Britaniya hərbi gəmilər göndərir, ABŞ qoşunları Polşada yerləşdirir: müharibə başlanırmı...

10-02-2022, 10:33           
Britaniya hərbi gəmilər göndərir, ABŞ qoşunları Polşada yerləşdirir: müharibə başlanırmı...
Qərb cəbhəsi Bolqarıstan, Rumıniya və Polşada hərbi qüvvələrini artırır, Rusiya sərhədə qoşunlar cəmləşdirməyə davam edir; analitik: “Putin düyməyə basıb, sadəcə “X gününün" tarixi bəlli deyil”

Şərqi Avropanın keçmiş kommunist ölkələri revanşist kimi gördükləri Rusiyadan getdikcə daha çox narahat olur. Bu ölkələrin hökumətləri Rusiya lideri Vladimir Putinin başqa daha harada problem yarada biləcəyini anlamaq üçün Ukrayna böhranını diqqətlə izləyir.

“Yeni Müsavat” yazır ki, Britaniya Norveçdə təlimlərdə olan Kral Dəniz Komandosunun 350 üzvünü fövqəladə hallar üçün planlaşdırılmalarda iştirak etmək üçün Polşaya göndərəcək. Bu addım Rusiyanın 1945-ci ildən bəri hərbi birləşmələrin ən böyük cəmləşdirilməsi olan Ukrayna sərhədlərinə yerləşdirməsi ətrafında gərginliyin artdığı bir vaxta təsadüf edir. Britaniyanın baş naziri Boris Conson Bolqarıstan və Rumıniyaya döyüş təyyarələri, Qara dənizə hərbi gəmilər göndərməyə hazır olduğunu bildirib. O, Britaniyanın geri çəkilməyəcəyini deyib.

ABŞ qoşunları da Ruminiya və Polşada yerləşdirilib. ABŞ donanmasına məxsus hərbi gəmilər isə Aralıq dənizindən Qara dənizə gətirilib. Maraqlıdır, Qərb və Amerika Rusiya ilə müharibəyə hazırlaşırmı? Ukrayna ordusu bildirir ki, Donetsk və Luqansk regionları arasındakı sərhədə artilleriya hücumlarının sayı azalıb, ancaq Moskva sərhəddə kütləvi sayda qoşunlar cəmləşdirməyə davam edir. Ukraynanın şərqində Luqansk regionunun Zolotoe şəhərində ukraynalı əsgərlər keşik çəkirlər. “Bəzən atışmalar olur. Mazğaldan baxsam, başıma güllə dəyə bilər”, - Ukrayna əsgəri Aleksandr deyir. Bu ərazidə mülki vətəndaşlar da yaşayır və orada atışmalar tez-tez baş verir. 70 yaşlı Aleksandra Gerasimova deyir ki, o, buna öyrəşsə də, mal-qara öyrəşməyib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları aktiv şəkildə təlim keçirlər. Onlar sərhəd yaxınlığında artilleriya bölmələri quraşdırıblar. Bütün bu panik xəbərlər müharibə həddinə gəlib çıxdığı ehtimalı yaradır. Lakin Avropa liderlərinin Kiyevə ardıcıl səfərləri, Fransa prezidenti Makronun Moskvaya gedərək Putinlə görüşməsi Rusiyanı müharibədən çəkindirməyə hesablanıb. Lakin Britaniya və ABŞ hər ehtimal Şərqi Avropada hərbi hazırlıq görməkdədirlər. Bəzi müşahidəçilər isə hərbi aqressiyanın güclənməsini eskalasiya ilə nəticələnməsini istisna edirlər. Onların hesablamalarına görə, Rusiya və Qərb inadından dönmür, amma vasitəçilər müharibə niyyətindən daşındırmağa çalışırlar. Bizim mütəxəssislər necə düşünürlər?

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Moskva iddia edir ki, Kiyev Minsk razılaşmalarını yerinə yetirmir: “Məgər Donbasdakı insanlara Rusiya pasportları paylamaq Minsk razılaşmalarına uyğun idi? Və ya sərhəddə yüz minlik qoşun cəmləşdirmək, bir o qədərini də Belarusa toplamaq Minsk razılaşmalarına uyğundur? Rusiya prezidenti ona əsəbiləşir ki, vaxtilə Minsk razılaşmalarına dəstək verən Qərb ölkələri hazırda həmin razılaşmalardan faktiki imtina ediblər. Bəli, Minsk razılaşmaları aktuallığını itirib, Kiyev Donbasa xüsusi səlahiyyət verməyəcək, separatçılarla birbaşa danışıqların aparılması da mümkün deyil”. E.Şahinoğlunun fikrincə, Makronun Moskva və Kiyev səfərlərinə gəldikdə, müsbət nəticədən danışmaq yersizdir: “Putin Makronla birgə mətbuat konfransında açıq şəkildə Qərbi və NATO-nu hədələdi, Qara dəniz sahillərində Rusiya hərbi gəmiləri təhlükəli manevrlərə başlayıblar. Putin düyməyə basıb, mexanizm işə düşüb, sadəcə, ”X günü"nün tarixi bəlli deyil".

Siyasi şərhçi Əhəd Məmmədli müharibəni istisna edir: “Amma Şərqi Ukraynada qısamüddətli antiterror əməliyyatı mümkündür. Yadımdadır ki, Ukrayna Slavyansk adlı bir qəsəbəni azad etmişdi, Rusiya müdaxilə etməsəydi, separatçıları tam təmizləyəcəkdi. İndi ola bilsin ki, NATO Ukraynanı əməliyyatlara hazırlayır, amma alyansla Rusiyanın toqquşmasını gözləmirəm. Rusiya Ukraynaya görə ABŞ və NATO ilə üz-üzə bu şəkildə gəlməz. Sadəcə, tərəflər bir-birini güc göstərməklə məşğuldurlar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.