Avropa ölkələri Ukraynaya hərbi dəstəkdə önə çıxır – “ABŞ-nin bu siyasəti mənəviyyatsızlıq örnəyidir”
30-05-2024, 11:14

“ABŞ-nin lazımi liderlik göstərməməsi və ya göstərə bilməməsi fonunda Avropa ölkələrinin Ukrayna məsələsində aktivliyinin tədricən artması müşahidə olunur”.
“AzPolitika” xəbər verir ki, bu barədə siyasi şəhrçi Şahin Cəfərli bildirib.
Onun sözlərinə görə, İsveçin bu gün açıqladığı 1,3 milyard dollarlıq hərbi yardım paketində “ASC 890” təyyarəsi diqqəti cəlb edir: “İsveçin “Saab AB” şirkətinin istehsalı olan bu təyyarələr radiolokasion kəşfiyyat və döyüş idarəetməsi üçün nəzərdə tutulub. 450 km-ə qədər radiusda hava və dənizdəki obyektləri aşkarlamağa imkan verən “ASC 890” təyyarəsi “F-16”-lar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək”.
Ükspert xatırladır ki, Belçika isə Ukraynaya 30 ədəd “F-16” verəcəyini açıqlayıb. Onun sözlərinə görə, bununla Ukrayna Hava Qüvvələrinin ixtiyarında olan “F-16”-ların sayı 85-ə çatacaq.
“ABŞ-də 900-dən çox “F-16” olmasına baxmayaraq, hələ ki Ukraynaya 1 ədəd belə verməyib”, - o vurğulayıb.
Ş.Cəfərli deyir ki, gələn həftə Prezident Zelenskinin Fransaya səfəri zamanı Prezident Makron tərəfindən Ukraynaya təlimatçılar qismində hərbi kontingent göndərilməsi barədə qərarın elan olunacağ gözlənilir.
“Bayden administrasiyası isə milli təhlükəsizlik müşaviri Sallivanın müəyyənləşdirdiyi “eskalasiyanı yüksəltməmək” strategiyasına davam edərək hadisələrin arxasınca sürünür. Rusiyanın işğalçı hücumlarının və hərbi cinayətlərinin artaraq davam etdiyi bir məqamda mövcud ABŞ hökumətinin hələ də bu strategiyasına sadiq qalması amoral və gülüncdür. Haqlı və məzlum Ukraynaya lazımi səviyyədə yardım etməzkən hərbi cinayətlər törədən İsrailə dəstəyin davam etməsi də başqa bir mənəviyyatsızlıq örnəyidir” – deyə, o, bildirib.