İrəvan-Ankara yaxınlaşması Bakını uzaqlaşdırır? - GƏLİŞMƏ

27-11-2021, 10:25           
İrəvan-Ankara yaxınlaşması Bakını uzaqlaşdırır? - GƏLİŞMƏ
Dekabrın 15-dən etibarən İrəvan-İstanbul reysi fəaliyyətə başlayacaq. Bu barədə “Sputnik-Armeniya” saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, Ermənistanın “Flyone Armenia” aviaşirkəti 15 dekabrdan etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri birbaşa uçuşlar həyata keçirəcək. Artıq icazə alınıb. Biletlərin ilkin qiymətləri də müəyyən olunub.

‘’Flyone Armenia’’ aviasiya şirkəti biznesmen və parlamentin hakim partiyadan olan deputatı Xaçatur Sukiasyana məxsusdur. Yayılan məlumatlara görə, İrəvan-İstanbul aviareyslərinin qiymətləri kifayət qədər ucuzdur.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında aviareyslərin açılması düşmənin blokadadan çıxması anlamına gəlir. Bu o deməkdirmi, Ermənistan hansısa ciddi güzəştlərə gedib və proses bu mərhələyə gəlib çatıb? İddialar var ki, Ankara-İrəvan arasında gizli danışıqlar gedir və artıq bir sıra razılaşmalar da əldə olunub. Təbii ki, prosesdən Azərbaycanın da xəbəri var. Türkiyə yetkililəri dəfələrlə deyiblər ki, Ermənistanın ağıllanması, konstruktiv çizgiyə gəlməsi və Azərbaycanın da buna razılaşması halında sərhədlər açıla, münasibətlər düzələ, kommunikasiyalar açıla bilər.

Bəs hazırkı durumda Ankara-İrəvan münasibətlərinin bərpası üçün hansı əsaslar var?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, həmin uçuşları həyata keçirən Ermənistana məxsus şirkətdir. Həftədə üç dəfə uçuşlar həyata keçiriləcək: “Burada maraqlı məqam nədir? Azərbaycanın mövqeyi, şübhəsiz ki, Türkiyə tərəfindən öyrənilir və ona uyğun razılaşmalar var. Hesab edirəm ki, bir həftədə üç dəfə uçuş keçirilməsi həcmin kifayət qədər böyük olmasından xəbər verir. Yəni kifayət qədər erməni miqrantlar var, onlar Türkiyə bazarlarında, o cümlədən İstanbulda işləyirlər. Bu həm də asılılığın dərinləşdirilməsi anlamına gəlir”.

Şərhçi hesab edir ki, bu artıq Azərbaycanla Ermənistanın gözlənilən sülh sazişi fonunda öncədən atılan müsbət bir addımdır: “Bu həmçinin Azərbaycanın və Türkiyənin əslində Ermənistan üçün çox qiymətli bir nəfəslik rolunu oynadığını isbat etmiş olacaq. Ermənistan üçün başlanğıcda bu, hansısa müsbət dividentlər doğura bilər. Sabah həqiqətən iki ölkə ilə müqavilə imzalanarsa, sərhədləri açılarsa, Ermənistan bundan hansı formada faydalanacaq, aviareyslər hazırda ölçü olaraq önəmli rol oynayır. Ən son hesab edirəm ki, bu ciddi şəkildə Ermənistan üçün qiymətləndirmə meyarı rolunu oynayacaq. Ən azından onun tərəfdaşları üçün də qiymətləndirmə rolunu oynayacaq ki, regionda Avropa, Ermənistanı yanlış yola yönləndirən Belçika, Fransa gəlib qonşu olası deyil. Yenə də qonşu olaraq ermənilər bizə məhkumdurlar, bizimlə yaşamağa məcburdurlar. Bu baxımdan da əslində çox müsbət bir başlanğıcdır. Hesab edirəm ki, bu, həm də siyasətdən kənar başqa bir detalı ortaya çıxarır. Uçuşlardan yararlanan mülki əhalinin bir növ Ermənistan hökuməti üzərində basqıları da artırmış olacaq ki, Türkiyənin açılma, güzəştlərə getməsi üçün şərt kimi qoyulan sərhəd məsələləri də həll edilsin”.

Elxan Şahinoğlu da hesab edir ki, bu aviareysin açılması bizi narahat etməməlidir: “Biz keçmiş illərdə narahatıydıq, Azərbaycan torpaqları işğal altında olanda bu cür əlaqələrin əleyhinə idik. O zaman Türkiyə ilə Ermənistan arasında aviareyslərin olmasını, yaxud hansısa sazişin imzalanmasını istəmirdik. Çünki öncə işğal faktına son qoyulmasını tələb edirdik. Çünki 90-cı illərdə Türkiyə Ermənistanla əlaqələri məhz torpaqlarımızın işğalına görə kəsdi. Amma indi işğal faktına böyük ölçüdə son qoyub və prezident İlham Əliyevin açıqlaması var idi ki, Türkiyə Ermənistan siyasətində sərbəstdir. Buna baxmayaraq, Türkiyə rəsmiləri deyirlər ki, Ermənistan siyasətini Bakı ilə koordinasiyalı şəkildə həyata keçirməliyik. Hava reysinin açılmasını Azərbaycan üçün təhlükə görmürəm. Böyük ehtimalla bu məsələ də Azərbaycan hakimiyyəti ilə koordinasiya olunub. İndi əsas məsələ edir ki, Paşinyanı masada otuzdurmaq üçün həm bizim tərəfdən, həm də Türkiyə tərəfdən addımlar atıla bilər. Əslində bölgəyə sülh və barış, əməkdaşlıq lazımdır. Bu baxımdan mən bu aviareyslərin açılmasını ümumi siyasətin tərkib hissəsi hesab edirəm”.

Politoloq Xəyal Bəşirov da düşünür ki, bu həm də Ermənistan cəmiyyətinin düşüncəsini dəyişəcək bir yenilikdir: “Hər bir halda Türkiyə dövləti 30 ilə yaxın bir müddətdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasətinin mövcud olduğu dönəmdə bu ölkə ilə sərhədlərin açılması ilə bağlı konkret şərtini ortaya qoymuşdu. Şərt bu idi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından vaz keçməli, işğala son qoymalı və yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilərdi. O cümlədən nəqliyyat- kommunikasiya xətlərinin açılması ilə bağlı belə bir mövqe ortaya qoymuşdu. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə son qoyulsa da təbii ki, müəyyən problemlər hələki mövcuddur. Xüsusilə də Ermənistan Azərbaycana aid olan bəzi əraziləri hələ boşaltmayıb. Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesini həyata keçirməyə mane olur. Təbii ki, qarşıda Soçi görüşü, ondan sonra isə 15 dekabr tarixində Brüsseldəki ikitərəfli görüş olacaq. Yəqin ki, Türkiyə tərəfi də məlumatlıdır ki, bu görüşlərdə müsbət nəticə əldə olunacaq və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində real addımlar atılacaq. Məhz bu səbəbdən Türkiyə tərəfindən uçuşların reallaşmasına razılıq verilib.

Amma onu da diqqətə çatdırım ki, Ermənistan dövlətinin siyasəti birmənalı deyil, Ermənistanı idarə edən şəxslərin yürütdüyü siyasətin birmənalı olmamasına görə onlara tam etimad və etibar yoxdur. İstənilən an onlar fərqli mövqe ortaya qoya bilərlər və həmişə olduğu kimi ziddiyətli addımlar ata bilərlər. Məhz düşünürəm ki, bu səbəblərdən Ermənistanın yalnız real addımları olacaq, təkcə fikirlər və bəyanatlar deyil, həmin bəyanatlara və fikirlərə uyğun olaraq sülh təşəbbüsləri ortaya qoyulacaq. Düşünürəm ki, hər bir halda yəqin ki, Ermənistan tərəfi rəsmi olaraq bu cür müsbət addımların atılacağı ilə bağlı söz və vədlər verib, Türkiyə tərəfi bu vədlərin, real addımların atılması atılacağı ilə bağlı sözlərin fonunda razılığa gəlib.

Əslində məsələnin pozitiv tərəfi də var. Ermənistanın bu blokadadan çıxması Ermənistan cəmiyyətinə müsbət mənada təsirli ola bilər ki, onlar həqiqətən də blokadadan çıxmağın nə olduğunu, bunun yeganə yolunun Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətinə son qoymaqdan keçdiyini anlayacaqlar. Hər bir halda əgər gələcəkdə Ermənistan tərəfi yenidən təxribatçı addımlara davam edərsə, ziddiyyətli addımlar atarsa, Türkiyəyə hava yolunun açılmasının ömrü çox qısa olacaq. Bu məhz Ermənistan dövlətinin gələcəkdə yürüdəcəyi siyasətindən asılıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.