Qahirədə Qəzzada atəşkəslə bağlı danışıqlar davam edir

6-05-2024, 10:44           
Qahirədə Qəzzada atəşkəslə bağlı danışıqlar davam edir
Fələstin rəsmiləri HƏMAS liderlərinin bazar günü Misir və Qətər vasitəçiləri ilə atəşkəs danışıqlarını ikinci gündür davam etdirdiyini, islamçı qrupun hər hansı razılaşmanın Qəzzada müharibəni dayandırması tələbini irəli sürməyə davam etdirdiyi vaxt heç bir irəliləyişin əldə olunmadığını bildiriblər.

Vasitəçilik səylərinə yaxın olan bir fələstinli rəsmi bildirib ki, HƏMAS nümayəndə heyəti Qahirəyə razılığa gəlmək əzmində gəlib, lakin “nəyin bahasına olursa olsun” şərti ilə deyil”.

“Razılaşmaya əsasən müharibəyə son qoyulmalı və İsrail qüvvələri Qəzzadan çıxarılmalıdır, İsrail hələ buna razı olduğunu öhdəsinə götürməyib” - deyə, adının çəkilməsini istəməyən rəsmi Reuters agentliyinə bildirib.

İsrail HƏMAS-ın saxladığı təxminən 130 girovdan ən azı bir qisminin azad edilməsi üçün razılaşma əldə etmək istəyir, lakin şənbə günü bir İsrail rəsmisi əsas mövqeyin dəyişmədiyini açıqlayaraq, İsrailin “heç bir şərt altında” HƏMAS-ı tamamilə tərksilah etmək və dağıtmaq məqsədi ilə aparılan müharibəni dayandırmaq üçün razılaşmaya razı olmayacağını bildirib.

Digər bir fələstinli rəsmi Reuters agentliyinə deyib ki, “işğalın (İsrailin) hərtərəfli atəşkəsdən imtina etməsi səbəbindən danışıqlar çətinliklərlə üzləşir”, lakin əlavə edib ki, HƏMAS nümayəndə heyəti vasitəçilərin İsrailə mövqeyini dəyişmək üçün təzyiq göstərə biləcəyi ümidi ilə hələ də Qahirədədir.

Danışıqların keçirildiyi vaxt sakinlər və səhiyyə rəsmiləri İsrail təyyarələri və tanklarının gecə boyu Fələstin ərazisinə zərbələr endirməkdə davam etdiyini, nəticədə çoxlu sayda insanın öldüyünü və yaralandığını bildiriblər.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin hesablamalarına görə 1200 nəfərin öldürüldüyü və 252 nəfərin girov götürüldüyü hücumundan sonra başlayıb.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu nəticəsində 34,6 mindən çox fələstinli ölüb, 77,000-dən çox insan yaralanıb. İsrailin bombardmanı sahilyanı ərazinin çox hissəsinin dağımasına və humanitar böhrana səbəb olub.

HƏMAS-ın siyasi ofisinin yerləşdiyi Qətər və Misir Qəzza zolağında ölənlərin sayının artması və Qəzzanın 2,3 milyon sakininin acınacaqlı durumu ilə bağlı beynəlxalq narahatlıqlar fonunda noyabrda ayında əldə edilmiş qısamüddətli atəşkəsin davam etdirilməsinə vasitəçilik etməyə çalışır.

Misir mənbələri əvvəlki sülh danışıqlarında da iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsun cümə günü Qahirəyə gəldiyini bildiriblər. Digər Qərb dövlətləri və İsrail kimi HƏMAS-ı terror qruplaşması kimi tanıyan Vaşinqton İsraili razılşmanın əldə edilməsinə çağırır.

Bir mənbənin bildirdiyinə görə, İsrail yüzlərlə fələstinli məhbusun azad edilməsi və bir neçə həftəlik atəşkəs müqabilində 20-33 girovun geri qaytarılmasını nəzərdə tutan şərtlərə ilkin razılıq verib.

Bununla da Qəzzada 100-ə yaxın girov qalır ki, İsrail onlardan bəzilərinin əsirlikdə öldüyünü bildirir. Adının açıqlanmamasını istəyən mənbə Reuters agentliyinə bildirib ki, onların geri qayıtması üçün əlavə razılaşma tələb oluna bilər.

Minlərlə israilli şənbə günü etiraz aksiyası keçirərək, baş nazir Benyamin Netanyahudan HƏMAS ilə qalan girovların evlərinə qaytaarılmasını nəzərdə tutan atəşkəs razılaşmasını qəbul etməyi tələb edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.