Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı: "Oturdular, sakitcə bu vəziyyəti necə həll etmək barədə danışıqlara başladılar"

18-05-2021, 08:55           
Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı:
Rusiya Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazırdır, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bazar ertəsi bildirib ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı "ehtirasların qızışdırılması üçün" səbəb yoxdur, Moskva demarkasiya işində Yerevana və Bakıya kömək etməyə hazırdır, Novosti Rusiya İnformasiya Agentliyi (RİA Novosti) xəbər verir.

Bir neçə gündür ki, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının bazar ertəsi keçirilən iclasında "mayın 14-dən Ermənistan ərazisinə müdaxilə edən bəzi Azərbaycan hərbçilərinin respublika ərazisini tərk etdiyini, lakin ümumən mayın 12-dən yaranmış hərbi-siyasi vəziyyətin dəyişməz" qaldığını deyib.


Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib ki, "hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir".

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər?
Bazar ertəsi Syerra-Leonedan olan həmkarı David John Francis-lə danışıqlardan sonra keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib ki, sərhəddə hər hansı bir toqquşma olmayıb:

"Heç bir atəş açılmayıb, heç bir toqquşma olmayıb orada. Oturdular, sakitcə bu vəziyyəti necə həll etmək barədə danışıqlara başladılar. Bizdən dəstək istəyiblər, bizim hərbçilər belə dəstək verib, razılıq əldə olunub. Mən bu cari, lakin rahat nizamlana bilən məsələdə ehtirasların qızışdırılması üçün heç bir səbəb görmürəm".

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəldikdə isə Lavrov deyib ki, insident baş verdikdən sonra Azərbaycan tərəfi "bunun anlaşılmazlıq üzündən və başlıcası - sərhədin delimitasiya və demarkasiya olunmadığına görə baş verdiyini bəyan edib".

"Heç kəs heç vaxt bununla məşğul olmayıb və biz tərəflərə təklif etdik ki, bu işə başlasınlar, biz onlara bu işdə kömək etməyə, kartoqrafiya materialları və konsultasiya xidmətləri təqdim etməyə hazırıq," - Lavrov əlavə edib.

Paşinyan: "Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər"
Ermənistan Təhlükəsizlik Şurasının bazar ertəsi keçirilmiş iclasında Nikol Paşinyan bildirib ki, "bizim mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər".

Ermənistan mediası Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsinin iştirakı ilə Ermənistan və Azərbaycan hərbçiləri arasında keçirilən danışıqların "müsbət nəticələndiyini" iddia edir.

Sputnik Armenia xəbər verir ki, Qoris şəhəri merinin müavini İrina Yolyan da Azərbaycan silahlı qüvvələrinin Qaragölün ətrafından çəkilməsinə dair razılıq əldə olunduğu təsdiqləyib, lakin bunun hansı şərtlər altında baş tutacağı hələ məlum deyil.

Ermənistan Müdafiə Nazirliyi və bu məsələ ilə məşğul olan Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisindən danışıqların nəticəsi barədə rəsmi məlumat verilməyib.

Ermənistan İctimai Radiosu isə gölün yaxınlığında yerləşən Sünik vilayəti Akner kəndinin icra başçısı Spartak Minasyana istinad edərək, Azərbaycan hərbçilərinin "ümumi gərginliyi azaltmaq üçün" Sünik sərhədində geri çəkiləcəyini, lakin erməni mövqeləri yaxınlığında öz iki sərhəd postunu saxlayacağını bildirir. Kənd icra başçısı başqa təfərrüatlara və sərhədin hansı sahələrində postların yerinin dəyişiləcəyinə bələd deyil.

"Onlar müəyyən sahələrdə geri çəkilməlidir. Bizim postlarda çadırlar qurulmalıdır. Azərbaycan tərəfi çadır qurmamışdı,"- Spartak Minasyan Ermənistan İctimai Radiosuna deyib.

İctimai Radionun məlumatına görə, danışıqlar iki gündən sonra davam edəcək. Xəbərdə Azərbaycanın "hansısa yeni ilkin şərtlər" irəli sürdüyü bildirilir.

BBC News Azərbaycanca Azərbaycan XİN-dən bununla bağlı suallarına hələ cavab ala bilməyib.

Daha əvvəl, 2021-ci ilin yanvar ayının əvvəlində, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Ararat vilayətində yerləşən Tiqranaşen (Kərki) yaşayış məntəqəsinin Azərbaycan tərəfinə verilməsi haqqında mətbuatda yayılan şayiələri təkzib etməyə məcbur olub.

İlham Əliyev: "Sərhəddə hər hansı bir toqquşma baş verməyib"
Prezident İlham Əliyev bazar ertəsi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib ki, "hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya" nümayiş etdirir, - President.az yazır.

İlham Əliyev deyib ki, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Ötən həftə Ermənistan Baş nazirin müavini Tiqran Avinyan Sünik bölgəsində yaranan vəziyyətlə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətin təqdim olunduğunu deyib.

Azərbaycan xarici işlər naziri KTMT-yə hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinə müraciətin əsassız olduğunu deyib.

"Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb,"- Azərbaycan XİN-i bildirib.

"Məsələnin şişirdilməsi və siyasiləşdirilməsi yolverilməzdir"
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bazar günü fransalı həmkarı Jean-Yves Le Drianla danışıb.

Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumatda deyilir ki, Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyini və Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdiyini bildirib.

O, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün tədbirlər görüldüyünü qeyd edib.

Fransa Prezidenti Emmanuel Macron ötən həftə Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham etmişdi.

Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

O, Facebook hesabında erməni dilində "Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəylik içindədir və olmağa davam edəcəkdir" yazıb.

"Texniki məsələ Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib"
Azərbaycanla Ermənistan arasında "sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub."

Bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in suallarını cavablandırarkən vurğulayıb.

"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir, - Leyla Abdullayeva qeyd edib. - Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir."

"Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir," - Azərbaycan XİN rəsmisi vurğulayıb.

Zəngəzurda "danışıqlar başlayıb"

Zəngəzur bölgəsində, Ermənistan-Azərbaycan sərhədində tərəflər arasında danışıqlar başlayıb, Qoris bələdiyyə başçısının müavini Menua Hovsepyana istinadən Ermənistan informasiya vasitələri xəbər verir. Məlumatla bağlı rəsmi açıqlama verilməyib.

Şənbə günü Azərbaycan xarici işlər naziri öz tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı vaxtı "sərhəddəki son gərginliklə bağlı" Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin "dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığını" bildirilib. Ceyhun Bayramov Dövlət Sərhəd Qüvvələrinin Azərbaycan "aid mövqelərdə" yerləşdiyini və bu prosesin "adi rejimdə və sistematik qaydada" icra edildiyini qeyd edib.

Bundan əvvəl Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sünik vilayətində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan parlamentinin iclasında bəyan edib ki, hərbi yardım xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisini mayın 14-də tərk etməsi haqqında razılıq əldə olunub, lakin ona əməl olunmayıb.

Ötən gün Nikol Paşinyan şənbə günü Azərbaycan tərəfi ilə danışıqların bərpa olunacağını da əlavə etmişdir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 12-də Azərbaycan qoşunları Ermənistanın Sünik vilayətində Sevliç (Qaragöl) gölü yaxınlığında dövlət sərhədini pozaraq, təxminən 3-3,5 km Ermənistan ərazisinə müdaxilə edib. Azərbaycan sovet dövründə bu ərazilərin və gölün Azərbaycana məxsus olduğunu deyir.

Azərbaycan ordusunun Ermənistanın Sünik ərazisinin 3,5 kilometrlik hissəsinə girməsilə bağlı məlumatlardan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, hava şəraitinin yaxşılaşması ilə bağlı Azərbaycan ordusu ''ölkəmizə aid mövqelərdə'' yerləşdirilir.

Menua Hovsepyan dünən danışıqların nəticə vermədiyini bildirib.
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Zəngəzur bölgəsinin Sünik vilayətində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan parlamentinin iclasında çıxış edib
Ermənistan KTMT-yə müraciət edib
Cümə günü Ermənistan Baş nazirin müavini Tiqran Avinyan Sünik bölgəsində yaranan vəziyyətlə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətin təqdim olunduğunu deyib. KTMT-nin rəsmi nümayəndəsi Vladimir Zaynetdinov vəziyyətlə bağlı məsləhətləşmələrin yaxın günlərdə keçiriləcəyini deyib. O, KTMT Baş katibi və Ermənistanla Tacikistan nümayəndələri ilə arasında müzakirələrin aparıldığını da qeyd edib.

Azərbaycan xarici işlər naziri KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinə müraciətin əsassız olduğunu deyib.

"Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.