Putin düyməyə basdı, Rusiya qoşunları Ukraynanın işğalına başlayır – Amerikadan şok iddia…
21-02-2022, 10:34

Amerikanın CBS News televiziyası kəşfiyyat məlumatlarına istinadən prezident Putinin qoşunlara işğal əmri verdiyini iddia edib. Telekanal rus qoşunlarının işğala doğru irəliləmək əmri aldığını bildirib. İddialara görə, rus qoşunları sərhədə və hücum mövqelərinə getdikcə daha da yaxınlaşır, sahə komandirləri isə döyüş meydanında necə manevr etmək barədə planlar qururlar.
CNN də iki ABŞ rəsmisi və kəşfiyyat mənbələrinə əsasən Rusiya hərbçilərinə Ukraynaya hücum əmri verildiyi barədə xəbər yayıb.
ABŞ dövlət katibi Antoni Blinken də deyib ki, bütün siqnallar Rusiyanın Ukraynaya hücum ərəfəsində olduğunu göstərir. Blinken, işğalın hər an baş verə biləcəyi xəbərdarlığını təkrarlayıb və diplomatiyanın bütün imkanlarından istifadə ediləcəyini söyləyib: "Biz düşünürük ki, Putin öz qərarını verib. Lakin tanklar idarə olunana və döyüş təyyarələri uçana qədər biz diplomatiyanın Putini çəkindirə biləcəyini görmək üçün hər fürsətdən və hər dəqiqədən istifadə edəcəyik".
Kreml isə Donbasda artan gərginliyin qığılcım yarada biləcəyini bildirir. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, gərginlik yüksək səviyyədə olduqda, istənilən qığılcım, hər hansı gözlənilməz hadisə və ya kiçik planlaşdırılmış təxribat geri dönülməz nəticələrə gətirib çıxara bilər.
ABŞ-ın Moskvadakı səfirliyi isə Ukrayna-Rusiya gərginliyi ilə bağlı “terror hücumu” xəbərdarlığı edib. Səfirlik Rusiyadakı ABŞ vətəndaşlarını mümkün terror hücumlarından ehtiyatlı olmağa çağırıb: “Mətbuatda yayılan məlumatlara görə, Moskva və Sankt-Peterburq da daxil olmaqla iri şəhərlərdə, Rusiyanın Ukrayna ilə sərhədində ticarət mərkəzləri, qatarlar, metro stansiyaları və digər insanların sıx toplaşdığı yerlərdə hücum təhlükəsi var".
Bəyanatda həmçinin ABŞ vətəndaşları göstərilən şəhərlərdə insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa çağırılır.
2021-ci ilin son günlərindən Ukrayna sərhədində gətirilən Rusiya əsgərlərinin sayı son rəqəmlərə görə 160 mini keçib. Rusiya ordusu Ukraynanı şimaldan, şərqdən və cənubdan mühasirəyə alıb.
Bu arada, Belarus birgə təlimlər üçün gələn Rusiya qoşunlarının ölkədə qalacağını açıqlayıb. Qərb ölkələri Rusiya ordusunun Belarusu tərk edib-etməyəcəyini diqqətlə izləyirdilər və Şərqi Avropa ölkəsinə göndərilən təxminən 30 min rus əsgərinin geri qayıdıb-qaytarmayacağının Ukrayna böhranının taleyini müəyyən edə biləcəyini düşünürdülər. Ancaq Belarus Rusiya qoşunlarının ölkədə qalacağını açıqlayıb.
Ehtimal edilir ki, Rusiyanın Belarus ərazisindən mümkün hücumu birbaşa Ukraynanın paytaxtı Kiyevi hədəfə alacaq. Çünki, Kiyevdən Belarus sərhədinə hava məsafəsi 90 kilometrə yaxındır.
bakixeber