Rusiyanın Afrikada artan təsiri... – Moskva “Afrika korpusu” yaratmaqla nəyə nail olmaq istəyir?

8-06-2024, 12:08           
Rusiyanın Afrikada artan təsiri... – Moskva “Afrika korpusu” yaratmaqla nəyə nail olmaq istəyir?
Rusiyanın baş diplomatı bu həftə Afrikanın Saharadan cənubda yerləşən Sahel bölgəsindəki bir neçə ölkəyə səfəri zamanı onlara kömək və hərbi yardım vəd edib, çünki Moskva qitənin narahat, minerallarla zəngin hissəsində təsirini artırmağa çalışır.

Rusiya, Fransa və ABŞ-ı sıxışdıraraq, bölgədəki hökumətlərin təhlükəsizlik tərəfdaşı kimi ortaya çıxır. Son illərdə bir neçə dəfə Afrikaya səfər edən Sergey Lavrov bu həftə Qvineya, Konqo Respublikası, Burkina Faso və Çadda olub.

“AzPolitika” xəbər verir ki, “Associated Press”(AP)-in məlumatına görə, Moskva özəl təhlükəsizlik şirkəti “Vaqner” və onun varisi olan “Afrika korpusu”ndan istifadə edərək, Afrika ölkələri ilə hərbi əməkdaşlığını fəal şəkildə genişləndirir. Rus muzdluları Afrika liderlərini qorumaqdan tutmuş dövlətlərə ekstremistlərlə mübarizədə kömək etməyə qədər müxtəlif funksiyaları yerinə yetirirlər.

Polşa Beynəlxalq Münasibətlər İnstitutu bu ay apardığı araşdırmada bildirib ki, “Afrika korpusu”nu yaradaraq, Rusiya Afrikadakı hərbi mövcudluğunu genişləndirmək üçün qətiyyətli bir mövqe nümayiş etdirib.

Moskva həmçinin, Ukrayna işğalı ilə bağlı Afrikanın 54 ölkəsinin bir çoxundan siyasi dəstək və ya ən azı neytrallıq istəyir. Afrika ölkələri Birləşmiş Millətlər Təşkilatında ən böyük səsvermə qrupudur və Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid edən Baş Assambleya qətnamələri ilə bağlı hər hansı digər qrupdan daha böyükdür.

ABŞ Müdafiə Nazirliyinin tərkibindəki akademik qurum olan Afrika Strateji Araşdırmalar Mərkəzinin mart hesabatında deyilir ki, Rusiya ilə əlaqəli təşkilatlar Afrika dövlətləri ilə Qərb arasındakı münasibətləri pozmaq üçün dezinformasiya yayırlar: “Moskva 22-dən çox ölkəni hədəf alan 80 sənədləşdirilmiş kampaniyaya sponsorluq edir”.

Afrika ölkələri ilə münasibət Rusiyaya niyə lazımdır?

Rusiya çevrilişdən əziyyət çəkən ölkələrdəki siyasi iğtişaşlardan və narazılıqdan, həmçinin müstəmləkəçi Fransaya qarşı əhalinin məyusluğundan və qəzəbindən istifadə edir. Hərbi çevrilişlər Fransa və Qərbin əlaltısı olan, dəhşətli yoxsulluq, işsizlik və digər çətinliklərlə mübarizə aparmaq üçün çox az iş görən hökumətlərin devrilməsinə səbəb oldu.

Rusiya siyasətə qarışmadan təhlükəsizlik yardımı təklif edir və Mali, Niger və Burkina Faso kimi son illərdə hakimiyyətə çevrilişlə ələ keçirə hərbiçilərin idarə etdiyi yerlərdə onu cəlbedici tərəfdaşa çevirir. Bunun müqabilində Moskva faydalı qazıntılara və digər müqavilələrə çıxış əldə etməyə çalışır.

2013-cü ildə Fransa Niger, Burkina Faso və Çada yayılan silahlılarla mübarizəyə kömək etmək üçün Malidə əməliyyata başladı. Əməliyyat doqquz il sonra başa çatdı, lakin münaqişə bitmədi və Qərbdən narazılığa səbəb oldu.

“Yeni Cənubi Siyasət Mərkəzi”nin baş əməkdaşı Rida Lyammouri AP-a deyib ki, Qərb Afrikadakı çevriliş liderlərinə müxtəlif məsələlərlə bağlı təzyiq göstərir, Rusiya isə daxili işlərə qarışmır.
Ətraflı

Afrika faydalı qazıntılar, neft və digər ehtiyatlarla zəngindir və bu, siyasi və hüquqi problemlər yaradır. Onun resursları cib telefonları kimi elektronikada istifadə olunan kobalt və ya batareyalarda istifadə olunan litium kimi iqtisadi və milli təhlükəsizlik üçün getdikcə mərkəzi rol oynayır.

Rusiya idarəetmənin məhdud olduğu ölkələrdə nəzarət etdiyi şirkətlər vasitəsilə mədən müqavilələri imzalayıb. Aİ parlamentinin araşdırması göstərdi ki, Rusiya Mərkəzi Afrika Respublikasında qızıl və almaz, Konqoda kobalt, Sudanda qızıl və neft, Madaqaskarda xromit, Zimbabvedə platin və almaz, Namibiyada uran əldə edib.

ABŞ-də yerləşən qeyri-kommersiya təşkilatı “Demokratiya 21 qrupu” ötən ilin dekabrında apardığı təhlildə bildirib ki, “Vaqner” və Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra təkcə Afrika qızıl ticarəti vasitəsilə təxminən 2,5 milyard dollar qazanıb.

Rusiya neft və mədən sektorunda Afrika ölkələrinin getdikcə daha çox tərəfdaşı olsa da, ümumi ticarət tərəfdaşı kimi çox geridə qalır. Məsələn, Beynəlxalq Valyuta Fondunun məlumatları göstərir ki, Afrika ixracının 1%-dən az hissəsi Rusiyanın, 33%-i isə Avropa İttifaqının payına düşür.

Afrikadakı “Vaqner” muzdluları ilə bağlı ilk xəbərlər 2017-ci ilin sonunda, bu qruplaşma qızıl hasilatı güzəştləri müqabilində o vaxtkı prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndərildiyi zaman ortaya çıxdı. “Vaqner”in varlığı tezliklə digər Afrika ölkələrinə də yayıldı.

2018-ci ildə rus podratçılar Liviyanın şərqində yaraqlılarla mübarizə aparan komandir Xəlifə Haftarı dəstəkləmək üçün ortaya çıxdı. Onlar həmçinin, Haftara bir il sonra Tripolini ələ keçirmək cəhdində (uğursuz alınıb-red.) də kömək ediblər.

Mərkəzi Afrika Respublikasında rus muzdluları 2018-ci ildən təhlükəsizliyi təmin edir və bunun müqabilində ölkənin bəzi qızıl və almaz mədənlərinə giriş əldə edib.

2020 və 2021-ci illərdə Malidə, 2022-ci ildə Burkina Fasoda və 2023-cü ildə Nigerdə baş verən dövlət çevrilişləri nəticəsində Qərbin müstəmləkəçi siyasətinə etiraz edən qüvvələr hakimiyyətə gəldi. Üçü də bu ölkələri uzun illərdir talayan fransızların və digər Qərb qüvvələrininçıxmasını tələb etdi və bunun üçün Rusiyadan hərbi dəstək istədi.

Bu ilin əvvəlində Niger də ABŞ nümayəndə heyəti ilə görüş uğursuz başa çatdıqdan sonra ABŞ-yə qoşunlarını geri çəkməyi, Aqadesdəki böyük hərbi və casus bazasını bağlamağı tələb etdi. Eyni zamanda ABŞ-nin Afrikanın Sahel bölgəsində üsyanlara qrşı əməliyyatlarını dayandırdı. Bir neçə həftə sonra rusiyalı təlimçilər yeni müdafiə avadanlıqları ilə Nigerə gəldilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru