Mehmet Perincek: "ABŞ-ın Zaqafqaziyada marağı müharibə və münaqişələrdən ibarətdir" DÜZ ya YALAN?

5-03-2022, 18:20           
Mehmet Perincek: "ABŞ-ın Zaqafqaziyada marağı müharibə və münaqişələrdən ibarətdir"
İstanbul Unversitetinin professoru Mehmet Perinçek “minval.az” saytına verdiyi müsahibəsində iddia edib ki, ABŞ Cənubi Qafqazda müharibə tərəfdarıdır.

“Vaşinqton Cənubi Qafqazda stabillik və sülh istəmir, çünki Birləşmiş Ştatların maraqları Zaqafqazaiyada müharibə və münaqişələrdən ibarətdir”, ‒ deyə Perincek vurğulayıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda 3 böyük münaqişə ocağı yaranıb: Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri.

1980-ci illərin sonunda Azərbaycanda müstəqillik hərəkatı başlayanda o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər Azərbaycandan ayrılmaq istədilər.

Ermənistan və Azərbayan arasında başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olundu.

Cənubi Osetiya münaqişəsi Gürcüstan müstəqillik əldə etməzdən əvvəl başlayıb.

1992-ci ildə alovlanan Abxaziya münaqişəsi 1999-cu ildə Abxaziyanın özünü müstəqil elan etməsi ilə nəticələndi. Həmin müddət ərzində Rusiya hər iki bölgədəki separatçılara dəstək verib.

2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya həm Cənubi Osetiya, həm də Abxaziyanın müstəqilliyini tanıyıb.

ABŞ Cənubi Qafqaz ölkələrinin azadlığını 1991-ci il dekabrın 25-də, SSRİ-nin süqutu barədə məlumat verərkən tanıdı və bu qərar ABŞ xalqına o zamankı prezident Corc Buş tərəfindən elan olundu.

ABŞ yeni yaranmış respublikaların suverenliyinin təmin edilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq edilmədən, sülh yolu ilə, beynəlxalq hüquqa uyğun olaraq həll olunması istiqamətində aktiv rol oynayaraq, ATƏT-in Minsk Qrupunun həmsədri qismində danışıqlar prosesinin mediasiya edilməsində iştirak edib. Bu məqsədlər ATƏT-in 1995-ci il mandatında da əks olunub.

Yeni respublikaların bazar iqtisadiyyatı və demokratik siyasi sistemə keçid üçün iqtisadi və siyasi islahatlar həyata keçirmək istəkləri barədə bəyanatların həyata keçirilməsi üçün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosu tərəfindən uzunmüddətli dəstək proqramları həyata keçirilib.

Azərbaycan, Ermənistan və Gürcüstan milli və transmilli cinayətlərə qarşı mübarizə, dövlət orqanlarında əsas demokratik institutların və vətəndaş cəmiyyətində ictimai iştirakçılığın inkişafı, korrupsiya ilə mübarizə sahələrində qanunun aliliyinin təmin edilməsi məqsədilə uzunmüddətli maliyyə dəstəyi ayrılıb.

Bu proqramlar çərçivəsində sülh və təhlükəsizlik, ədalətli və demokratik idarəetmə, insan kapitalına yatırım, iqtisadi inkişaf, humanitar yardım diqqət mərkəzində olub. Beləliklə, 1992 – 2007-ci illər aralığında Azərbaycana ümumilikdə 743.4 milyon ABŞ dolları, Ermənistana 1 milyard 745.93 milyon ABŞ dolları, Gürcüstana isə 1 milyard 160.51 milyon ABŞ dolları həcmində maliyyə yardımı edilib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Mehmet Perinçeyin iddiası anti-Qərb propaqandasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.