Anklavlar məsələsində iki çətinlik var - NƏ ETMƏLİ?

30-12-2023, 18:48           
Anklavlar məsələsində iki çətinlik var - NƏ ETMƏLİ?
Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndlə (Kərki kəndi v Qazaxın 7 kəndi) bağlı rəsmi səviyyədə yeni hesab ediləcək açıqlama verdi. 8 kəndin qaytarılmasına delimitasiya çərçivəsində baxılacağını deyən C.Bayramov bu kəndlərdən dördünün anklav olmadığını, “bizim digər kəndlərə bitişik formada” olduğunu vurğuladı. Nazir qeyd etdi ki, “Bizim yanaşmamız hər zaman ondan ibarətdir ki, burda da bəlli bir ardıcıllıq ola bilər”.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Bakı delimitasiya prosesində 8 kəndin qaytarılmasını iki mərhələyə bölür. Ekspertin sözlərinə görə, birinci mərhələdə anklav olmayan 4 kənd - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli - qaytarılır. İkinci mərhələdə anklav olan - Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur:
"Dekabrın əvvəlində bu haqda yazmışdıq. Anklavlar məsələsində iki çətinlik var. Birincisi, anklavlar qaytarılacağı təqdirdə, bu kəndlərlə əlaqə üçün dəhliz verilməlidir və bu, dəhlizlərin təhlükəsizliyinin təmin edilməsində üçüncü tərəflərin prosesə müdaxiləsinə zəmin yarada bilər. İkincisi, Ermənistan 8 kənd məsələsinə qarşı Başkənd iddiasını irəli sürür. Bakı geri addım atmaq niyyətində deyil və belə olan halda 8 kəndin azad edilməsi üçün yalnız hərbi yol qalır. Hərçənd, bu variant gündəmdə deyil, ən azı yaxın perspektivdə bu təkcə sülh sazişinin imzalanmasına yox, həm də anklav olmayan kəndlərin qaytarılması perspektivinə də maneələr yaradır. Bu baxımdan, Azərbaycan İrəvanın 8 kəndə qarşı Başkənd iddiasını gündəmdən çıxarmaq, həm də anklav olmayan 4 kəndin qaytarılmasını tezləşdirmək üçün “mərhələli həll” variantından çıxış edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.