"Erməniləri qəsdən qorxuda saxlayırlar ki, Azərbaycan yeni müharibəyə hazırlaşır" - Verdyan
1-12-2023, 18:16
Üç ilə əvvəl Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatar-çatmaz internet resurslarında bir cəsarətli erməni blogeri görünməyə başladı. Ölkəsinin işğalçılıq siyasətini hər gün pisləyən bu adam Ermənistanın məhv olmaması üçün Paşinyan hakimiyyətini düz yola çağırırdı. Otuz il ərzində ermənilərin törətdikləri cinayətləri etiraf edən bloger Ermənistanda təqiblərə məruz qaldıqdan sonra Türkiyəyə köçməyə məcbur qalıb. Bu, erməni bloger, ictimai fəal İşxan Verdyandır.
KONKRET.az onunla müsahibəni təqdim edir.
– Sizi təqib etdiklərinə görə Ermənistanı tərk etmisiniz və hazırda İstanbulda yaşayırsınız. Niyə İstanbulu seçdiniz? Orada nə qədər qalmağı planlaşdırırsınız? Ermənistana qayıtmaq ehtimalı varmı?
– İstanbulda elə gözəl şərait yaradılıb ki, istənilən erməni türk dilini bilmədən burada tam rahat yaşaya bilər. Mən bütün bu güzəştlərdən istifadə edirəm və ailəmlə bura köçmüşük. Təbii ki, Ermənistana qayıtmaq istərdim, amma bu, mümkün deyil. Qarabağı Azərbaycan ərazisi kimi tanıdığım üçün vətəndə məni düşmən hesab edirlər. Amma ümidimi üzmürəm, əksinə, Qarabağa köçmək fürsətinin yaranacağı anı gözləyirəm. Mən artıq Azərbaycan prezidentinə müraciət etmişəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşamaq imkanı verilsin. Mən bunu Azərbaycan rəhbərliyinin ermənilərin reinteqrasiyası proqramı kontekstində tamamilə təbii proses hesab edirəm. Mən Azərbaycanda gələcək həyatımı məhz belə görürəm, Xankəndidə biznes və yaradıcılıqla məşğul olmağı planlaşdırıram.
– Ermənistan mətbuatında Azərbaycana qarşı nifrət təbliğatı davam edir. Ermənistan cəmiyyətində ağıllı yanaşmaya inanmaq olarmı?
– Ermənistan cəmiyyətində vəziyyət çox ağırdır. Ümumiyyətlə, Ermənistanda heç kim müharibə istəmir, çünki xalq artıq öz əzizlərini, qohumlarını itirməkdən yorulub və ona görə də qonşuları ilə dinc yanaşı yaşamanın tərəfdarıdır. Əgər əvvəllər Qarabağ məsələsi aktual idisə, indi ora Azərbaycanın qanuni nəzarətinə qayıdandan sonra ermənilər artıq Ermənistanın özündə yeni müharibənin başlanmasından ehtiyat edirlər. Azərbaycanın Ermənistana hücumundan, Zəngəzurun itirilməsindən qorxurlar. Bütün bu qorxular süni şəkildə mətbuat vasitəsilə həyata keçirilir. Azərbaycana qarşı nifrət təbliğatı o qədər güclüdür ki, Ermənistan hökumətinin sülh gündəmini irəli sürməsinə mane olur.
– Bu təbliğatın başında kimlər dayanıb?
– Bunu törədən sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın təmsil olunduğu Qarabağ klanıdır. Ermənistanda bütün mühüm media resursları onların diqtəsi ilə işləyir. Paşinyanın cəhdinə baxmayaraq, Ermənistanda ictimai rəyi formalaşdırmaq Qarabağ klanının əlindədir.
– Ermənistanda dövlətin təbliğat siyasətinin olmadığı qənaətindəsiniz?
– Paşinyan hökuməti ictimai rəyə əhəmiyyət vermir. Ona görə də Ermənistanda dövlətin təbliğat siyasəti yoxdur. Əslində dövlətin təbliğat proqramı olmalıdır. Mediada saxta xəbərlərin qarşısı alınmalıdır. Bu, dövlət xəttinin kütləyə çatdırılması üçün çox vacibdir. Əks halda, hakimiyyətdən fərqli olaraq ictimai rəylə işləməyi bilən Ermənistan müxalifəti istəyinə çata bilər. Bu səbəbdən də Qarabağ klanının ciddi təbliğatı aparılır. Əgər siz səhərdən axşama qədər Azərbaycanın Ermənistana hücumuyla bağlı dəhşətli xəbərlər verirsinizsə, o zaman insanlar qarşıdan gələn müharibə haqqında düşünəcək. Təəssüf ki, bu gün Ermənistan cəmiyyətində vəziyyət məhz belədir və bu, Paşinyanın siyasətinə təsir edir.
– Paşinyan bu məsələni asanlıqla həll edə bilərdi, amma həvəs göstərmədi.
– Paşinyan hakimiyyətə gələndən bəri ictimai rəyi nəzərə almayıb və özünü xalqdan təcrid edib. Paradoks odur ki, özü də keçmiş bloggerdir. Onun izləyicilərinin sayı milyonu ötmüşdü. Yəni onun xalqla dialoq qurmaq bacarığı var. Və bu faktı görməzlikdən gəlməsi, məncə, onun böyük səhvidir.
– Paşinyanın Ermənistan siyasətindəki əsas səhvi nədir?
– Paşinyanın bəlası onun siyasətçi olmamasındadır. O, sadəcə sosial-iqtisadi problemlərin həllində əla menecerdir. Digər tərəfdən, Paşinyanın rəqibi Qarabağ klanı olsa da, onun siyasi meydanda rəqibi yoxdur. Qarabağ klanı ilə onun arasında seçim olsa, o zaman xalq yenə Paşinyana səs verəcək. Bu mənada o, tamamilə sakitdir və Qarabağ xuntasının keçmiş rəhbərləri fonunda həmişə qalib gələcəyinə inanır. Ona görə də ictimai rəy kimi cəfəngiyyatlarla məşğul olmur.
– Paşinyanın komandasında siyasi rəqibləri varmı? Fors-major hallarda onu kim əvəz edə bilər?
– Onun komandasında siyasi varis yoxdur. Orada çox ağıllı insanlar var. Amma bütün siyasi meydanı öz şəxsiyyətinə bağladığından heç birinin irəli getmək şansı yoxdur. Deməli, onun başına nəsə gəlsə və bir-iki aya Ermənistan siyasətindən uzaq düşsə, o zaman onun yerini heç kim tuta bilməyəcək, ölkədə daxili siyasi çöküş başlayacaq.
– Son vaxtlar Serj Sarkisyan fəallaşıb. Siz isə qeyd etdiniz ki, Qarabağ klanının hakimiyyətə qayıtmaq şansı yoxdur. O zaman Sarkisyan nəyə ümid edir?
– Sarkisyanın və Köçəryanın hakimiyyətə qayıtmaq şansının olmaması faktı aydındır. Onların məqsədi Paşinyanı devirməkdir, hakimiyyətə gəlmək deyil. Əslində, həm Sarkisyan, həm də Köçəryanın dövləti kimin idarə edəcəyi maraqlandırmır. Onlar başa düşürlər ki, əgər Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalasa və Türkiyə ilə münasibətlərin normallaşması imkanları açılsa, o zaman erməni xalqının Köçəryana və Sarkisyana qarşı çoxlu sualları olacaq. Ermənistanın sülh müqaviləsini imzalamaqdan imtina etməsi üçün yalnız Paşinyanın vəzifədən getməsi kifayətdir. Müxalifətin bütün resursları əslində bu məqsədə yönəldilib.
– Əgər Paşinyan sülh gündəmini təbliğ edirsə, o zaman hansı məqsədlə Azərbaycanı Qarabağda “etnik təmizləmə”də ittiham edir?
– Doğrudan da, Ermənistan rəhbərliyi Azərbaycanı “etnik təmizləmə”də ittiham edir. Bu ittihamların isə heç biri sübuta yetirilməyib. Təbii ki, erməni siyasətçiləri Azərbaycana qarşı aqressiv ritorikasını dəyişməli, Xankəndini “Stepanakert”, Azərbaycanın Qarabağ bölgəsini isə “Dağlıq Qarabağ” adlandırmaqdan əl çəkməlidirlər. Və yalnız bütün bu şərtləri Paşinyan yerinə yetirdikdən sonra Ermənistanın həqiqətən də qonşuları ilə sülh istədiyini iddia etmək mümkün olacaq. Amma hazırda Ermənistan rəhbərliyində Azərbaycanla sülh bağlamaq üçün xüsusi bir istək görmürəm. Paşinyanın hakimiyyəti saxlamaqla bağlı heç bir problemi yoxdur. Baxın, müxalifətin təşkil etdiyi bütün etiraz aksiyaları heç bir nəticə vermədi.
– Ermənistan rəhbərliyi niyə “Dünyanın kəsişməsi” layihəsini təbliğ edir?
– Bu, bir piardır. Ermənistan baş nazirinin beynəlxalq ictimaiyyət qarşısında sülhə hazır olmasının göstəricisidir. Yeganə problem odur ki, Paşinyan bu layihəni yanlış yerdə təbliğ edir. O, bu sənədi BMT-yə təqdim edir, halbuki o, bunu Azərbaycan və Türkiyə ilə müzakirə etməlidir.
– Ermənistanda insanlar Bakının təklif etdiyi reinteqrasiya proqramından niyə çəkinirlər?
– Azərbaycanın təklif etdiyi Qarabağ ermənilərinin reinteqrasiyası proqramı Ermənistan üçün əsl nüvə bombasıdır. Səbəbini izah edəcəm. Əgər bu baş tutsa, Ermənistan ideoloji cəhətdən məhv olacaq. Məlum olacaq ki, ermənilər Azərbaycanda yaşaya və prezident İlham Əliyevin vəd etdiyi bütün hüquqları alacaqlar. Bu, o deməkdir ki, Ermənistanın bütün uzunmüddətli təbliğatı məhv olacaq.
– İndi Qarabağda təxminən nə qədər erməninin qalması barədə məlumatınız varmı?
– BMT-nin son məlumatlarına əsasən, Qarabağda minə yaxın erməni qalıb.