"Oslo danışıqları sanksiyaların götürülməsinə kömək etdi" - XİN başçısı
15-02-2022, 12:08

"Əfqanıstan nümayəndə heyətinin ABŞ da daxil olmaqla bir sıra Qərb dövlətlərinin nümayəndələri ilə Osloda apardığı danışıqlar uğurlu olub. Bəzi məsələlərdə anlaşmaya və Əfqanıstana qarşı tətbiq edilən sanksiyaların qismən götürülməsinə nail olunub". AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Mutaki deyib.
"Osloda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Norveç və ABŞ nümayəndələri ilə görüşlərimiz oldu. Təbii ki, onların narahatçılığı var idi, bizim də tələblərimiz var idi, amma görüşlər uğurlu alındı. Xüsusilə də ABŞ-la danışıqlarda biz sanksiyaların ləğvi məsələsində irəliləyiş əldə etdik”, - Mutaki bildirib.
Onun sözlərinə görə, Əfqanıstana vəsaitlərin qaytarılmasını asanlaşdıracaq bir sıra lisenziyalar verilib: "Biz daha çoxunu gözləyirik. Vəziyyət yaxşılaşdıqca, digər ölkələr humanitar yardım göstərəcəklərini vəd ediblər və bu, artıq genişlənməkdədir", - Mutaki deyib.
“Taliban” nümayəndə heyəti yanvarın 23-dən 25-dək Osloda olub, orada əfqan siyasətçiləri, vətəndaş fəalları, habelə Norveç və bir sıra digər ölkələrin diplomatları ilə danışıqlar aparıb.
Qeyd edək ki, taliblər ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Onlar müvəqqəti hökumət yaradıblar.