"Müqavilə imzalansa, Ukrayna xalqı bunu sülh sənədi kimi tanımayacaq" - İLGİNC DETALLAR
31-03-2023, 19:19

“ABŞ icazə verməyənədək Ukraynadakı müharibə bitməyəcək”. Bu fikiri Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentdəki çıxışında deyib. O, Ukrayna xalqına sülh lazım olduğunu əlavə edib. Lakin Lukaşenkonun bu fikirləri birmənalı qarşılanmayıb. Bir çoxları onu Kremlin diktəsi ilə danışmaqda günahlandırıblar. Bəs görəsən Lukaşenkonun bu fikirləri nə dərəcədə realdır? Doğurdanmı, Ukraynada müharibənin bitməsinə sırf ABŞ imkan vermir? Ümumiyyətlə xarici faktorlar olmasa, Ukrayna xalqının özü sülhə razı olarmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Lukaşenkonun yanaşmasını birmənalı qəbul etmək doğru deyil: “Belarus Prezidentinin bu fikirlərini birbaşa Kremlin yanaşması hesab etmək mümkündür. Aydın məsələdir ki, Lukaşenko Putinin təlimatlarını yerinə yetirən bir qubernatordur. Rəsmi formada Belarus prezidenti statusunu daşısa da, onun sərgilədiyi mövqe Rusiyanın daxili subyektinin yanaşmasını xatırladır. Hətta Çeçenistan lideri Kadırov Lukaşenko ilə müqayisədə daha sərbəstdir. Digər tərəfdən, Ukrayna müharibəsində ABŞ faktorunu qəbul etməyə məcburuq. Çünki ABŞ və Qərbin dəstəyi olmasaydı, müharibə bu qədər uzanmazdı. İndiki məqamda ABŞ-ın əsas məqsədi müharibəni uzatmaqla Rusiyanı zəiflətmək və iqtisadiyyatını çökdürməkdir. Yəni SSRİ-ni Əfqanıstanda necə yorub parçaladılarsa, hazırda Rusiya ilə də eyni ssenarini təkrarlamağa çalışırlar. Bu baxımdan Lukaşenkonun fikirlərində müəyyən qədər həqiqət var. Amma burada söhbət həm də bir ölkənin işğalından gedir və Ukrayna xalqı indiyədək kifayət qədər qurbanlar verib. Ona görə də, məsələni təkcə ABŞ-ın üzərinə kökləmək düzgün deyil”.
Politoloqun sözlərinə görə, Rusiya işğalçı dövlətdir. Ona görə də işğalçıya qarşı müqavimətin olması təəccüblü deyil: “Amma bu reallıqlar çərçivəsində sülhdən danışmaq mümkün deyil. İndiki məqamda Ukraynanın siyasi elitası Rusiya ilə sülh müqaviləsi imzalasa, daxildən buna etirazlar sərgilənəcək. Çünki Ukraynada indiyədək Rusiyapərəst hakimiyyətlər mövcud olub və xalq onları istefaya göndərib. Əgər Zelenski müqavimət göstərməsəydi, yaxud Kreml Ukrayna prezidentinə öz diktəsini yeritsəydi, o zaman xalq bununla barışmayacaqdı. Çünki bu gün Ukraynanın 20 faiz ərazisi işğala məruz qalıb. Hesab edirəm ki, Krım, Donetsk və Luqansk, eləcə də digər şəhərlər işğaldan azad edilməsə, Ukrayna xalqı sülh istəməyəcək. Əgər müqavilə imzalansa belə xalq bunu sülh sənədi kimi tanımayacaq. Ona görə də, proseslərin uzun müddət davam edəcəyini demək mümkündür”.
Müşviq Tofiqoğlu,