Ukraynanı içdən gəmirən “5-ci kolon”: “Putin fikirləşirdi ki, rus ordusu...”

6-03-2022, 00:06           
Ukraynanı içdən gəmirən “5-ci kolon”:
Ukrayna və Rusiya arasındakı danışıqlarda iştirak edən ukraynalı nümayəndə heyətinin üzvlərindən Deniks Kireyev öldürülüb.

Onun dövlətə xəyanət etdiyi məlum olub. Kireyevin saxlanılması üçün xüsusi əməliyyat keçirilərkən öldüyü açıqlanıb.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hərbçilərinə işləyən daha bir xəyanətkarı saxlayıblar.

Bildirilir ki, Lutsk hərbi aerodromunu düşmənə məhz adı məxfi saxlanılan şəxs təslim edib. Onun hərbi təyyarələrin növlərini, sayını, yerləşdiyi yerləri, təlim uçuşlarını və hərbi qulluqçularının şəxsi məlumatlarını Rusiyanın xüsusi xidmət orqanlarına məlumat verdiyi açıqlanıb.

Xatırladaq ki, bir neçə gün öncə Xarkov vilayətinin Kupyansk bələdiyyə sədri Gennadi Mazebar həbs olunub. O, da dövlətə xəyanətdə şübhəli bilinir. Mazebarın Rusiya Silahlı Qüvvələrinin komandanlığına dəstək və maddi kömək təklif etdiyi bildirilib. O, bununla yanaşı, rus hərbçilərinə nəqliyyat, mənzil, yanacaq və qida yardımı edib.

Qeyd edək ki, müharibənin yaşandığı Ukraynada son günlərdə vətənə xəyanət edən dövlət qulluqçularının olması diqqət çəkir. Üstəlik, bu xəyanətlər sayəsində Rusiya bir çox strateji yerləri ələ keçirib və hərbi obyektləri məhv edib.

Görünən odur ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlamadan öncə artıq öz casuslarını müəyyən edib. Bu yaşananlar isə MDB ölkələri arasında hələ də Rusiyaya bağlı qüvvələrin olduğunu deməyə əsas verir. Hətta hər postsovet ölkəsində “5-ci kolon”un üvzlərini görmək mümkündür.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya imperiya siyasəti həyata keçirən dövlətdir:

“Onun “5-ci kolon”u hələ də MDB ölkələrində mövcuddur. Əsasən də, Rusiyanın tərəfini saxlayan, ruslara əlaltılıq edən və hətta öz ölkəsinə arxadan zərbə vuraraq onların xeyrinə hərəkət edən qüvvələr var. Həmçinin, bunlara ölkəmizdə də rast gəlmək mümkündür.

Hazırda Azərbaycanda Rusiyanın əleyhinə bir kəlimə danışan kimi anında reaksiya verən qüvvələr var. Ölkəmizdəki bəzi partiyaları var ki, Rusiya əleyhinə əsla heç bir söz demirlər. Hətta müxtəlif qurumlarda Rusiya xüsusi xidmət orqanlarına xidmət edən insanlar var. Onların arasında siyasətçilər, media nümayəndələri və ziyalılar da var. Xüsusən də, Rusiyada təhil almış və onlara xidmət edən çox sayda insan var. Bunlar onu göstərir ki, istənilən vaxt Azərbaycanın əleyhinə bu qüvvələrdən istifadə edilə bilər”.

Partiya sədri əlavə edib ki, Ukraynada müharibə başlayan kimi “5-ci kolon” dərhal fəaliyyətə keçdi:

“Qazaxıstanda baş verən hadisələrdə də Rusiyanın “5-ci kolon”u həmin dəqiqə özünü göstərdi. Eyni zamanda, Özbəkistanda, Qırğızıstanda və başqa MDB məkanında da bənzər hadisələr olarsa, onlar özlərini biruzə verəcək. Son olaraq isə bunu Ukraynada gördük.

Hazırda Ukrayna dövləti onlara qarşı sərt tədbirlər görür. “5-ci kolon”un üzvləri baş qaldırmaq istəyən kimi milli kəsim onlara etiraz edir və yerlərində oturdur. Düşünürəm ki, milli qüvvələr bunu etməsi çox doğrudur. Vladimir Putin fikirləşirdi ki, rus ordusu Ukraynaya daxil olan kimi “5-ci kolon” onları gül-çiçəklə qarşılayacaq. Lakin Ukraynanın milli əhalisi “5-ci kolon”a da, Rusiyaya da nifrət edir”.

Elmir
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.