Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?

4-05-2024, 19:38           
Sülh möhkəm olmalıdırsa...
Azərbaycan Prezidenti mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında delimitasiya prosesinə toxunub. Ölkə başçısı "Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər", - deyə bildirib.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Sherg.az"a açıqlamasında deyib ki, Prezidentin bu fikirlər çox dəqiq, vaxtında və ünvanına səslənib:
"İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan və Ermənistan ərazidən terrorçuların təmizlənməsi, hərbiçilərin mübadiləsinin həyata keçirilməsi, delimitasiya komissiyasının yaradılması və fəaliyyətə başlaması, Qazaxın 4 kəndi ilə bağlı razılaşma kimi prosesləri ikitərəfli qaydada vasitəçi olmadan həyata keçirib. Bu gün rəsmi Bakı və İrəvan öz iradələri ilə sülhə nail olmaq istəyirlər. Lakin bəzi qüvvələr Cənubi Qafqazda sülhə, sabitliyə mane olmağa çalışır. Düşünürəm ki, Prezident "alova yenidən odun atmaq istəyənlər" deyərkən Ermənistanı silahlandıran və onu revanşist siyasətə sövq edən qüvvələri nəzərdə tutub".

Analitik əlavə edib ki, bu gün Bakı və İrəvan arasında sülhə mane olan əsas amil Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamların olmasıdır.
"Hər dövlətin əsas qanunu konstitusiyadır. Ümumiyyətlə konstitusiya həmin ölkənin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə orada konstitusiya zidd məqamlar olarsa, saziş qüvvədən düşmüş hesab olunur. Əgər Ermənistan konstitusiyası dəyişikliyinə gedərsə, tərəflər arasında həll olunmağı gözləyən 2 məsələ qalır. Bunlar Zəngəzur dəhlizinin açılması ilə delimitasiya və demokrasiya prosesləridir. Hesab edirəm ki, rəsmi Bakı və İrəvan bütün məsələləri vasitəçi olmadan həll etməyə qadirdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.