndir. Rusiya rəhbərliyi nə desə, onu da edəcək...” Altı aylıq müddətdə Muradovdan Rusiya rəhbərliyinin narazı qalması üçün xüsusi əsas olmayıb. Müharibənin yenicə bitdiyi günlərdə erməni diversantların Xocavənddə ələ keçməsindən başqa xüsusi bir “ÇP” də olmayıb, milli zəmində qan tökülməyib, Rusiya sülhməramlıları razılaşdırılmış zonada möhkəmlənib, onlara yeni modul tipli kazarmalar tikilib və sairə...

Milli münaqişə zonasında ordu rəhbəri olmaq çətin işdir və Muradov hansı yükün altına girdiyinin fərqində idi. Onun ən azı Çeçenistanda milli münaqişə zonasında təcrübəsi vardı. Üstəlik, sülhməramlıların statusu ilə bağlı xeyli razılaşdırlmamış məqamlar qalır ki, bu da istənilən komandan üçün çətinlik yarada bilər. Muradovun təyinatı yəqin ki, indi geri çağırılımasa belə, keçici kimi görünür(dü). Ola bilsin, yaxşı təşkilatçılıq bacarığına görə Qarabağa göndəriblər və indi geri çağırılırsa, demək üzərinə düşdüyü işi görüb, bundan sonrakı mərhələ onu əvəz edəcək komandanın vəzifəsidir.

Onun Ermənistanın narazılığı səbəbindən geri çağırılması xəbəri məncə, ermənilərin uydurması, qabaqdangəlmişliyi, bir az da bicliyidir. Bunu o səbəbdən edirlər ki, sən demə, Muradovdan bərk narazı imişlər, onun yerinə gələn bunu bilsin, özünü ermənilərə münasibətdə “ağıllı aparsın”, yoxsa 6 ay sonra onu da göndərərlər və sairə...

Azərbaycan cəmiyyətinin Rüstəm Muradovdan narazı qaldığı şübhəsizdir. Onun xüsusilə Qarabağdakı erməni rəhbərliyi ilə sıcaq görüşləri, hətta Araiklə qucaqlaşması Azərbaycanda ciddi etirazla qarşılanmışdı. Təkcə bu da deyil. Laçın koridorundan Qarabağa Ermənistan rəhbərliyinin, bəzi hallarda təxribatçıların buraxılması da cəmiyyədə daima narazılıq yaradıb. Bu həssas dönəmdə Muradova diqqət də çox oldu və bir çox hallarda onun erməniyə yaxınlığı rəyi möhkəmləndi. Fikrimcə, Muradov ona nə əmr etmişdilər, nə tapşırmışdılar onu etdi, qalacaqsa da, elə də davam edəcək.

Muradovun geri çağırılması xəbəri gerçəksə, bunu ya özü arzu edib, ya da əvvəldən Rusiya hərbi rəhbərliyi ilə razılıq olub ki, 6 aydan sonra geri qayıdacaq. Qarabağda sülhməramlı olmaq bir general üçün karyera bataqlığı sayıla bilər. General Muradovun tərcümeyi-halı isə onun bataqlıq generalı olmadığını göstərir.

Erməni mediası Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeevin təyin ediləcəyi barədə yazır. A. Avdeevin bu gün Xankəndinə gələcəyi və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacağı da iddia olunur.

Bəs, Aleksey Avdeev kimdir? Avdeev 17 may 1967-ci ildə Daşkənddə anadan olub. 1984-cü ildə Sverdlovskda Suvorov Hərbi Məktəbini bitirib. Ali hərbi təhsili 1988-ci ildə Daşkənd Ali Komandirlər Məktəbində alıb. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət edib.

1999-cu ildə Rusiya Silahlı Qüvvələrinin, 2008-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi akademiyalarını bitirib. Baş Qərargahın Hərbi Akademiyasını bitirdikdən sonra Sibir Hərbi Dairəsinin motoatıcı diviziyasının komandiri təyin edilib.

2010-cu ilin ortalarında Sibir Hərbi Dairəsinin təşkilati və səfərbərlik işləri üzrə qərargah rəisinin müavini təyin olunub. 2011-ci ilin yanvarında Rusiya prezidentinin fərmanı ilə 41-ci ümumqoşun ordusunun komandiri müavini vəzifəsinə yüksəlib.

2012-ci ildə Sankt-Peterburq 6-cı ümumuqoşun ordusunun Baş Qərargah rəisi, Qərb Hərbi Dairəsi komandanının birinci müavini təyin edilib. 2012-ci ilin dekabrında general-mayor hərbi rütbəsi verilib.


2014-cü ilin iyulundan 2017-ci ilin aprelinədək - 29-cu ümumqoşun ordusunun komandanı vəzifəsini tutub. 2016-cı ildə general-leytenant hərbi rütbəsi alıb. 2017-ci ilin aprelindən 2018-ci ilin aprelinə qədər - Qərbi Hərbi Dairənin 1-ci tankı qoşunları komandanı işləyib.

2018-ci ilin aprelindən 2019-cu ilədək - Rusiya Ümumqoşun Hərbi Akademiyasının rəhbəri olub. 2019-cu ildən isə Cənub Hərbi Dairəsinin komandanın müavinidir.

Onun “Şimali Qafqazda döyüş əməliyyatlarının iştirakçısı” olduğu yazılıb, amma dəqiq hansı bölgələrdə olduğu dəqiqləşdirilməyib.

Onun sizə təqdim etdiyim foto 2019-cu ilin yanvarında İrəvanda çəkilib. Ermənistanın sabiq müdafiə naziri David Tonoyan Aleksey Avdeevi qəbul edib. Bu hələ heç nə demək deyil, təbii ki. Amma Avdeevin təyinatı xəbəri doğrudursa, bəlkə də biz bu fotunu hələ çox dərc etməli olduq...

Nazim SABİROĞLU,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.