Qazaxıstan hadisələri - KTMT ilə münasibətlərdə Azərbaycanın nə kimi perspektivləri var?..

13-01-2022, 08:45           
Qazaxıstan hadisələri -
Rəşad Bayramov: “Qazaxıstanda baş verən hadisələrdən sonra Azərbaycan həmin qurumla bir qədər də məsafəli davranmalıdır”
img
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son hadisələri müzakirə edərkən Ermənistanın baş naziri Nikol Paşinyan fürsətdən istifadə edərək Azərbaycan barədə sərsəmləyib.

Belə ki, Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT-nin növbədənkənar sessiyasında Paşinyan çıxış edərək, Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Paşinyan Qazaxıstandakı son hadisələrlə İkinci Qarabağ müharibəsi arasında cəfəng paralellər aparıb: “Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağa da 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz-üzə qala bilər”.

Qeyd edək ki, Rusiya Qazaxıstan hadisələrini örnək kimi göstərərək Özbəkistana da açıq ultimatumlar verir ki, gəlib KTMT-yə qoşulmasa onun üçün pis olacaq. Rusiya dəfələrlə bəyan edib ki, Azərbaycanı da müşahidəçi qismində KTMT-də görmək istəyir. Ötən ilin sonlarında Bakıdan bununla bağlı müsbət impulslar verilməyə başladı. Bəs Qazaxıstanda baş verənlərdən sonra Azərbaycanın KTMT ilə əməkdaşlıq perspektivlərini necə qiymətləndirə bilərik?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz müxtəlif çoğrafiyalarda və fərqli ölkələrdə baş verən prosesləri bir-başa bizim müstəvimizə köçürməklə bağlı uğursuz cəhdlər görürük: “Rusiyanın Cənubi Qafqazdakı maraqları bəllidir. Çox çətin bir yol qət edərək onların qismən təmin olunmasına nail olub. Hazırda Rusiya sülhməramlıları Qarabağa yerləşib. Rusiyaya hələlik bundan artığı lazım deyil. Ermənistanda isə hərbi bazaları var. Həmin ölkənin sərhədlərini də özü qoruyur. Gürcüstanda isə Abxaziya və Cənubi Osetiya kimi separatçı rejimləri birbaşa dəstəkləyir. Təbiidir ki, Rusiya daha çox üstünlük istəyir. Məsələn, istiyər ki, Azərbaycan- Ermənistan sərhədinə də nəzarət etsin. Ancaq buna biz razı deyilik. Rusiya Azərbaycan kimi bir ölkəni özünün patronajlığı ilə yaranan bütün birliklərdə görmək istəyər. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olduğu üçün heç bir hərbi blokda təmsil oluna bilməz. KTMT hərbi blokdur. Azərbaycan orada yalnız müşahidəçi qismində təmsil oluna bilər. Mənə elə gəlir ki, Qazaxıstanda baş verən hadisələrdən sonra Azərbaycan həmin qurumla bir qədər də məsafəli davranmalıdır. Bizim üçün narahatlığa ciddi əsas görümürəm. Çünki Rusiya ilə Azərbaycanın münasibətləri tam başqa müstəvidə cərəyan edir. Yəni bizimlə Özbəkistanı bu məsələdə eyniləşdirmək lazım deyil”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.