Kremldən Bakıya yeni şifrəli mesaj “Rus NATO”suna girsəniz..
8-10-2016, 10:07
Təcavüzkara ucuz silah, Azərbaycana ucuz təsəlli?; Putinin müşaviri Azərbaycanı KTMT-yə səslədi; Bakının mövqeyi isə bəlli - “Öncə ərazilər!..”; eyni gündə Rusiya prezidenti Ermənistanla ortaq hava hücumundan müdafiə sistemi haqda sənədi təsdiq üçün Dumaya göndərdi - təsadüf?..
Bakı-Moskva münasibətləri yenə həssas bir dönəmdən keçməkdədir. Bunun birinci səbəbi aprel döyüşlərindən sonra Qarabağ məsələsində Rusiyanın vasitəçiliyinə olan ümidlərin növbəti dəfə qırılmasıdırsa, digəri Kremlin öz forpostuna “İsgəndər” tipli müasir döyüş sistemləri verməsinin üzə çıxmasıdır.
Beləcə, bu il, nəhayət, Qarabağ nizamlanmasında ciddi dönüş olacağı haqda ən nikbin proqnozlar da fiasko olmaqdadır. Bu cür proqnozlardan biri də Rusiyadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, prezident Putinin səlahiyyətli şəxslərindən biri, Rusiya prezidenti yanında İctimai Şuranın üzvü, politoloq Sergey Markova məxsus idi. Markov təxminlərinin doğrulmadığını artıq etiraf edib - özü də Bakıda.
“Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi. Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il ”Kazan formulu" əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı. Hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu lazımdır. Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, istənilən vaxt yenidən alovlana bilər. Ona görə də biz münaqişənin həlli istiqamətində səylərimizi artırmalıyıq". Bu fikri o, dünən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil etdiyi beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib. Markov İrəvana “İsgəndər” operativ-taktiki raket komplekslərinin verilməsindən də danışıb və əfsus ki, buna bəraət qazandırıb.
Politoloqun sözlərinə görə, Rusiya müxtəlif dövlətlər, o cümlədən münaqişədə olan ölkələrlə hərbi-texniki münasibətlər qurub. Daha sonra o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO”su) üzvü olduğunu xatırladaraq deyib: “Biz Azərbaycanı da bu təşkilatla yaxından əməkdaşlıq etməyə dəvət edirik. Rusiyada güclü erməni lobbisi var. Biz silah satmasaq, ABŞ satacaq. O zaman Azərbaycan və Ermənistan da itirəcək, çünki eyni silahları iki dəfə baha almalı olacaq (Hərçənd Ermənistanın bahalı silahlar almağa imkanlı yoxdur - red.)”.
***
Beləcə, Putinin müşaviri Qarabağ danışıqlarının növbəti dəfə iflas olması fonunda, faktiki şəkildə, Bakıya Bakıdan şifrəli mesaj ünvanlayıb. “Azərbaycanı da bu təşkilatla (”Rus NATO"su ilə-red.) yaxından əməkdaşlıq etməyə dəvət edirik" açıqlamasının ayrı anlamı yoxdur.
Ancaq Bakının KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və digər bu kimi “Putin projeləri”nə qoşulmaqla bağlı mövqeyi çoxdan bəllidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azı iki dəfə Rusiya mediasına müsahibəsində bildirib ki, əgər işğal altındakı ərazilərimizin boşaldılmasına başlanılarsa, Azərbaycan Ermənistanla birgə adə çəkilən qurumlarda təmsilçilik məsələsinə baxa bilər. Bundan aydın mesaj?
Bu üzdən top Azərbaycanın yox, Rusiyanın tərəfindədir. Əfsus ki, Rusiyanın aprel döyüşlərindən sonra Qarabağ məsələsində özünü göstərən diplomatik fəallığı, “Kazan formulu” ilə bağlı xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərləri lazımi nəticəni vermədi, çünki davamı gəlmədi. Danışıqlar prosesi faktiki surətdə yenidən donduruldu.
Belə vəziyyətdə Bakının birtərəfli qaydada, qeyd-şərtsiz “Rus NATO”suna maraq göstərməsi, Putinin müşavirinin dediyi kimi, onunla “yaxından əməkdaşlıq eləməsi” qeyri-mümkündür. Bu, müstəsna olaraq Kremlin və İrəvanın maraqlarına işləyər, yalnız onlara divident gətirərdi, işğal rejiminə isə haqq qazandırmaq anlamı verərdi. Azərbaycan buna heç vaxt getməz. Öncə Qarabağ, torpaqlar...
* * *
Diqqətçəkicidir ki, Bakıda Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı beynəlxalq konfransın keçirildiyi gün, yəni dünən Rusiya prezidenti Vladimir Putin Ermənistanla vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı razılaşmanı ratifikasiya üçün Dumaya təqdim edib. Bu barədə informasiyanı Rusiya Dumasının mətbuat xidməti yayıb. Dünən həm də Putinin ad günü idi və ona Bakıdan, azərbaycanlı həmkarı İlham Əliyevdən təbrik zəngi gəlmişdi...
Yada salaq ki, tərəflər arasında bu müqavilə 23 dekabr 2015-ci ildə Moskvada imzalanıb. İyun ayında Ermənistan parlamenti vahid sistemin yaradılması haqda müqaviləni təsdiq edib. Bu müqavilənin qüvvəyə minməsi ilə Rusiya işğalçı Ermənistanın təhlükəsizliyinə daha bir qarant vermiş olur. İşğalçı ölkə isə özünə ən böyük təhlükəni haqlı olaraq, Azərbaycandan gözləyir - Qarabağa görə...
Yeri gəlmişkən, yenə məhz dünən Ermənistanda Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birgə taktiki təlimləri başlayıb. Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verib. Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi təlimlər qoşunların birləşmiş qruplaşmalarının komandanı, erməni general Andranik Makaryanın ümumi rəhbərliyi altında keçirilir.
Bundan başqa, Azərbaycanın işğal altındakı ərazilərində də neçə gündür təlimlər gedir - hansına ki, ATƏT-in Minsk Qrupunu 3 həmsədrindən biri kimi Rusiya da heç bir etiraz bildirməyib. Doğrudur, Rusiya Azərbaycan da silah verir. Ancaq dünya qiymətinə. Yəni bundan ən əvvəl özü yaxşı maliyyə əldə edir. Eyni zamanda bölgədə bu yolla guya hərbi balansı qorumağa çalışır - ki, Qarabağ münaqişənə həlledici təsir imkanları əlindən çıxmasın. Nə vaxta kimi?
Siyasət şöbəsi