ABŞ Ukraynaya hücum silahları verir - Müharibə Rusiyanın ərazisinə keçir?

10-05-2022, 17:04           
ABŞ Ukraynaya hücum silahları verir -
“ABŞ elə ilk gündən Ukraynanı dəstəkləyib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Cozef Baydenin imzaladığı "Lend-Liz” haqqındakı qanuna toxunub.

Xatırladaq ki, həmin qanuna əsasən, ABŞ prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan, müharibənin sonuna qədər Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, tibbi ləvazimat, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları göndərə biləcək.

Öz növbəsində İ. Hüseynov qeyd edib:

“Bununla bərabər, anqlo-sakson dünyasının sinxron addımlar atdığını görürük. Böyük Britaniyanın Baş naziri Boris Consonun Ukraynaya dəstəyi buna bariz misaldır.

Konqresdə təsdiqləndikdən sonra ABŞ-ın 46-cı prezidenti məlum sənədi nümayişkaranə şəkildə imzaladı. Hazırda Ukraynanın cəbbəxanası tükənir. Əgər əvvəllər Kiyevə daha çox müdafiə qabiliyyətli silahlar ötürülürdüsə, bundan sonra daha çox hücum silahları veriləcək”.

Ekspert xatırladıb ki, İkinci Dünya müharibəsi dövründə ABŞ prezidenti Franklin Delano Ruzvelt də belə bir qanun imzalayıb:

“Bu, nasist Almaniyasının sonunu gətirən əsas tarixi hadisələrdən biri idi. 1944-cü ildə Normandiyada ikinci cəbhənin açılışını da buna əlavə edək. Dünya müharibəsinin müqəddəratı belə bir formada həll olundu. İndi də hərb meydanında Rusiyanı məğlub etmək ABŞ-ın əsas strateji məqsədidir.

ABŞ məsələni kökündən həll etmək strateji xətti götürüb. Demokratların rəhbəri adını tarixə yazdırmağa çalışır. Bayden həyatının son ritmlərində tarixə düşmək üçün yaxşı fürsət əldə edib və həmin fürsəti maksimum şəkildə dəyərləndirmək istəyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.