Cənubi Koreya Şimali Koreyanın dənizə doğru ballistik raket atdığını bildirib

15-01-2024, 10:54           
Cənubi Koreya Şimali Koreyanın dənizə doğru ballistik raket atdığını bildirib
Şimali Koreya hökumətinin təqdim etdiyi bu fotoda Şimali Koreya lideri Kim Conq Unun 2024-cü il 8-9 yanvar tarixlərində Şimali Koreyanın hərbi sursat zavodlarını yoxladığı göstərilir.

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın bazar günü ballistik raket buraxdığını bildirib. Bu, təxminən bir ay ərzində Pxenyan tərəfindən həyata keçirilən ilk raket buraxılışıdır.

Pxenyanın bu yaxınlarda qitələrarası ballistik raket və onun ilk hərbi kəşfiyyat peykini buraxmasından sonra bölgədə gərginliliyin artdığı müşahidə edilir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri raketin buraxılışının bazar günü həyata keçirildiyini bildirib.

Yaponiyanın Müdafiə Nazirliyi də həmçinin Şimali Koreya tərəfindən mümkün ballistik raketin buraxılıdığını aşkar etdiyini bildirib.

Cənubi Koreya hərbi qüvvələrinin bəyanatında deyilir ki, bazar günü Pxenyan ərazisindən buraxılan raket ölkənin şərq sahillərindən təxminən 1000 km məsafə qət edib. Sənəddə qeyd edilir ki, Seul raketin buraxılmasını ABŞ və Yaponiya ilə koordinasiyada təhlil edir.

Raketin maksimum uçuş hündürlüyü ən azı 50 km təşkil edib. Raketin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda dənizə düşdüyü güman edilir. Yaponiya hərbi qüvvələri ballistik raketin buraxılışının BMT qətnamələrinin pozulması olduğunu vurğulayıb.

Bu, dekabrın 18-də Şimali Koreyanın ən qabaqcıl silahı olan bərk yanacaqla işləyən Hwasong-18 qitələrarası ballistik raketini sınaqdan keçirdikdən sonra ilk raket buraxılışıdır. Hwasong-18 ABŞ ərazisini vurmaq üçün nəzərdə tutulub.

Bazar günü ballistik raketin buraxılması Şimali Koreyanın Cənubi Koreya ilə gərginliyin mövcud olduğu dəniz sərhədi yaxınlığında artilleriya mərmiləri atmasından bir neçə gün sonra baş verib. Bu, Cənubi Koreyanın eyni ərazidə oxşar atəş təlimləri keçirməsinə səbəb olub.

Şimali Koreya son günlərdə rəqiblərinə qarşı kəskin ritorikasını gücləndirib. Bu həftənin əvvəlində Şimali Koreya lideri Kim Conq Un Cənubi Koreyanı “əsas düşmən” adlandırıb və təxribat baş verərsə, Cənubi Koreyanı yox etməklə hədələyib.

Dekabrın sonunda hakim partiyanın iclasında Kim Conq Un ABŞ-ın rəhbərlik etdiyi qarşıdurma hərəkətləri adlandırdığı fəaliyyətlərinə qarşı mübarizə aparmaq üçün nüvə arsenalını genişləndirəcəyini və daha çox casus peykləri buraxacağını vəd edib.

Noyabr ayında Şimali Koreya orta mənzilli ballistik raketlər üçün nəzərdə tutulmuş bərk yanacaq mühərriklərini uğurla sınaqdan keçirdiyini bildirib.

Dekabrda Pxenyan nüvə qüvvələrinin döyüş hazırlığını qiymətləndirmək üçün yeni qitələrarası ballistik raketi sınaqdan keçirəcəyini bildirib.

Seulun Pxenyanın kəşfiyyat peyki buraxmasına etiraz olaraq iki Koreya arasında 2018-ci ildə imzalanmış hərbi razılaşmanın bir hissəsini dayandırmasından sonra Şimali Koreya Şimal-Cənub sərhədindəki hərbisizləşdirilmiş zonaya ağır silahları qaytarıb və mühafizə postlarını bərpa edib.

Bu arada, Pxenyan Moskva ilə əlaqələri gücləndirir. Şimali Koreyanın dövlət xəbər agentliyinin bazar günü bildirdiyinə görə, Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bazar ertəsindən çərşənbə gününə kimi Rusiyada səfərdə olacaq.

ABŞ və müttəfiqləri Rusiyanın Ukrayna ərazisini atəşə tutmaq üçün Şimali Koreya raketlərindən istifadə etməsini pisləyib. ABŞ Dövlət Departamenti cümə axşamı Rusiyanın Ukraynaya qarşı istifadəsi məqsədilə Şimali Koreyanın ballistik raketlərinin ötürülməsi və sınaqlarının keçirilməsində iştirak edən üç qurumu və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.