Fransadan küsmək yox, Makronun müxalifəti ilə işləmək lazımdır...

20-01-2024, 11:04           
Fransadan küsmək yox, Makronun müxalifəti ilə işləmək lazımdır...
Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd davranışları, bəyanatları və siyasi mövqeyi absurd olmaqla yanaşı bölgəmizdə sülhə də mane olur. Rusiyanın sülhdə maraqlı olmadığını bildik – zatən bölgədə zəifləyib, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, hər iki ölkəyə təsir rıçaqları daha da azalacaq, yaxşı, Fransaya nə düşüb ki, sülhə mane olur?! Belə çıxır ki, Rusiya ilə bu məsələdə əlbirdilər?!
Azərbaycanla Fransa arasında 2023-cü ildə ticarət dövriyyəsi cəmi 536 mln. dollar olub, biz Fransaya 133 mln. dollarlıq mal satmışıq, Fransadan isə 403 mln. dollarlıq mal almışıq. Azərbaycanın ümumi ixracında Fransanın payı cəmi 0,39%-dir, ölkəmizə idxalda isə bu ölkənin payı cəmi 2,33%-dir. Yəni, tutalım, Fransa ilə ticarət əlaqələri kəsildi, bunun nə bizə, nə də Fransaya heç bir təsiri olmayacaq.
Azərbaycanla Fransa arasında əlaqələrdə iki önəmli şirkət var – “Airbus” və “Total-Energies”, amma bu şirkətlərlə müqavilələr də, oyun qaydaları da başqadır. Azərbaycan müqavilələri pozsa böyük miqdarda cərimələr ödəməli ola bilər, ona görə də, emosional yox, rasional davranmaq lazımdır.
Bu iki iri şirkətin Fransada böyük siyasi-ictimai lobbi qrupları var, Azərbaycan məhz bu rıçaqları işə sala bilər, hət iki şirkət vasitəsi ilə ictimai rəyə təsirləri artırmağa çalışmaq lazımdır. Bundan başqa Fransanın indiki prezidenti Makron və onun “Renaissance” partiyası “axsaq ördəkdirlər”, siyasi səhnədən gedəcəklər, apardıqları siyasətə görə zatən nüfuzlarını itiriblər və Makron daha namizəd ola bilməyəcək. Deməli, cəmi 1 il siyasi “ömrü” qalan Makron və partiyasına küsüb emosional davranmaqdansa, onun rəqibləri ilə indidən işləmək lazımdır. Bundan başqa diaspora fəaliyyətini gücləndirməyə ehtiyac var – Fransada 500-600 min erməni seçicisi varsa, 1,5 mln. türkdilli ölkələrdən seçmən var, amma koordinasiya yox, vahid siyasət yox, bütün türkdilli ölkələrin iqtidarları özlərinə yaxın diaspora təşkilatları yaradırlar, onları maliyyələşdirirlər, onlar da Dövlət deyil də, hökumət maraqları üçün çalşdıqları görüntüsü yaradırlar.
Xülasə, siyasət daha ciddi yanaşma və mürəkkəb həll yolları tələb edir, “Jak Şirak qudurub”, konsepsiyası işləmir, işləyə də bilməz...
Natig Cəfərli
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.