Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: - İki rəsmi mənbə niyə fərqli xəbər yaydı?
23-07-2021, 18:05

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərindən sonra Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla Putin arasında telefon danışığı olub.
Erməni və rus medialarından əldə edilən məlumata əsasən, iki ölkə arasındakı danışıqla bağlı yayımlanan məlumatlarda fərqliliklər olduğu üzə çıxıb. Erməni mediasında rəsmi mənbələrə istinadən telefon danışığı ilə bağlı belə deyilir:
““Regionda yaranmış situasiya” kontekstində Nikol Paşinyan Rusiyanın sülhün və stabilliyin təmin edilməsində mühüm rolunu qeyd edib. Tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd ediblər”.
Kremlin məsələylə bağlı yaydığı rəsmi məlumatda isə Minsk qrupunun fəaliyyəti ilə bağlı heç nə qeyd olunmayıb.
Məsələylə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, hər iki mediada fərqli məlumatların getməsi təbii olsa da, ATƏT-in Minsk qrupunun adının danışıq əsnasında çəkilib-çəkilməməsini demək çətindir.
Erməni mediasının yaydığı məlumatın həm daxili auditoriyaya, həm də qərbə hədəflənmiş bir informasiya olduğunu qeyd edən partiya sədri hesab edir ki, Ermənistanın Minsk qrupunun yenidən bölgəyə gələrək proseslərə nəzarət etməsini istəyir:
“Amma Kreml çox gözəl bilir ki, İlham Əliyev Azərbaycanın mövqeyini qəti şəkildə ifadə edərək Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac olmadığını deyib. Minsk qrupunun iştirakı ancaq gələcəkdə münaqişəsonrası proseslərdə gündəmə gətirilə bilər. Bu səbəblə rus mediası fərqli mövqe nümayiş etdirib”.
Arzuxan Əlizadə bildirib ki, Rusiyanın bu məsələdə fərqli mövqedən çıxış etməsi həm də ölkənin öz maraqlarına uyğundur:
“Rusiya həm Azərbaycan, həm də Ermənistanla bağlı məsələlərin həll olunması istiqamətində digər qüvvələrin cəlb olunmasına maraqlı deyil. Kreml bölgədə bütün nəzarətin öz əlində olmasını istəyir. Bunu Qarabağa yalnız öz “sülhməramlılarını” göndərməklə də sübut edib”.