Zelenski: «Rusiyanın Ukraynanı bombalamasına yaşıl işıq yandıran NATO-dur»

5-03-2022, 08:28           
Zelenski: «Rusiyanın Ukraynanı bombalamasına yaşıl işıq yandıran NATO-dur»
Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Ukraynanı uçuşa qadağa zonası elan etməmək qərarını sərt şəkildə tənqid edib.

Ovqat.com-un məlumatına görə, Zelenski bildirib ki, NATO Ukraynanı uçuşa qadağan zona elan etməməklə əslində şəhərlərin bombalanmasına yaşıl işıq yandırır.

Zelenski açıqlamasında dünən keçirilən NATO sammitini “zəif və çaşdırıcı sammit” adlandırıb. “Aydındır ki, hamı Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd kimi görmür” deyən Ukrayna prezidenti bildirib:

"NATO ölkələrinin bütün kəşfiyyat orqanları düşmənin planlarını çox yaxşı bilirlər. Bilirlər ki, Rusiya hücumu davam etdirmək istəyir. Biz 9 gündür, amansız müharibənin şahidi oluruq, şəhərlərimizi viran qoyurlar, insanlarımızı, uşaqlarımızı bombalayırlar. Yeni hücumların və tələfatların qaçılmaz olduğunu bilən NATO isə Ukrayna səmasını uçuşa yasaq bölgə elan etməmək qərarına gəldi».

Qeyd edək ki, Zelenskinin kəskin tənqid atəşinə tutduğu NATO ölkələrinin Xarici İşlər nazirlərinin toplantısı dünən Brüsseldə keçirilib. Toplantıya NATO ölkələri ilə yanaşı Finlandiya, İsveçin Xarici İşlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi də qoşulub. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videomüraciətində həmkarlarına müraciət edərək, ölkəsində pisləşən humanitar vəziyyət barədə məlumat verib. Toplantıda rəsmi Kiyevin Ukrayna ərazisini uçuşa yasaq bölgə elan olunması təklifinə NATO-nun Baş katibi Yens Stoltenberqin cavabı belə olub: «Biz bu münaqişənin bir hissəsi deyilik. NATO öz hüdudlarından kənara çıxmaması və yayılmaması üçün məsuliyyət daşıyır. Öz hüdudlarımızdan kənara çıxmaq daha dağıdıcı və təhlükəli olardı».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.