Ter-Petrosyandan keçmiş prezidentlərə və diaspora ittihamlar - hiyləgərlik, yoxsa...
27-05-2021, 09:46

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın məqaləsi yayılıb. O, müharibədəki məğlubiyyətə görə Köçəryan-Sərkisyan tandemini suçlayıb. Deyib ki, Qarabağda 44 günlük müharibədəki məğlubiyyətə görə məsuliyyəti yalnız Nikol Paşinyan daşımır.
Petrosyan deyib: “1997-ci ildən başlayaraq Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər”.
Sabiq prezident erməni diasporunu məğlubiyyətdən hələ də heç bir nəticə çıxarmamaqda qınayıb: “Onların işi xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu isə o deməkdir ki, erməni xalqını yeni itkilər və məyusluq gözləyir”.
Göründüyü kimi, məğlub ölkədə qarşılıqlı ittihamlar, suçlamalar böyüyür. İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra böyük xaosun olacağı istisna edilmir.
Qeyd edək ki, Petrosyan 1998-ci ildə Azərbaycanla sülh imzalamaq ərəfəsindəykən, Köçəryan-Sərkisyan ikilisi onu devirdi. Zaman Petrosyanı haqlı çıxardı. Onun dövründə konfliktin nizamlanması baş tutsaydı, Ermənistan bu qədər itkiyə məruz qalmayacaqdı, üstəlik, daha böyük üstünlük əldə edəcəkdi.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ter-Petrosyan da ermənidir: “O da erməni xəstəliyindən xali deyil. Daha çox özünün konyuktur maraqlarından çıxış edir. Vəziyyətə açıq, konkret qiymət vermir və ya istəmir. Onun da Qərblə müəyyən əlaqələri qalır. Moskva ilə də oynamağa çalışır. Amma ilk əvvəldən Qərbin adamı idi. İndi də Qərbin dəstəyini qazanmağa çalışır. Yəni Ermənistanda heç bir siyasi qüvvə bu günə qədər milli maraqlarından çıxış etməyib, hansısa xarici qüvvələrin sifarişini yerinə yetirib, qrup maraqlarını təmin etməyə çalışıb. Hamısı bir bezin qırağıdır. Petrosyan o birilərinə nisbətən ayıq, düzgün analiz etmək qabiliyyəti olan siyəsətçidir. Amma bu gün o, Ermənistan deyilən yerin taleyini fikirləşsəydi, tərəf olmaz, hamıya qarşı dayanmaz, hamını və ya əksəriyyəti bir araya gətirməyə çalışardı. Bunu etmirsə, deməli, o qədər də uzaqgörən deyil. Onun dedikləri həqiqətdir, ermənilərin bugünkü məğlubiyyətinə görə Paşinyanla yanaşı Köçəryan-Sərkisyan cütlüyü də eyni dərəcədə məsuliyyət daşıyır. Azərbaycan Prezidenti də bu məqamı bir neçə dəfə vurğulayıb. Məsələnin kökündə isə onların bacarıqlı olub-olmaması dayanmır. Onların məğlubiyyəti labüd idi. Çünki düzgün mövqe tutmamışdılar, ədalətsiz siyasətlərini, işğal hərəkətlərini xarici ölkənin hesabına həyata keçirməyə çalışırdılar. Azərbaycan məsələnin qan tökülmədən həllinə çalışır, ona görə kompromis variant təklif edirdi. Petrosyan bunu başa düşür və addım atmağa çalışırdı. Azərbaycanın kompromis təklifi gücsüzlüklə bağlı deyildi. Qan tökülməsini istəməməsi ilə bağlı idi. İndi Azərbaycan qalib gələndən sonra yeni situasiya yaranıb. Bu şəraitdə ermənilər düzgün qərar verməlidir. Petrosyan indi yeni mövqe ortaya qoymalıdır və hiss olunur ki, yeni reallığı dərk edən yeganə ermənidir. O düzgün olaraq, Ermənistan deyilən yeri tam iflasdan qurtarmaq üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməyi məqbul hesab edir. Ona görə də Köçəryan-Sərkisyan cütlüyünü, eyni zamanda erməni diaspor mərkəzlərini kəskin tənqid edir, Paşinyana nisbətən loyal yanaşır. Hesab edirəm ki, Petrosyan çəkinmədən Paşinyana yaxınlaşmalı, ona dəstək verməlidir. İkisi bir yerdə Azərbaycanın yaratdığı yeni şəraitə uyğun hərəkət etməli, yeni status-kvonu qəbul etməli, Azərbaycan və Türkiyənın region üçün müəyyən etdikləri yol xəritəsinə uyğun hərəkət etməlidirlər. Ermənilərin ağlı olsa, bu yolu seçərlər. Petrosyan bu yolla gedir, amma hara qədər gedə biləcəyi məlum deyil”.
Politoloq Azər Hüseynovun fikirləri də diqqət çəkir: “Levon Ter-Petrosyanın yanaşması iki baxımından təhlil edilməlidir. Əslində o, birbaşa edə bilməsə də, Rusiyanı hədəf alır. Həm də siyasi opponentlərini vurur. Paşinyanın isə çox üstüörtülü məsuliyyətini azaldır. Ermənistan Rusiyadan uzaqlaşma fazasına girib. Sadəcə, bunu aşkar edə bilmir. Bəli, əgər deyilən dövrdə Ermənistan razı olsa idi, Rusiya onu bu qədər xərcləməyəcəkdi. 30 illik mif artıq dağıldı. Çünki Rusiya 366-cı alay, kazaklar vasitəsilə Ermənistanın yanında olmadı. Soros layihəsinin daha bir halqası olan Paşinyan isə uduzdu. Çünki bu layihənin bütün halqaları Ukrayna, Gürcüstan, indi də Ermənistan hərb meydanında məğlub olmasaydı, Rusiyadan qırıla bilməzdi. Ermənilərin bir yolu demilitarizasiyadır”.
“Yeni Müsavat”