Özəl təqaüd fondları - Sadəcə, təəssüf ki, dediklərimizi gec və yarımçıq edirlər.
12-12-2024, 10:14
Google dən soruşsaz sizə deyər ki, özəl təqaüd fondlarının vacibliyi ilə bağlı REAL adından mən 2011-ci ildən bəri dəfələrlə danışmışam. Hökumət, nəhayət ki, bu məsələnin həlli ilə bağlı yeni qanunvericilik bazasının yaradılmasına qərar verdi, hələ detalları tam açıqlamayıblar, amma belə bir qərar müsbət addım olacaq, sadəcə, təəssüf ki, dediklərimizi gec və yarımçıq edirlər.
Hələ ki, qaydalar təsdiq edilməyib, ona görə də, yeni qaydalarda mütləq olmalı məsələləri qeyd edək ki, bəlkə nəzərə alarlar. Çünki, pis bir praktika var - çox zaman qanun-qaydaları qəbul edirlər, gedişatda problemlər çıxır, sonradan dəyişməyə çalışırlar. İndi imkan var ki, əvvəlcədən düşünülmüş qaydalar təsdiq edilsin:
1) Yeni qanunda mütləq vətəndaşın DSMF-də olan yığımını istədiyi halda və tam şəkildə özəl təqaüd fonduna köçürmək imkanı olmalıdır,
2) Vətəndaşların fərdi müqavilə və ödəniş həcmini özəl fondlarla razılaşdırmaq hüququ olmalıdır,
3) Vətəndaşın DSMF və özəl fondlarda toplanan vəsaitinə sərəncam hüququ olmalıdır – o vəsaiti vərəsəliklə derv edə, müəyyən hissəsini özü xərcləyə, bir sözlə müqavilə şərtlərinə uyğun davranma hüququ təsbit edilməlidir,
4) Özəl təqaüd fondlarının vəsaiti Dövlət tərəfindən tam sığortalanmalıdır ki, özəl fondlarla bağlı problem yarananda vətəndaşlar öz vəsaitini tam qoruya bilsin,
5) DSMF və özəl təqaüd fondları topladığı, vətəndaşın fərdi hesabında olan vəsait üçün hər il sonunda, ən azı, inflyasiya səviyyəsi qədər indekləşmə ödəməlidir,
6) Özəl təqaüd fondlarının iqtisadiyyata o zaman böyük dəstəyi olur ki, onlar investora çevrilib risksiz (ya da minimum riskli) sahələrə yatırımlar etməlidir. Bunun üçün isə ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, indiki vəziyyət aradan qaldırılmalı, rəqabətli mühit formalaşmalıdır,
7) Özəl təqaüd fondları yatırımdan qazandıqları vəsaitin bir hissəsini öz üzvlərinə pay kimi il sonu ödəməlidir.
Hələlik bunları qanuna salsalar, qabul edilmiş yeni qaydaların hər kəsə, o cümlədən məmləkətə müsbət təsiri ola bilər.
Natig Cəfərli
TEREF