"Moskva qarşıdakı iki ildə NATO ilə müharibəyə başlayacaq" - Polşa prezidenti

21-03-2024, 07:34           
"Moskva qarşıdakı iki ildə  NATO ilə müharibəyə başlayacaq" - Polşa prezidenti
"Rusiyanın təcavüzü dayandırılmasa, o, yayılacaq, o zaman Amerika əsgərləri də buna müdaxilə etməli olacaq..."

"Anjey Duda NATO-nun üzv ölkələrinə öz hərbi xərclərini ÜDM-in 3 faizinədək artırmağa çağırış edib..."

Rusiya artıq 2026-2027-ci illərdə NATO ilə müharibəyə başlaya bilər, ona görə də Şimali Atlantika Alyansı öz müdafiə xərclərini təcili olaraq artırmalıdır.

Bu barədə Polşa prezidenti Anjey Duda Amerikanın CNBC telekanalına müsahibəsində bəyan edib.

Alman tədqiqatlarına və fevral ayında Danimarka kəşfiyyatının hesabatına istinadən Duda əmin edib ki, Moskva iki-üç il ərzində Qərbin hərbi alyansına zərbə endirməyə hazırlaşır. Ona görə də Putin Rusiyanın hərbi iqtisadiyyata keçilməsi üçün öz səylərini ikiqat artırır.

"Həyəcanlı zənglər səslənməkdədir", - Duda bəyan edib və NATO üzvü olan ölkələrə öz hərbi xərclərini artırmaq çağırışını təkrarlayaraq bunu "sağlam düşüncə" adlandırıb.

"Bizim Avropanın təhlükəsizliyinin maksimal olaraq təmin edilməsi məqsədilə öz səylərimizi artırmaq, döyüş sursatları toplamaq və silah istehsal etmək üçün iki və ya üç ilimiz var. Yəni biz hazırlaşmalı və hərbi müdaxilənin baş verməməsi üçün hər şeyi etdiyimizə əmin olmalıyıq", - o, deyib..

"Bütün bunları davaya cəlb edilməməyimiz üçün etmək lazımdır. Bunun mənası odur ki, bizə hücum edilməyəcəyinə zəmanət verən çəkindirici amil yaradılsın. Bizim heç birimizin müharibə istəmədiyimizdən bunun bütün mənası bundan ibarətdir", - Ukrayna ilə ümumi quru sərhədi olan Polşa prezidenti əlavə edib.

Amerika telekanalı xatırladıb ki, Anjey Duda Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə başlamasından sonra ilk olaraq Kiyevə silah tədarükü edilməsinə çağırış edib.

Öz müsahibəsində Duda vurğulayıb ki, "Ukraynaya qurban verilən hər bir dollar Rusiyanın qələbəsinin qarşısını alır".

"Rusiyanın bu təcavüzü nəyin bahasına olursa-olsun dayandırılmalıdır. Əgər bu təcavüz dayandırılmasa, o, yayılacaq və mən qorxuram ki, Rusiyanı dayandırmaq üçün təkcə Amerika pulları yetərli olmayacaq. Amerika əsgərləri də müdaxilə etməli olacaq ki, bunu isə heç kim istəmir", - o, əlavə edib.

CNBC qeyd edir ki, Polşa 2023-cü ildə müdafiə xərclərini ümumdaxili məhsulun (ÜDM) az qala 4 faizinədək artırıb, hətta faiz hesabı ilə ABŞ-ı arxada qoyaraq öz hərbi potensialını xeyli möhkəmləndirib.

Ötən həftə Co Baydenlə görüşü zamanı Duda NATO-nun bütün üzvlərinə Alyansın bundan sonra müdafiə qabiliyyətinin möhkəmlənləndirilməsi üçün öz minimal hərbi xərclərini ÜDM-in 3 faizinədək artırmağa çağırış edib.

"Duda Polşa baş naziri Donald Tuskla birlikdə ABŞ-da səfərdə olub, bu da daxili məsələlərdə dərin ixtilafları olan siyasi opponentlər arasında nadir birliyin nümayişidir. Lakin bütün bunlara rəğmən, onlar Avropa təhlükəsizliyinin möhkəmləndirilməsinə çağırışda sıx birləşib", - CNBC qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.