“Bu, dərin kök salan və qaynayan qəzəbin əlamətidir” – Rusiya Qazaxıstanı ələ keçirir
6-01-2022, 14:12

Rusiya qoşunları hökumət əleyhinə nümayişlər fonunda Qazaxıstanda "sabitləşməyə" kömək etməyə gələcəklər. Prezident Kasım-Jomart Tokayev kütləvi iğtişaşların artmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) dəstək verməyə çağırıb.
Tokayev xalqa real islahatlar da vəd edib. Amma öz xalqına qarşı başqa ölkələrin ordusunu dəvət edən dövlət başçısına xalqın inamı o qədər də böyük deyil. Etirazlar ilkin olaraq yanacağın qiymətinin qalxmasına qarşı başlasa da, sonradan siyasi narazılıqları da əhatə edib.
Londonda yerləşən “Chatham House” xarici əlaqələr mərkəzinin Mərkəzi Asiya üzrə eksperti Keyt Mallinson BBC-yə bildirib ki, etirazların əsl səbəbləri başqadır: “Etirazlar Qazaxıstan hökuməti modernləşdirmə və insanların həyatına təsir edən islahatları həyata keçirmək istiqamətində addımlar atmadığına görə dərin kök salan və qaynayan qəzəb və narazılığın əlamətidir".
Etirazlara sərt cavab verəcəyini vəd edən prezident komendant saatı və kütləvi toplantılara qadağa da daxil olmaqla fövqəladə vəziyyət elan edib. Bu gün səhər isə Tokayev Rusiya və digər KTMT üzvlərinə müraciət etdiyini bildirib. KTMT sədri, Ermənistanın baş naziri Nikol Paşinyan alyansın “qısa müddət” ərzində “sülhməramlı” qüvvələri göndərəcəyini təsdiqləyib.
Kütləvi qəzəbin böyük hissəsi, görünür, təqaüdə çıxandan bu yana milli təhlükəsizlikdə mühüm rol oynayan Nursultan Nazarbayevə yönəlib. O, iğtişaşları soyutmaq üçün işdən çıxarılıb. Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən çıxararaq bu işi öz üzərinə götürüb.
Keçmiş ölkə liderinin nəhəng tunc heykəlini sökməyə çalışan insanların da videosu yayılıb. Sökülən heykəl Nazarbayevin doğulduğu bölgə olan Taldıkorqanda yerləşirdi.
Qazaxıstanın əsas hava limanı da fəaliyyətini dayandırıb. Etirazçılar Almatı şəhərinin meriyasını da ələ keçiriblər. Sosial şəbəkələrdə yayılan videolarda binanın üzərindən tüstü qalxdığı görünür və atışma səsləri eşidilir. Şəhərin polis rəisi Kanat Timerdenov bildirib ki, “ekstremistlər və radikallar” 500 mülki şəxsə hücum edib, yüzlərlə müəssisəni talayıblar. Bununla belə, ekspertlərin fikrincə, talanları məhz hökumətin gizli qüvvələri təşkil ediblər ki, etirazçılara qarşı silah tətbiqinə zəmin hazırlasınlar. Amma bəzi yerlərdə təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyi bildirilir. O üzdən də Tokayev Rusiya ordusunu ölkəyə dəvət edib.
Xatırladaq ki, bazar günü hökumət maye qazın qiymətini iki dəfə artırarandan sonra başlayan etirazlar sonradan geniş miqyas alıb və siyasi tələblərlə böyüməyə başlayıb. Hakimiyyət güzəştlərə hazır olduğunu bildirib, Nazarbayev tutduğu vəzifədən uzaqlaşdırılıb, hökumət istefa verib.
Qazaxıstan beynəlxalq təşkilatların “avtoritar” adlandırdığı ənənəvi Mərkəzi Asiya dövlətidir. 2019-cu ilə qədər ölkəyə şəxsiyyətə pərəstiş ünsürləri üzərində hakimiyyət sistemi yaradan prezident Nursultan Nazarbayev rəhbərlik edib, onun heykəlləri ölkə boyunca ucaldılıb və paytaxtın adı onun adına dəyişdirilib.
Qazaxıstanda əksər seçkiləri demək olar ki, 100 faiz səslə hakim partiya qazanır və real siyasi müxalifət yoxdur. Əcnəbi analitiklər düşünürlər ki, Qazaxıstan hökuməti əhalinin nə dərəcədə qəzəbli olduğunu düzgün qiymətləndirə bilməyib, baxmayaraq ki, hökumətin gizli monitorinq xidmətləri fasiləsiz olaraq işləyir və hesabatlar hazırlayırlar. Belə etirazlar seçki demokratiyası olmayan ölkələrdə sürpriz deyil - insanlar tez-gec eşidilmək üçün küçələrə axışmalı olurlar və etirazlar sürətlə böyüyüb iğtişaşlara keçir. Qazaxıstanda da etirazlar əslində yanacaqla bağlı deyil, daha genişdir. Maye qaz isə sadəcə, qığılcım rolunu oynadı. Ardınca isə həm daxili qəzəb, həm də xarici qüvvələrin müdaxilələri məsələnin böyüməsinə səbəb oldu.