Prezidentlər atəşkəslə bağlı İşçi Qrup yaradır, Ərdoğan isə Putinlə yenidən müzakirələrə başlayır
21-02-2022, 08:28

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron Donbasla bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəliblər.
Reyting.az-ın məlumatına görə, "Reuters" agentliyi Yelisey sarayına istinadla bildirir ki, İşçi Qrupun əsas məqsədi qoşunların təmas xəttində atəşkəs üçün şərait yaratmaq olacaq.
Qeyd olunur ki, Rusiya və Fransa xarici işlər nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə sammitin təşkilini müzakirə ediblər.
Liderlərin söhbəti 1 saat 45 dəqiqə davam edib. Bundan sonra Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə yarım saatlıq müzakirə aparıb.
Onu da diqqətə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacaq.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Rəcəb Tayyib Ərdoğanın belə bir görüşün təşkili üçün cəhdləri davam edir:
“Ukraynaya son səfərimiz zamanı o, prezident Zelenski ilə bunu müzakirə edib. O, bu məsələni cənab Putinlə də danışıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək”, - İ. Kalın əlavə edib.
Ərdoğanın sözçüsü bildirib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqə saxlayır və Putinin Türkiyəyə səfərinə hazırlıqlar davam edir: “Eynilə, cənab Putinin Türkiyə səfərinə hazırlaşırıq. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq”.