Peskovun etirafı Azərbaycan üçün hansı təhlükəli ssenaridən xəbər verir? - GƏLİŞMƏ
17-02-2022, 12:35

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donbasda Rusiya pasportlarının paylanıldığını təsdiqləyib. "Donbasda Rusiya pasportlarının paylanılması Minsk razılaşmalarını pozmur. Bunun üçün Minsk razılaşmalarının qısa mətnini bir dəfə oxumaq kifayətdir. Moskva bunu humanitar məqsədlər üçün edir”, - deyə o, jurnalistlərə açıqlaması zamanı söyləyib. DİA.AZ xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun sözlərinə görə, Rusiya bilavasitə olsa da, separatçılığını etiraf edərək özünə haqq qazandırmağa çalışıb:
"Rusiya sülhməramlıları Qarabağa müvəqqəti yerləşdikdən sonra bir çox fikir adamları, o cümlədən politoloqlar Donbass ssenarisinin gələcəkdə Azərbaycan torpaqlarında da təkrarlana biləcəyini istisna etmirdilər. Peskovun sözügedən açıqlaması bu ehtimalı daha da artırır. Rusiyanın Cənubi Qafqazdan çıxmaq fikri yoxdur. Bu isə o deməkdir ki, Qarabağda rus hərbçilərinin fəaliyyət müddətinin bitməsi vaxtı yaxınlaşdıqca müxtəlif həmlələr ola bilər. Bunlardan birincisi təxribatların sayının artmasıdır. İkincisi və bəlkə daha qorxulusu isə, sülhməramlıların müvəqqəti olaraq yerləşdiyi ərazidəki insanlara rus pasportlarının paylanmasıdır. Belə olsa, işimiz xeyli çətinləşəcək”.
Müsahibimiz bildirib ki, Kremlin bu cəhdi təkcə regional proseslərdən yox, həm də Türkiyə, Qərblə münasibətlərdən, həmçinin Ukrayna ilə gərginliyin nəticəsindən asılı olacaq:
"Qabaqlayıcı addımlar atılmalıdır - bunun üçün ilk növbədə Qarabağa köç prosesi sürətlənməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyətin Yuxarı Qarabağın Azərbaycana məxsusluğunu tanıması istiqamətində daha ciddi işlər görülməlidir. Ermənistanın həmin vaxt Rusiya ilə razılaşmamasından ötrü regional əməkdaşlıq sürətlənməli, lazım gəldiyi halda, təzyiqlər artırılmalıdır. Əlbəttə, bu məsələdə kommunikasiyaların açılması və Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası əsas məqamlardandır. Rəsmi İrəvana başa salmaq lazımdır ki, Rusiyanın "təşəbbüslərindən" ona heç bir xeyir gəlməyəcək.
O vaxtadək Ermənistanda hakimiyyətin dəyişə biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, baş nazir Nikol Paşinyan iqtidarını Rusiyameyilli kimsə əvəz etsə, nə isə etməyə, "suları bulandırmağa" imkanı qalmasın. Bütün hallarda proseslər sürətlənməlidir. Rusiyanın Qarabağda Donbas ssenarini təkrarlamaması üçün bütün mümkün addımlar atılmalı, preventiv tədbirlər görülməlidir”.