İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib - Görünəni odur ki...

27-03-2023, 16:42           
İsraildəki Azərbaycan səfirliyi:
Azərbaycanın İsraildəki səfirliyi fəalliyətə başlayıb.

Ölkəmizin Tel-Əvivdəki ilk səfiri olan Muxtar Məmmədovun etimadnaməsini ötən gün İsrail Prezidenti İsxak Hersoq qəbul edib. Bununla da illərdir gözlənilən hadisə baş verib. İllərdir Azərbaycanın yanında yer ala İsrail dövləti ilə diplomatik münasibətimiz ən yüksək səviyyəyə çatdırılıb. Bu qərar həm İsraildə, həm də Azərbaycanda böyük sevinc hissi ilə qarşılanıb. Lakin bu şad xəbəri gözü götürməyənlər də olub. Onların başında isə özünü müsəlman dövləti hesab edən İran gəlir.

Hər fürsətdə Azərbaycana qarşı olduğunu göstərən bu dövlət ermənilərə açıq dəstəkdən də geri qalmır. Adını müsəlman dövləti qoyan İran tez-tez Azərbaycanla sərhəd bölgələrində hərbi təlimlər keçirərək, öz aləmlərində “əzələ nümayiş etdirməyə” çalışırlar. İranın bütün bu təxribatlarının və Ermənistanla yaxınlaşmasının səbəbi isə Azərbaycanın İsrail dövləti ilə daha da yaxınlaşmasıdır. Molla rejimi heç bir əsas olmadan bunu özünə təhdid hesab edərək məntiqdən kənar addımlar atır. Əslində dünyadan təcrid olunmuş bir dövlətdən məntiqli addım gözləmək əbəs olardı.

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə diplomatik münasibətlər yaradacağına da özü qərar verir:

“Ona görə də İran kimi hələ də dövlətçiliyi alınmayan bir ölkənin hadisələri bu şəkildə qısqanması heç nəyi dəyişmir. Düşünürəm ki, İsraildə səfirliyimizin açılması hətta gecikmiş addımdır və Azərbaycan bu məsələni çoxdan həll etməli idi. Çünki İsraildə səfirliyimizin açılması çox əhəmiyyətlidir. Bu, artıq İsrail-Azərbaycan münasibətlərinin daha da isti müstəviyə keçməsinə şərait yaradacaq. Fikrimcə, hər iki ölkənin buna ehtiyacı var idi”.

O bildirib ki, indiki vəziyyətdə anti-Azərbaycan fəaliyyətində olan İranın qarşısında ölkəmizi dəstəkləyəcək növbəti bir dövlətlə diplomatik münasibətlərin qurulması rəsmi Tehrana verilən ən gözəl cavablardan biridir:

“Hesab edirəm ki, bunu qısqanclıqla qarşılamaqdansa, bu barədə iki dəfə düşünmək İranın savadsız molla rejiminin xeyrinə olardı”.

Politoloq qeyd edib ki, ətrafdakı bütün dövlətlərə “əzələ nümayiş etdirməklə” ölkə var ola və inkişaf edə bilməz:

“Üstəlik İslam adı altında fəaliyyət göstərir. Hansı ki, İslam sülh deməkdir. Belə şəraitdə molla rejiminin xristian və bütpərəst dövlətlərlə münasibətlər yaratması bir daha göstərir ki, İran İslam dövləti deyil. Əksinə, İslam düşmənçiliyi ilə siyasət yeritməklə bölgədəki bütün müsəlman dövlətlərilə düşmən münasibətindədir. Buna görə də öz dövlətciklərinin xarici siyasətinin nə qədər yanlış olduğunu dərk etsələr və səhvi düzəltsələr, bəlkə İranın xeyrinə olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.