Prezidentdən özəlləşdirilmə ilə bağlı - Fərman
19-05-2016, 21:56
Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
teref.az-nun məlumatına görə, fərmanla müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Prezidentinin qərarları ilə həyata keçirilir.
Nazirlər Kabinetinə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında: özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Prezidentinə təqdim etmək; cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır:
- bu fərman qüvvəyə mindiyi gündən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırsın;
- bu fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Prezidentinə təqdim etsin;
- bu fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Prezidentinə təqdim etsin;
- bu fərmandan irəli gələn məsələləri həll etsin.