Moskvadan Tehrana ard-arda zənglər – Şoyqu və Lavrov iranlı həmkarları ilə nədən danışıblar?

16-01-2024, 00:08           
Moskvadan Tehrana ard-arda zənglər – Şoyqu və Lavrov iranlı həmkarları ilə nədən danışıblar?
Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun iranlı həmkarı Məhəmməd Aştiani arasında telefon danışığı olub.

“AzPolitika.info” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər hərbi, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Danışıqlar zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın cari məsələləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri üzrə də fikir mübadiləsi aparılıb”, - Nazirliyin açıqlamasında deyilir.

Sergey Şoyqu qeyd edib ki, Moskva və Tehran həqiqətən bərabər çoxqütblü dünya qurmaq maraqları naminə birgə səylərini ardıcıl olaraq davam etdirirlər.

“Tərəflər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə, o cümlədən bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət etdiklərini vurğuladılar. Bu da Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında imzalanmaq üçün hazırlanan iri dövlətlərarası sazişdə bir daha təsdiqlənəcək", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik hesab edir ki, telefon danışığı yaxşı atmosferdə keçib və iki dövlət arasında strateji əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addım olub.

Bu gün həmçinin Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdollahian arasında da telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, söhbət zamanı nazirlər Yaxın Şərqdəki vəziyyəti geniş müzakirə ediblər.

“Xarici siyasət idarələrinin rəhbərləri ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmənə hücumlarını qətiyyətlə pisləyib”, - Nazirliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, Lavrov və Abdollahian Qəzza zolağında dərhal atəşkəs rejiminin yaradılmasını, həmçinin mülki əhaliyə ən qısa zamanda dəstək vermək üçün humanitar yüklərinin anklav bölgəyə fasiləsiz çatdırılmasını müdafiə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.