“Gələcək özbaşına deyil”: Mark Zukerberqin 2022-ci il üçün planları

18-02-2022, 18:40           
“Gələcək özbaşına deyil”:
“Meta”nın rəhbəri, milyarder Mark Zukerberq 2021-ci ilin yayında bildirmişdi ki, başqa insanların varlığını fəza vasitəsilə fiziki olaraq hiss etməyə imkan verəcək metaverse (meta-aləm) üzərində işləyir. Onun fikrincə, metaversenin yaradılması beş il çəkəcək, lakin ilk mühüm addımlar 2022-ci ildə atılacaq. AzVision.az onun yaxın gələcəyimiz haqqında verdiyi proqnozları sizə təqdim edir.

Meta-aləmə doğru ilk addımlar

2021-ci ilin oktyabrında “Facebook”un adı dəyişdirilərək “Meta” oldu və Zukerberq yeni məhsulu Metaversi (meta-aləm) rəsmən təqdim etdi. Metaversedə rəqəmsal avatarlar yaratmaq, evlər qurmaq, real həyatdan predmetlər gətirmək mümkün olacaq. 2022-ci ildə şirkət metaversdə həyatı əl hərəkətləri və səslə, gələcəkdə isə düşüncənin gücü ilə idarə etməyə imkan verəcək yeni “Project Cambria” VR (virtual reallıq) qalpaqları buraxacaq. Komplekt insanın üz ifadələrini onun avatarı vasitəsilə əks etdirəcək və rəqəmsal predmetləri idarə etməyə imkan verəcək.


Meta “Horizon Workrooms” virtual gerçəkliyində “Oculus Quest 2” komplekti istifadəçilərinin avatar kimi görüşə biləcəyi ilk uzaqdan tətbiqi də testdən keçirir. Rəsmi təqdimat 2022-ci ilə planlaşdırılır. VR komplektləri tətbiqatda tam gücü ilə işləmək üçün lazımi şəkildə yenilənib.

Horizon İş Otaqları (Workrooms)

Mark Zukerberq “Teams” virtual korporativ platformasının özünəməxsus versiyası üzərində işləyən “Microsoft” ilə əməkdaşlığa başladığını da elan edib. “Teams”ın video konfransları artıq İş Yeri (Workplace) istifadəçiləri üçün əlçatan olacaq. “Teams” əlavəsində İş Yeri kontenti yaradılacaq və beləcə, metaverse cross-platformalı olacaq.


“Meta” ABŞ və Kanada sakinləri üçün “Horizon Worlds” VR aləminə pulsuz giriş açıb. Onu 2020-ci ildə sınaqdan keçiriblər. “Oculus Quest 2” istifadəçiləri “Horizon Worlds”də birlikdə oynaya, idman və sənətlə məşğul ola, birgə araşdırmalar apara bilərlər. 2022-ci ildə tətbiq proqramına giriş genişləndirilə və bütün dünyaya yayıla bilər.

Zukerberq özü metaversi belə görür: “Qarşılıqlı əlaqələr daha da zənginləşəcək və real hiss ediləcəklər. Gələcəkdə siz telefonla danışmaq əvəzinə divanda mənim yanımda holoqram kimi otura biləcəksiniz, ya da mən sizin divanınızda əyləşəcəyəm. Hətta bir-birimizdən yüzlərlə mil məsafədə olsaq belə”.

Uzaqdan iş və hibrid ofislər

2021-ci ilin iyun ayında “Meta”nın baş direktoru elan etdi ki, şirkət bütün ştatlı işçilərinə öz vəzifələrini uzaqdan yerinə yetirə biləcəkləri müddət ərzində evdən işləməyə icazə verəcək. Əvvəllər şirkət uzaqdan işləməklə bağlı daha sərt siyasət yürüdürdü. Lakin hazırda Zukerberq özü ən azı 2022-ci ilin birinci yarısını evdə keçirmək niyyətindədir. O öz şirkəti üçün uzaqdan işləmək imkanı təmin edən hibrid ofislər hazırlayır. Şirkətin işçilərinin yarıdan çoxu, yəni təxminən 60 min nəfər bu rejimdə on il işləyə biləcək.

- Son bir il ərzində biz sizin hər yerdə yaxşı işləyə biləcəyinizi öyrəndik və mən uzaqdan genişmiqyaslı iş imkanları məsələsində artıq daha optimistəm, uzaqdan video-əlaqə və virtual reallıq təkmilləşməyə davam edir,- Zukerberq fikirlərini bölüşüb.


2021-ci ildə “Facebook” işçilərini başqa ölkələrə köçməyə təşviq etmək üçün kampaniya başlatdı. O, ABŞ-dan Kanadaya, eləcə də istənilən Avropa ölkəsindən Böyük Britaniyaya köçməyi təklif edir. 2022-ci ilin yanvarından etibarən “Meta” işçilərinə əvvəlcədən iş icazəsi alaraq, Avropanın, Yaxın Şərqin və ya Afrikanın yeddi ölkəsi arasında daimi hərəkət etməyə icazə verib. Düzdür, köçdükləri regionda yaşamaq daha ucuz başa gələrsə, onların maaşları da azala bilər. Zukerberq bütün işçilərə pandemiyadan sonra da uzaqdan işləməyə icazə verəcəyini vəd edir. O, yaxın beş-on il ərzində “uzaqdan” işləyən əməkdaşların şirkətin işçi qüvvəsinin yarısını təşkil edə biləcəyini proqnozlaşdırır.

Uzaqdan işləmək Zukerberqin özünün də ürəyincədir: “Başa düşdüm ki, uzaqdan işləmək mənə strateji düşünmək üçün daha çox imkanlar verir, ailəmlə daha çox vaxt keçirməyə şərait yaradır, bu məni daha xoşbəxt və məhsuldar edir”.

Kameralı ağıllı saat və ağıllı eynəklər

Zukerberq “Meta”nın bu bazarda rəqabət qabiliyyətini artırmaq üçün daşınan elektron əşyalar seriyasının istehsalına hazırlaşır. 2021-ci ildə “Facebook” və “Ray-Ban” artıq adi eynəklərə bənzəyən, lakin kameralarla təchiz edilmiş, görüntüləri paylaşmağa, musiqi dinləməyə və zəngləri qəbul etməyə imkan verən “ağıllı” eynəkləri təqdim edib.


2022-ci ilin yayında Meta displeyinə iki kamera quraşdırılmış ağıllı saat buraxmağı planlaşdırır. Cihaz LTE dəstəyi alacaq. Ön kamera ekrana quraşdırılacaq və ondan videozənglər üçün istifadə edilə bilər. Əsas kamera foto və videolar üçün nəzərdə tutulacaq, onu displeylə birlikdə qadcetin korpusundan çıxarıb, oflayn rejimdə də istifadə etmək olar. Saatın fitnes funksiyaları, həmçinin nəbzölçəni olacaq. Qurğu ani messencerləri və proqramları dəstəkləyə biləcək. Görünür, onda “Google”un “Android” ƏS-nin xüsusi versiyasından istifadə ediləcək. Yeni əşyaların qiyməti təxminən 400 dollar gözlənilir.

Xəstəliklərin vizuallaşdırılması

Zukerberq elan edib ki, ona məxsus “Chan Zuckerberg Initiative” xeyriyyə fondu 2022-ci ildə insan orqanizmini başa düşməyə kömək edən texnologiyalara əsaslanan elmi mərkəz açacaq.


- Hüceyrə və toxumaların fəaliyyətini aşkar etmək üçün süni intellekti bioloji görüntüləməyə, yaxud xərçəng hüceyrələri, toxumalar və immunitet sistemi arasındakı qarşılıqlı əlaqənin şiş böyüməsini necə təşviq etdiyini və ya qarşısını aldığını və yaxud fizioloji və emosional vəziyyətləri tənzimləmək üçün beyin və bədənin necə qarşılıqlı əlaqədə olduğunu anlamağa tətbiq edə bildiyinizi təsəvvür edin. İnsan biologiyasına dair bu dinamik və inteqrasiya olunmuş anlayışlara sahib olmaq bütün xəstəliklərin müalicəsində, onların qarşısının alınmasında və ya idarə olunmasında irəliləyişi sürətləndirərdi”,- Mark yazır.

Mərkəz fəaliyyətdə olan insan orqanizminin daxili işini müşahidə etməyə imkan verəcək yeni təsvir texnologiyalarını təbliğ edəcək. Onları biologiya, fizika, mühəndislik və riyaziyyat kimi müxtəlif sahələrdən olan mütəxəssislər hazırlayırlar.

Bundan başqa, Zukerberq Fondu artıq mövcud olan “Chan Zuckerberg Biohub” layihəsini gələn il genişləndirəcək. Layihə alimləri, mühəndisləri və həkimləri fənlərarası tədqiqatlarda bir araya gətirir. Artıq bu sahədə yoluxucu xəstəliklərin tədqiqi, o cümlədən, müxtəlif virusların, eləcə də insan orqanizminin hüceyrə atlaslarının qlobal miqyasda yayılmasının müəyyən edilməsi üçün vasitələr yaranıb.

2022-ci ildə “Chan Zuckerberg Biohub Network” də istifadəyə veriləcək. Layihənin ideyası bir-birinə yaxın ərazidə yerləşən aparıcı elmi-texniki institutları birləşdirmək və 10-15 illik üfüqdə “böyük elmi vəzifələri” birlikdə həll etməkdir. Universitetlər və müəssisələr 2022-ci ilin əvvəlindən öz layihə ideyalarını təqdim edə biləcəklər. İlin sonuna kimi onlardan ən vacibləri və perspektivliləri seçilərək, 2023-cü ildə Biohub şəbəkəsinə daxil ediləcəklər.

Süni intellektin təbabət və biologiyada yeni rolu

2022-ci ildə Zukerberq Harvard Universitetində Təbii və Süni İntellektin Öyrənilməsi üzrə Kempner İnstitutunu açacaq. İnstitutun mütəxəssisləri biologiya və tibb kimi sahələrdə süni intellektin potensialını araşdıracaqlar.

- Biz süni intellekt və biotibbi kompüter elmlərini - tətbiqi riyaziyyat, nevrologiya, idrak elmləri, statistika və riyaziyyat üzrə mütəxəssislərlə bir araya gətirməklə... alimlərə və həkimlərə insan orqanizmini başa düşməkdə kömək etmək üçün tamamilə yeni vasitələr komplekti təqdim edə bilərik,- vizioner qeyd edir.

Zukerberq etiraf edib ki, ötən il onun üçün dərs olub: “Geriyə baxanda bu hadisələrin hamısının qaçılmaz olduğunu başa düşürsən. Axı gələcək özbaşına yaranmır. Biz əvvəlcə inanır, sonra birlikdə qurub-yaradırıq. Tərəqqi belə başlayır. Əvvəlcədən əminiklə müəyyən edilmiş nəticə daha yaxşı gələcəyin həqiqətən mümkün olduğuna inanan insanların seçimi qədər doğru olmur. Bu dərsi 2022-ci ilə keçirəcəyik. Sizin də bunu edəcəyinizə ümidliyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.