Fazil Mustafa deputatları qınadı, Oqtay Əsədov əsəbiləşdi
15-06-2016, 08:42
Fazil Mustafa parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deputat həmkarlarını qınayıb. Modern.az-ın xəbərinə görə, buna səbəb parlamentin yaz sessiyasının son iclaslarının birində ikinci oxunuşun müzakirəsindən keçən “Elm haqqında” qanun layihəsi ilə bağlı həmkarlarının səsləndirdikləri fikirlər olub.
Millət vəkili xatırladıb ki, o zaman həmin qanun layihəsindən möhlət hüququnun çıxarılmasını az qala bütün millət vəkilləri dəstəkləyiblər:
“Ancaq nə yaxşı ki bizim təhsilimizi, gələcəyimizi düşünən prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə əsəbi şəkildə cavab verib:
“Əslində möhlət hüquqi həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab prezidentə məxsus idi. O bunu nə zaman edəciyinə özü qərar verir. Yəni, indi kimsə özünü “geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı prezident verib və verir”.
Xatırladaq ki, Fazil Mustafanın qeyd etdiyi müzakirələr zamanı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli başda olmaqla bir sıra deputatlar doktorant və magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinin əleyhinə çıxıb, fikirləri təsdiqləmək üçün müxtəlif arqumentlər gətirmişdilər. Lakin sonradan Prezident İlham Əliyevdən parlamentə magistr və doktorantlar üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilk qaydasında təşəbbüs gəldikdən sonra elə həmin millət vəkilləri öz dedikləri arqumentlərin tam əksinə olan fikirlər söyləyərək, möhlət hüququnun olmasının vacibliyini bildiriblər.