Ermənilərin üzərindən terrorçuluq maddəsi niyə götürüldü?

24-07-2021, 00:00           
Ermənilərin üzərindən terrorçuluq maddəsi niyə götürüldü?
“Bu faktlar bir daha göstərir ki, Azərbaycanda məhkəmə sistemi deyə bir şey yoxdur. Məhkəmə sistemi siyasi iradə ilə prezident administrasiyası tərəfindən idarə olunur. Bu hadisə də onun ən parlaq, ən əyani nümunəsidir”.

Bunu “Toplum TV”-yə hüquqşünas Yalçın İmanov deyib.

İstintaq nəticəsində müəyyən edilmişdi ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Dövlət ittihamçısı 22 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilən 13 erməni hərbçinin üzərindən Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrin xaric edilməsini istəyib.

O, təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzalandırılmalarını istəyib.

Y.İmanov deyir ki, onların əməlləri Azərbaycan Respublikasının Cinayət məcəlləsinin terorçuluq maddəsi ilə düzgün olaraq ixtisaslaşdırılmışdı: “Hər birimiz şahidi olduq ki, 10 noyabr sazişindən sonra erməni hərbçiləri həbs olunmuşdu. Həmin vaxtlarda Azərbaycanın ərazisində həmin hərbiçilər insident törətmişdilər və həmin insident nəticəsində həm hərbiçilər, həm də mülki şəxslər arasında həlak olanlar və yaralananlar var idi”.

Hüquqşunas hesab edir ki, erməni hərbiçilərinin üzərindən terrorçuluq ittihamlarının götürülməsi alver predmentidir: “İndi məlum olur ki, məhkəmə də həmin itdihamlardan imtina edir və daha yüngül cəza tələb edir. Bu onu göstərir ki, həmin erməni hərbiçilər yaxın vaxtlarda Ermənistana təhvil veriləcək. Əvəzində isə hansısa alver əldə olunacaq”.

“İki ölkə öz aralarında razılaşma əldə edib”, - bunu siyasi şərhçi Elman Fəttah deyib.

E.Fəttah deyir ki, ittihamların götürülməsinin çox sadə səbəbi var: “Azərbaycan əlində olan erməni hərbçilərini təhvil verərək, işğaldan azad olunmuş ərazilərin mina xəritələrini təhvil alsın. Bu, sadəcə, siyasi razılaşmadır. Burda hansısa bir hüquq rol oynamır. Dünya təcrübəsində bu artıq qeyri-adi bir şey deyil”.

Siyasi şərhçi qeyd edir ki, mina xəritələrini təhvil almaq həyati dərəcədə vacibdir: “Azərbaycanın qarşısında duran ən stratejik məqsəd işğaldan azad olunmuş ərazilərin, minalardan təmizlənməsidir. Minaların da daha sürətli və effektiv təmizlənməsi xəritələrin əldə olunmasından asılıdır. Düzdür, beynəlxalq hüquqa görə, Ermənistanın həmin mina xəritələrinin verməməsinin özü humanitar cinayətdir. Ancaq Azərbaycan da əlində olan hərbiçiləri bu və ya digər formada təhvil verməli olacaqdı”.

Mətbuatda yayılan xəbərlərə əsasən Ermənistan Azərbaycanla sülh sazişi imzalaya bilər.

Nikol Paşinyan deyib ki, Azərbaycanla sülh danışıqlarına başlamağa hazırdır: “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti ölkəmiz və bölgə üçün dinc inkişaf dövrü başlatmaq vəzifəsini yerinə yetirməkdə qərarlıdır”.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da ölkə mətbuatına verdiyi açıqlamada bildirib ki, Nikol Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq üçün hazırlıq işləri görür: “Nəzərə alsaq ki, xalqımızın əhəmiyyətli kəsimi oktyabr və noyabrda baş verənləri həzm edib, onda bəli, bu belə razılaşmaya hazırlıq ola bilər. Bu sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq. Bu isə Qarabağın gələcəyi üzərindən xətt çəkilməsi deməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru