Rusiya Moldovaya da hücum edərsə - dünya Putini niyə durdura bilmir?

12-05-2022, 08:34           
Rusiya Moldovaya da hücum edərsə -
Politoloq: “Bunu reallaşdırmaq imkanının olduğuna inanmıram, çünki Rusiyanın resursları tükənir”
Ukrayna müharibəsi sübut etdi ki, Rusiya hansısa beynəlxalq norma tanımır. Faktiki olaraq dünyanın gözü qarşısında Rusiya Ukrayna kimi bir ölkəni işğal edir, viran qoyur, ancaq Putini nə sanksiyalar durdurur, nə də dünya onunla bacarır. Artıq belə təhlükə realdır ki, Rusiya Ukraynadan sonra, yaxud da oradakı əməliyyatlara paralel olaraq digər ölkələrə də hücum edə bilər. Faktiki olaraq Putin planeti üçüncü dünya müharibəsi mərhələsinə gətirib. Maraqlısı odur ki, Qərb də sanki münaqişənin böyüməsinə, Avrasiya materikində yayılmasına, belə demək mümkünsə, liberal yanaşır.

Ən yaxşı halda döyüşən tərəfə silah və pul yardımı ayırmaqla de-fakto prosesi körükləmiş kimi görünür. Rusiya isə dayanmır və artıq belə məlumatlar yayılır ki, Rusiya Ukraynadan sonra (yaxud paralel olaraq) Moldovaya hücum edəcək. Bu təhlükə barədə Moldovanın rəhbər şəxsləri də danışmağa başlayıblar və belə planın mövcudluğunu istisna etmirlər. Moldova parlamentinin sədri İqor Qrosu deyib ki, Ukraynadakı hadisələr Moldovaya təsir etsə, qonşu dövlətlərdən kömək istəməyə məcbur olacaqlar. Sitat: "Moldovanın döyüşə hazır ordusu yoxdur. Ona görə də belə bir hal olsa, biz qonşu ölkələrdən kömək istəyəcəyik. Ötən 30 il ərzində orduya heç bir sərmayə qoyulmayıb. Lakin biz ölkəmizi qorumaq üçün əlimizdən gələni etməliyik. Biz dövlətimizi mövcud imkanlarla müdafiə etməliyik".

Bəllidir ki, Moldovanın əsas dayağı Rumıniyadır. Əgər Moldovaya hücum olarsa, təbii ki, Rumıniya müdaxilə edə bilər. Bu o deməkdir ki, Şərqi Avropa Rusiya ilə müharibəyə başlamış olacaq. Moldova spikeri bildirib ki, Rumıniya və Ukrayna Moldovada durumun pisləşməsində maraqlı deyillər: “Həm Buxarest, həm də Kiyev bizim mövqeyimizi anlayır. Onlar başqa müharibə ocağının yaranmasını istəmirlər”. Göründüyü kimi, vəziyyət dramatikləşir. Sonugörünməz bir proses başlayır.


Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bəzi Qərb ölkələrinin ikili standartları var: “Ukraynanı NATO-ya qəbul etmədilər. İndi də Avropa İttifaqına qəbulla bağlı söz veriblər, amma yerinə yetirmirlər. Amma Ukrayna əvəzinə Rusiya ilə savaş olsa, 3-cü dünya müharibəsi, yaxud nüvə müharibəsi təhlükəsi artar. Ukraynaya müharibənin ilk günlərində müdafiə xarakterli silahlar verilirdisə, indi hücum xarakterli silahlar verilir. Ukrayna bu durumdan razıdır. Rusiya işğala son qoymayana qədər proses davam edəcək. Rusiya qoşunlarını 24 fevraldan öncəki pozisiyaya qaytararsa, müharibə dayana bilər. Fikrimcə, Rusiya müharibəni dayandırmağa hazır deyil, Xersonu işğal edib, Donbasın ərazisini genişləndirib, Mariupola nəzarət etməyə çalışır. Belə vəziyyətdə müharibə aylar, hətta illər ərzində davam edə bilər. Moldovaya hücum etmək üçün Odessanı işğal etmək lazımdır. Bunu reallaşdırmaq imkanının olduğuna inanmıram, çünki Rusiyanın resursları tükənir. Resursların tükənəcəyi halda ruslar Krıma quru yolunu və Donbası nəzarətdə saxlamalıdır. Buna nail olduqdan sonra dayana bilər. Bu halda isə Ukrayna dayanmayacaq, çünki ərazilərin işğalı ilə barışa bilməz”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.