“Azovstal”ı “parlaq qələbə” bilən rusların itkiləri sabahın “ qaranlıq məhvi” dir - ANALİZ
21-05-2022, 16:51
Xəbər verdiyimiz kimi, ötən gün “Azovstal” ərazisi və Mariupol şəhəri tamamən Rusiya ordusunun nəzarətinə keçib. Bu indiyənə qədər Rusiya – Ukrayna cəbhəsində Rusiyanın ilk uğurudur desək yanılmarıq.
Krımın rəhbəri Sergey Aksyonov ilk uğurdan ilhamlanaraq açıqlama verib. Deyib ki, “Azovstal” metallurgiya zavodunun ərazisinin ukraynalı yaraqlılardan tam "azad edilməsi" və Rusiya silahlı qüvvələrinin nəzarətinə keçməsi parlaq qələbədir:"Başqa cür ola bilməzdi, çünki Hitler və Bandera pərəstişkarları öz kumirlərinin taleyini təkrarlamağa məhkumdurlar", - Aksyonov vurğulayıb.
Ukrayna Baş Qərargahı sosial şəbəkə hesabında müharibənin 86-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bildirilib ki, Rusiya indiyə qədər 28 700 hərbçi, 1263 ədəd tank, 3090 ədəd zirehli döyüş maşını, 596 ədəd artilleriya sistemi, 200 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarə, 168 ədəd helikopter, 2162 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 460 ədəd PUA, 43 ədəd xüsusi texnika, 103 qanadlı raket itirib.
Yeni Zelandiya hökumətinın xarici işlər naziri Nanaia Makhutanın bir sözü yada düşür: “Dünya Putinin Ukraynadakı hərəkətlərinə qarşı həmrəydir və tarixi qanunun qəbulundan cəmi bir həftə sonra biz beynəlxalq birliyə qoşularaq, ilk məqsədyönlü sanksiyalarımızı tətbiq edirik”.
Bəli, dünyanın tətbiq etdiyi sanksiyalar Rusiyanın çöküşünə hesablanıb.
Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər Rusiya ilə əməkdaşlığı dayandırıb. “Viza”, “Mastercard”, “Nvidia” (videokart istehsalçısı), “American Express”, IBM, OMV (Avstriya neft və qaz şirkəti), “TikTok”, “Spotify”, “PVC Corp” (“Tommy Hilfiger”, “Calvin Klein”, “Warner's” brendlərinin sahibidir), “Epic Games” (“Fortnite”, “Battle Breakers”, “Unreal”ın yaradıcısı), “Danone” (Rusiyada investisiya layihələrini dayandırıb), “Puma”, “Prada”, “Netflix”, “Samsung”, "McDonalds", “Volksvagen”, “Audi”, “Skoda”, “Lamborghini”, “Bentley”, “Ferrari”, “Toyota Motors”, “General Motors”, “Coca-Cola”, “Ariel”, “Gilette”, “Pampers”, “Amazon”, “Epson”, “Sony” , “Domino's Pizza”. Rusiya SWIFT-dən tamamilə ayrıldı.
İqtisadçıların fikrincə Rusiya iqtisadiyyatı neft-qazdan aslıdır. Rusiya büdcəsinin 40 faizi neft-qaz gəlirlərindən formalaşır. Ötən il Rusiyanın büdcə gəlirləri təxminən 22 trilyon rubl (300 milyard dollar) olub və bunun 9 trilyon rublunu (120 milyard dollar) neft-qaz gəlirləri təşkil edib. Rusiyanın aqressiv siyasətini önləmək üçün Qərb Rusiyanın neft-qazına embarqo qoyulması şərtlərini artıq hazırlayıb. Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar üzərində işlədiyini bildirib:"“Neft variantları” ilə 6-cı paket üzərində işə başlayır. Bu o deməkdir ki, konsensusa nail olmaq üçün iş artıq başlayıb”.
“Center for Economic Recovery” və “EasyBusiness”-in açıqlamasına görə, müharibənin ilk beş günü Rusiyaya 7 milyard dollara başa gəlib.Bu gün isə artıq 86-ci gündür.Nəticəni özünüz düşünün... Dəhşətli rəqəmlərdi.Nəzərə alsaq ki, 86 gün ərzində Rusiya dövləti və xalqı nələr itirib, nələr batırıb, o zaman o itkilərin fonunda “Azovstal” metallurgiya zavodunun ərazisinin ukraynalı yaraqlılardan tam "azad edilməsi çoxmu sevindiricidir? Mariupol şəhəri Rusiya silahlı qüvvələrinin nəzarətinə keçməsi” nə qədər “parlaq qələbə” dir və ona sevinmək nə qədər ağıllı fikirdi ? Bunu anlamaq çətindir.
Əntiqə Rəşid
adalat.az