Srbazan nağılı və boşluğa doğru yürüş

8-05-2024, 10:24           
Srbazan nağılı və boşluğa doğru yürüş
İnsanlar “Qarabağ klanından” bezib, kilsə və Rusiyapərəst qüvvələr isə yeni gərginlik ocağı qalayırlar

Son günlər Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı aparılan proses uğurla davam edir. Paralel olaraq, Ermənistanda bu prosesə qarşı etiraz hərəkatı başlayıb.

"Biz bütün bu qanunsuz prosesin dayandırılmasını tələb edirik". Bunu Erməni Apostol Kilsəsinin (EAK) Tavuş yeparxiyasının baş keşişi, arxiyepiskop Baqrat Qalstanyan (Srbazan) Tavuş sərhədindən (Kirants kəndi) İrəvana doğru başlayan etiraz yürüşü zamanı jurnalistlərlə söhbətində deyib.

“Nəzəri cəhətdən, delimitasiya sülh müqaviləsi olmadan baş tuta bilməz. İkincisi, biz cəmi iki il bundan əvvəl dəfələrlə demişik ki, qanımızla qazandığımız Cermuk, Vardenis, Sünik işğal olunub. Onlar iki il əvvəl yaranan problemdən geri çəkilərək, ötən əsrin 90-cı illərinin məsələsini həll edirlər. Bu, bir tərəfdən xoş niyyətin təzahürü, xoş niyyət jestidirsə, digər tərəfdən bu yoxdur.

Müharibədən qaça biləcəyimizə nə təminat, nə də təminatçı var. Əgər təslim etsək - müharibədir, təslim etməsək - müharibədir”, - o deyib və əlavə edib ki, delimitasiyadan əvvəl “güc tətbiqi hədəsi ilə diktə edilən birtərəfli güzəştlər deyil, sülh müqaviləsi olmalıdır”.

Arxiyepiskopun sözlərinə görə, o, hələ Üçtərəfli Bəyanat imzalanan zaman Qazax kəndləri haqqında danışanda, “bunun alçaldılmanın son damlası olacağını” deyib. Amma bu arada məlum olub ki, “alçaldılma daha ​​da pis ola bilər”.

"Onlar xəritəsiz, sabit koordinatlar olmadan Tavuşu sökürlər - bütün landşaftı, mebelləri, kəndlilərin evlərini", - deyə keşiş şikayətlənib.

Ermənistanın Ombudsmanı olarkən qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Arman Tatoyan da çıxış edib.

“Sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitəsinin və onun üzvlərinin tabeliyi heç bir yerdə qeyd edilməyib. Komitənin iş reqlamenti yalnız təşkilati və prosedur qaydalarını nəzərdə tutur.

Tavuş bölgəsində elan edilən “delimitasiya” beynəlxalq tələblərin, insanların təhlükəsizliyi və insan haqlarının kobud şəkildə pozulmasıdır. Bu proses gizli saxlanılır və hüquqi mexanizmlərin nəzarətindən kənardadır.

Hökumətin özü etiraf edir ki, delimitasiya komissiyası haqqında heç əsasnamə layihəsi də yoxdur”, - deyə Arman Tatoyan bildirib.

Məlum olub ki, yürüşün özü erməni katolikosunun xeyir-duası ilə baş tutur.

“Müqəddəs Eçmiədzinin rəhbəri həmişə bizimlədir. Biz Müqəddəs Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik. Erməni patriarxı bizə xeyir-dua verən və rəhbərlik edən atamızdır”. Bunu EAK-ın “Vətən uğrunda Tavuş” hərəkatına qoşulub-qoşulmadığı ilə bağlı jurnalistlərin sualını cavablandıran arxiyepiskop Baqrat Qalstanyan deyib.

Yürüşdə “Demokratik Birlik” partiyasının lideri Suren Petrosyan, parlamentin üzvləri Qarnik Danielyan və Artur Sarkisyan da iştirak edirlər.

Arxiyepiskop Qalstanyan daha əvvəl bildirmişdi ki, yürüş iştirakçıları mayın 9-da günorta saatlarında İrəvana çatacaq və hakimiyyətə konkret tələblər təqdim edəcəklər. Onlar “birtərəfli güzəştlər siyasətinə” son qoyulmasını tələb edirlər.

Bütün bunlar nə ilə nəticələnə bilər? Hazırkı etiraz Ermənistan əhalisinin kütləvi narazılığına, xalqın əhəmiyyətli hissəsinin hakimiyyətlə açıq qarşıdurmasına səbəb ola bilərmi? Bunun arxasında hansısa xarici maraqlar dayana bilərmi?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-ın suallarını cavablandırıb.

“Ermənistanda beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Qazax rayonunun 4 kəndinin qaytarılması ətrafında etiraz aksiyaları başlayıb. Bu məsələ hakimiyyət uğrunda mübarizə aparanlar üçün son şans kimi qiymətləndirilir. Arxiyepiskop Baqrat Qalstanyan özünün də etiraf etdiyi kimi, katolikos II Qareginin tapşırıqlarını yerinə yetirir və eyni zamanda Robert Koçaryan ona katolikos olacağına söz verib. “Ermənistan” parlament fraksiyasının bir neçə deputatının da qoşulduğu bu azsaylı etiraz yürüşünün iştirakçıları heç nəyə nail ola bilməyəcəklər və bu, artıq indidən aydındır”, - o hesab edir.

İlham İsmayıl deyir ki, Erməni cəmiyyəti bu etirazların arxasında Koçaryan və Sarqisyan dayandığını çox gözəl anlayır və xalq Qarabağ klanının bu cəhdlərini dəstəkləmir.

“Parlamentin spikeri Alen Simonyan da mətbuata açıqlamasında bu etiraz yürüşünün məqsədinə çatmayacağını vurğulayıb. Mayın 9-da etiraz yürüşü İrəvana daxil olanda ona on minlərlə insanın qoşulacağı iddia edilir və bəzi erməni KİV-ləri bu istiqamətdə fəal şəkildə təbliğat aparırlar. Amma bu etiraz kütləvi xarakter almayacaq və ciddi qarşıdurmaya səbəb olmayacaq. Belə fikirlər var ki, bu etirazların arxasında Rusiya Federasiyası dayanır və bu aydındır. Çünki Ermənistanın keçmiş rəhbərləri həmişə Rusiya ilə bağlı olublar. Ancaq Rusiya 3 ildən artıqdır cəhd edir, amma Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmir. Hiss olunur ki, etirazçı kütlənin zəifliyini anlayan Rusiya onlara xüsusi dəstək vermək iqtidarında deyil.

Mayın 15-dək 4 kəndin Azərbaycana qaytarılacağı, paralel olaraq hər iki tərəfdən sərhəd qoşunlarının yeridiləcəyi və bu sahədə demarkasiya işlərinin başa çatdırılacağı real görünür”, - deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.