“Ukrayna böhranı”nın nizamlanması üçün konsensus əldə olunub - Pekin
24-05-2023, 12:58
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Parisə səfəri zamanı Fransa Xarici İşlər Nazirliyinin siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Frederik Mondoloni ilə “Ukrayna böhranı”nın siyasi həllini müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Çin Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi əsasında bütün tərəflərlə dialoq və mübadilələri gücləndirməyə və böhranın siyasi həlli üçün ümumi bazanı genişləndirməyə hazırdır. Səyləri davam etdirmək, eyni zamanda düşmənçiliyə son qoymaq üçün əlindən gələni etməyə hazırdır”.
Çin diplomatının sözlərinə görə, bu yaxınlarda belə bir nizamlanma üçün "konsensus əldə olunub və təməl atılıb".
Li, xüsusilə qeyd edib ki, Çin və Fransa arasında "Ukrayna məsələsində çoxlu konsensuslar" var.
Məlumata görə, Mondoloni qeyd edib ki, həm Fransa, həm də Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, ona görə də iki ölkə arasında Ukrayna da daxil olmaqla geniş spektrli məsələlər üzrə dialoqu gücləndirmək çox vacibdir.