“BEYİNSİZ ÇƏRƏNÇİ...” – Priqojin generalı təhqir etdi
16-05-2023, 10:54

Rusiya Dumasının deputatı, general-leytenant Viktor Sobolev “Vaqner” başçısı Yevgeni Priqojin tərəfindən təhqir olunub. Buna səbəb Sobolevin “Vaqner” və ona qoşulmaq istəyənlər haqda söylədikləridir.
“AzPolitika.info” xəbər verir ki, general Sobolev “Vaqner”-i qanunsuz hərbi birləşmə adlandırıb. Rusiya ordusuna səfərbər olunanların orduda xidmətdən boyun qaçıraraq “Vaqer”-ə qoşulması faktları barədə danışan general deyib ki, həmin şəxslər fərarilikdə ittiham edilməli və 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilməlidirlər. Sobolevin bu fikirləri Priqojini özündən çıxarıb. “Vaqner”-in mətbuat xidmətinin yayımladığı səs yazısında Priqojin generalı və Duma üzvünü təhqir edib: “Sobolevin fikrincə, Ukrayna tərəfə keçənlərə və əsir düşənlərə mükafat vermək, “Vaqner”-ə gələnlərə isə 15 il iş kəsmək lazımdır. Buna görə yoldaş Sobolevi yoxlamaq, ondan anti-Rusiya dizenteriyasıyla bağlı analiz götürmək lazımdır. Sobolev “general” sözünü təhqir edir... Yığış get (söyüş söyür) cəbhəyə. Nəyə qadir olduğunu göstər, beyinsiz çərənçi!”
Xatırladaq ki, Priqojin xeyli müddətdir Müdafiə Nazirliyi rəhbərliyini bacarıqsızlıqda, bilərəkdən “Vaqner”-ə lazımi qədər silah-sursat verməməkdə, saxtakarlıqda və xəyanətdə ittiham edir. O, bir çox çıxışlarında şəxsən nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir edib. Bu baxımdan general Sobolev onun üçün “xırda balıq”dır.